Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:03

'Hesabatda mənimsəmə faktlarının 'nöqsan' olaraq göstərilməsi...'-Media icmalı


Milli Məclis
Milli Məclis

Kitab oxucularının azalmasının səbəbləri, Hesablama Palatasının hesabatı ətrafında müzakirələr, Azərbaycanda orta ömür və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Hesablama Palatasının hesabatı ətrafında müzakirələr

«Yeni Müsavat» qəzetində «Parlamentdə məmurlara sərt cəza çağırışları» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, aprelin 9-da Milli Məclisin növbəti iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim edib. Yazıda vurğulandığına görə, o qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibat uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib. V.Gülməmmədov deyib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: «Son 5 ildə 69.5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2.6 milyon manat isə sosial müdafiə fonduna qaytarılıb. Ümumilikdə isə 72.1 milyon manat ziyan bərpa edilib».

Müəllif yazıb ki, çıxışlar zamanı deputat Fəzail Ağamalı xüsusilə talanmış büdcə vəsaitlərinə diqqət çəkib: «Necə edək ki, büdcədən maliyyələşən qurumların büdcə vəsaitinin dağıdılmasına imkan verilməsin? Hələ də bu məntiqi başa düşə bilmirəm ki, ayrı-ayrı qurumların mənimsədiyi pullar hər il Palatanın illik hesabatında göstərilir, lakin bu ənənəyə son qoyulmur...».

Yazıda vurğulandığına görə, deputat Fazil Mustafa hesabatda mənimsəmə faktlarının «nöqsan» olaraq göstərildiyini qeyd edərək buna etiraz edib: «Bu ifadələr uşaq bağçasında, orta məktəblərdə işlədilir. Dövlət büdcəsindən vəsait mənimsənilirsə, bu, artıq nöqsan deyil, cinayətdir. Belə yumşaq adlardan imtina etməyi bacarmalıyıq».

Müəllifin qeyd etməsinə görə, 76 tender fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyinə toxunan F.Mustafa bildirib ki, hansısa tenderin nəticəsinin ləğv olunması barədə məlumat yoxdur.

Yazıda bildirilir ki, müzakirələrdən sonra Palatanın hesabatı 95 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib.

Pensionerlər. 2009
Pensionerlər. 2009

«Azərbaycanlıların orta ömür uzunluğu 75.8 yaşadək artıb»

Modern.az saytında «10 milyonuncu sakini müəyyənləşdirmək üçün operativ qərargah yaratmışdıq» sərlövhəli müsahibə təqdim edilir.

Sayt Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimovla söhbətə yer ayırıb. «Aprel ayının 6-da ölkəmizin 10 milyonuncu sakini doğuldu. Bu, hamını sevindirən tarixi hadisədir. Qeyd edim ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin apardığı cari uçot məlumatları əsasında əldə olunur», - sədr müavini söhbətin əvvəlində qeyd edib.

O, demoqrafik artımı şərtləndirən amillərdən danışarkən isə bunları qeyd edib: «Qonşu ölkələrdə doğumun səviyyəsi aşağıdır. Bizdə həyata keçirilən dövlət islahatları, müxtəlif strategiyaların inkişafı və digər məsələlər əhalinin artım dinamikasının stabil qalması amillərini şərtləndirir. İlkin olaraq sosial-iqtisadi vəziyyətin, səhiyyənin inkişafı qeyd edilməlidir. Son 9 ildə 45 yeni xəstəxana, 85 ambulator poliklinika müəssisəsi istifadəyə verilib, yüzlərlə xəstəxana, poliklinika əsaslı təmir olunub, ümumi sahəsi 19 milyon kvadratmetr olan yaşayış evləri istifadəyə verilib, o cümlədən sosial mənzillərin tikilməsi davam etdirilir...».

DSK-nın sədr müavini Azərbaycandakı orta ömürdən də danışıb. «Orta ömür uzunluğunda da artım tendensiyası müşahidə edilir. Azərbaycanlıların orta ömür uzunluğu 73.6 yaşdan 75.8 yaşadək artıb», - deyə o iddia edib.

Oxucu
Oxucu

«İmkanı yaxşı olanlar kitabdan uzaq durur»

«Azərbaycan» qəzetində «Niyə kitab oxumuruq?» sualına cavab axtarılıb.

Yazının girişində müəllif mövzuya aid daha bir sualı gündəmə daşıyır: «Günahkar kimdir: kitabı satılmayan yazıçı, çap xərcini çıxara bilməyən nəşriyyat, yoxsa tənbəlləşən oxucu?».

Müəllif qoyulan suallara «Hədəf nəşrləri»nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqlə cavab axtarmağa çalışıb.

Ş.Sadiq deyib ki, uzun illərdir cəmiyyətin mütaliə qabiliyyətinin aşağı düşməsi, oxucu sayının az olması ilə bağlı şikayətlər edilir. Onun fikrincə, kitab alıcılarının sayının az olmasını əhalinin maddi rifahı ilə əlaqələndirmək düzgün deyil: «Mən problemi qətiyyən maddiyyatla əlaqələndirməzdim. Sadəcə olaraq, hələ də keçid dövrünün təsirini yaşayırıq. Əmin olun ki, kitab alanların əksəriyyəti daha çox orta və kasıb təbəqənin nümayəndələridir. İmkanı yaxşı olanlar kitabdan uzaq durur sanki. Kitab bir qidadır, ehtiyac hiss edən alır, etməyən yox! Ya da bu qidanın dadını bilənlər alır, bilməyənlər yox! Bununla belə, əlbəttə, ölkəmizdə kitab oxuyan zümrənin sayı qaneedici deyil. Azərbaycan oxucusu, demək olar ki, yoxdur!».

Onun deməsinə görə, indi əsas oxucu yazıçıların dost-tanışı, qohum-əqrəbasıdır: «Bir naşir olaraq biz populyar nəşrlərə üstünlük vermədiyimizdən ümumilikdə kitabın alış səviyyəsi, yəni əhalinin alıcılıq qabiliyyəti bizi qane etmir. Əgər 10 milyon əhalisi olan ölkədə nəşriyyat bir kitabı 1000 tiraj sata bilirsə, onu «bestseller» hesab edir. Bu isə acınacaqlı durumdur. Bu baxımdan kitabın təbliğinə ciddi ehtiyac var. Son bir neçə ildə paytaxtda kitab mağazalarının sayı artıb, ümid edirəm ki, bu, zamanla oxucu sayının da artımına təsir edəcək».

XS
SM
MD
LG