Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:48

'Martda evdə qaz limitim bitib'-Media icmalı


Qaz sayğacı
Qaz sayğacı

Sosial tədbirlər, kartofun ixracına tətbiq edilən rüsuma etirazlar, əhaliyə verilən qaza, elektrikə qoyulan limitə yenidən baxılması ətrafında təkliflər və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Qaz və işıq limitinə yenidən baxılsın- təklif

Modern.az saytında «Qaz və işığın limitinə yenidən baxılsın – deputat» sərlövhəli yazı oxumaq olar.

Yazıda elektrik və qazın qiyməti Milli Məclisin deputatı Vahid Əhmədovla müzakirə edilib.

Müəllif yazıb ki, 2019-cu ilin hələlik üç ayı geridə qalıb, amma bir çox abonentlər qaza tətbiq olunan 1700 kubmetrlik limiti bitirib və sosial şəbəkələrdə aparılan müzakirələrdən bunu aydın görmək mümkündür.

«Mart ayında evdə qaz limitim bitib, absurddur. 3 aya 170 manatlıq qaz necə yana bilər? Hələ qarşıda 2019-cu ilin oktyabr-noyabr-dekabr ayları var. Belə çıxır ki, o aylarda mən 350 manatlıq qaz yandırmalıyam. Üstəgəl, aprel-sentyabra qədər işlədəcəyim qaz. Bu da ikiqat qiymətə hesablanacaq. 300 manat da bu edəcək. Belə çıxır mən qaza görə ildə 800 manatdan çox pul ödəməliyəm?», - jurnalist Xaqani Səfəroğlu belə sual edib.

Deputat Vahid Əhmədov da sayta bildirib ki, qaz və işıq limiti ilə bağlı davamlı şikayətlər alır: «Əhali şikayət edir ki, ödəniş edə bilmirlər, borc həddindən çox yığılır və ən çox şikayət edənlər isə pensiyaçılardır. Hesab edirəm ki, məsələyə baxılmalı və qərar verilməlidir».

Son vaxtlar prezidentin əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə kompleks addımlar atdığını deyən deputat ümid edir ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq: «Bizi əsasən narahat edən pensiyaçılar və aztəminatlı ailələr, sosial vəziyyəti pis olanlardır. Biz demirik, hamının limitini artıraq…».

Kartof
Kartof

Cəlilabad fermerlərinin etirazı...

«Yeni Müsavat» qəzetində «Nicat Kərimli: Şərqi Avropa, İran və Türkiyədə kartof-soğanla bağlı ciddi böhran yaranıb» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda bildirilir ki, aprelin 8-də Cəlilabad rayonunda fermerlərin kartof ixracına tətbiq olunan rüsuma (Bu il aprelin 30-na kimi 1kq kartofa 1 dollar-A.R) etirazları ictimai müzakirəyə səbəb olub.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli qəzetə deyib ki, regionlarda kartof əkən fermerlərin bu cür reaksiyası başadüşüləndir: «Bizdə faraş kartof Rusiyaya nisbətən 25 gün tez yetişdiyinə görə məhsulu əlverişli qiymətə ixrac edir, xeyli gəlir əldə edirdilər. Ölkədə il ərzində istehsal olunan 1 milyon ton kartofun tən yarısı yazlıq sortlar olduğu üçün bu sahə bizim fermerlər üçün gəlir baxımından əlverişli idi. Hətta fermerlər çox qısa bir zamanda bu yazlıq sortları əkib satır, sonra yenidən təkrar əkin həyata keçirirdilər».

Ekspertin sözlərinə görə, indi təkcə Azərbaycanda yox, Şərqi Avropada, İran və Türkiyədə kartof-soğanla bağlı ciddi böhran yaranıb, ixrac rüsumunun tətbiqi vacib idi: «Çox məntiqli olaraq Nazirlər Kabineti bazara belə bir müdaxilə alətini ortaya qoyub. İlk növbədə qəbul etmək lazımdır ki, burada dövlət siyasəti var. 10 milyonluq xalqın qida təhlükəsizliyindən söhbət gedir. Son günlərdə həm kartofun, həm də soğanın qiyməti elə həddə çatıb ki, əhalinin sosial təhlükəsizliyi təhlükə altına düşüb».

N.Nəsirli deyib ki, əhalinin azgəlirli hissəsi bu gün heç də az deyil: «Azərbaycanda yazlıq kartofda kütləvi yetişmə dövrü may ayının birinci ongünlüyündən başlayır və axıra qədər davam edir. Artıq may ayının 1-dən hər bir fermer öz məhsulunu xarici bazara çıxara bilər».

İ.Əliyev Sumqayıtda
İ.Əliyev Sumqayıtda

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması

«Azərbaycan» qəzetində «İqtisadi islahatların sosial hədəfi - əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, son dövrlər aparılan iqtisadi islahatlar əsasən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib. Yazıda qeyd edildiyinə görə, davamlı olaraq pensiya, təqaüd və sosial müavinətlərin artırılması bunun göstəricisidir: «Dövlət başçısının təşəbbüsü ilə minimum əmək pensiyasının artırılması üçün qəbul olunan qanun da əhalinin sosial müdafiəsinin yaxşılaşmasına xidmət edir. Həmin qanuna əsasən, əmək pensiyasının minimum məbləği martın 1-dən 38.5 faiz artırılaraq 116, bir sıra kateqoriyalar üzrə isə 80 manatdan 160 manata çatdırılmışdır. Minimum pensiya məbləğinin artırılması 223 min pensiyaçını, o cümlədən 140 min əlilliyə görə pensiya alan şəxsi əhatə edir. Həmin kateqoriyadan olanların 9 min nəfərinin pensiyasında 93 (yəni 75 manat), 26 min nəfərin pensiyasında 30 (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) artım olmuşdur».

Müəllif sonra da əhalinin sosial müdafiəsi istiqamətində imzalanan bir sıra başqa sənədlərdən bəhs edir. Yazının sonunda isə oxuyuruq: «Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin «Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi durur» siyasəti ardıcıl tədbirlərlə özünün təsdiqini tapır».

XS
SM
MD
LG