Azərbaycanın kosmik fəaliyyəti, «Banklar haqqında» Qanuna dəyişiklik edilməsinin təxirə salınması, bağlanan bankların müştərilərinin şikayətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Kredit faizlərinə limit qoyulması təxirə salınıb»
Moderator.az saytında «Kredit faizlərinə limit qoyulması məsələsi niyə təxirə salındı?» sualı gündəmə daşınıb.
Yazıda bildirilir ki, «Banklar haqqında» Qanuna kredit müqavilələri üzrə faiz dərəcələrinin yuxarı həddini və komisyon haqlarını Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etməsinə dair bir maddə salınması nəzərdə tutulurdu. Müəllifin qeyd etməsinə görə, bu məsələ Milli Məclisin gündəliyinə salınsa da, sonradan gündəlikdən çıxarılıb.
Deputat Əli Məsimli bu məsələ ilə bağlı sayta bunları deyib: «Bank faiz dərəcələri mahiyyət etibarilə soyğunçu xarakter daşıyır və sosial-iqtisadi inkişafımızı ləngidən problemlər sırasındadır».
Deputatın fikrincə, faiz dərəcələrinin ifrat dərəcədə yüksək olması, bank sisteminin fəaliyyətinin əhəmiyyətini aşağı salır, kreditlərin əlçatanlığını və vaxtında qaytarılmasını problemə çevirir.
Ə.Məsimli qeyd edib ki, bununla banklarla iqtisadiyyatın real sektoru arasında uçurum yaranır: «Bu ziyanlardan qurtulmaqdan ötrü faiz dərəcələrinin aşağı salınması məsələsi mütləq həll olunmalıdır. Bu problemin uğurlu həlli həm əhalinin durumuna, alıcılıq qabiliyyətinə, həm iqtisadi fəallığa, sahibkarlığın inkişafına və deməli, həm də qeyri-neft sektorunun geniş miqyaslarda qalxmasına güclü təkan verər».
Nəzərdə tutulan maddənin parlamentin gündəliyindən çıxarılmasını Ə.Məsimli Palatanın, Mərkəzi Bankın və başqa aidiyyəti qurumların bu məsələdə ortaq məxrəcə gələ bilməmələrinin nəticəsi sayır.
Deputat deyib ki, kredit faizlərinə inzibatı yolla limit qoyulması müəyyən zaman kəsiyində qismən işləyə bilər, amma faiz məsələsini təkcə inzibatı yolla həll etmək olmaz.
Bağlanan bankın müştəriləri...
«Yeni Müsavat» qəzetində «Bağlanan bankların müştəriləri kompensasiya barədə məlumat ala bilmir» sərlövhəli yazı oxumaq olar.
Yazıda qeyd edilməsinə görə, son günlər xeyli sayda fiziki şəxs Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) internet portalında vətəndaşlara düşəcək kompensasiya məbləğinə dair lazımı məlumatlar əldə edə bilmədiklərindən gileylənirlər.
Müəllif yazıb ki, bu şəxslər əsasən bağlanan bankların müştəriləridir və bu sırada «Dəmirbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) müştəriləri çoxluq təşkil edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bu məsələdə şikayətlərin çoxluğunu təsdiqləyir, amma narahatlıq görmür: «Dəqiqləşdirmə problemi bəzi banklarda olan məlumatlarla Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsindən yaranıb. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də yaradılan Palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər».
Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənova görə isə, burada başqa bir məqam da var: «Necə deyərlər, Allah heç kəsi sahibsiz etməsin. Bağlanan bankların müştərisi olmuş fiziki şəxslər məhz yiyəsiz olduqlarına görə Palatanın məlumat bazasında özünə dair məlumatları tapa bilmirlər... Bağlanan banklarla bağlı məlumatları ləğvedici, yəni Əmanətlərin Sığortalanması Fondu hazırlayıb təqdim etməlidir».
Ekspert iddia edir ki, əgər ləğvedicilik Fonda yox, kreditorların seçdiyi ləğvediciyə həvalə olunsaydı, indi vətəndaşlar belə vəziyyətlə düşməzdilər
Müəllif qeyd edib ki, Palatanın İctimaiyyətlə əlaqələr şöbəsi isə aprelin 15-nə kimi bütün bu sualların cavabını tapacağını bildiriblər.
Son illər Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu banklarda yalnız qorunan əmanətlər qaytarılmaqdadır.
«Kosmosdan baxış»
«Azərbaycan» qəzetində «Azərbaycan dünyaya həm də kosmosdan baxır» sərlövhəli yazı dərc edilib.
Müəllif əvvəlcə «Azərkosmos» ASC-nin yerləşdiyi ərazi, bu ərazidəki tikililərin mahiyyəti, ərazinin mühafizə sistemi və başqa məsələlər barədə məlumat verir.
Yazıda qeyd edildiyinə görə, «Azərkosmos»un sədr müavini Dunay Bədirxanov deyib ki, Azərbaycan dünyada 3 peykə sahib olan azsaylı ölkələrdən biridir.
Müəllif vurğulayıb ki, «Azərkosmos»un idarəçiliyində olan ilk milli «Azerspace-1» telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransız Qvianasında yerləşən Kuru kosmodromundan «Ariane-5» daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Yazıda habelə qeyd edildiyinə görə, «Azerspace-1» peyki indi Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir.
Müəllif habelə, yazıda növbəti peyklər haqqında da məlumatlar verir.
Yazıda vurğulanıb ki, son 6 il ərzində orbitə 3 peyk çıxaran Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və ölkənin bayrağı ən yüksək zirvələri fəth edir. Müəllif sonda da yazıb: «Bir sözlə, «Azərkosmos» beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıq qurur ki, bu da, öz növbəsində, müstəqil Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir».