Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Facebook, Google təzyiq altında – Qərb mediası


Karikatura
Karikatura

Avropada Facebook Google kimi texnologiya nəhənglərinə təzyiq artır. Ölkələr onların terrorçu təbliğatı, uşaq pornoqrafiyası kimi kontenti bloklaması üçün daha sərt qaydalar təklif edir.

“The Associated Press” agentliyi yazır ki, Britaniya sosial mediaya nəzarət qurumu yaratmağa çağırır. İlk dəfə yaradılacaq bu qurum şirkət rəhbərlərini cərimələyə, yaxud özlərini qadağan edə bilər.

Avropa Birliyinin parlament komitəsinin təsdiqlədiyi qanun layihəsi isə internet şirkətlərinin terrorçuluqla bağlı materialı silməsi üçün bir saat vaxt qoyur, əks halda onların üzləşəcəyi cərimə milyardlarla ölçülə bilər.

“Bu şirkətləri öz hərəkətlərini birdəfəlik təmizləməyə məcbur edirik”, – Britaniyanın Daxili işlər naziri Sajid Javid bildirib.

Opponentlər isə xəbərdarlıq edirlər ki, Britaniya və AB-nin atdığı addımlar innovasiyanı boğa, texnologiya nəhənglərinin dominantlığını gücləndirə bilər. Çünki daha kiçik şirkətlərin bu qaydalara əməl etməyə pulu olmayacaq. Üstəlik, onların mövqeyincə, Google və Facebook veb senzorlarına çevrilə bilərlər.

Google şirkətinin qərargahı
Google şirkətinin qərargahı

İllik dövriyyənin 4 faizinədək cərimə

Böyük şirkətlərin kontentə görə məsuliyyət daşıması məsələsi Yeni Zelandiyada məscidlərə hücumlarda 50 nəfərin öldürülməsindən sonra daha qızğınlıqla müzakirə olunmağa başlanıb. Martın 15-də törədilmiş hücum 17 dəqiqə ərzində internetdə canlı yayımlanıb. Facebook bildirir ki, hadisədən sonrakı 24 saat ərzində hücumlarla əlaqəli 1,5 milyon videonu silib.

Britaniyanın planı Facebook və Twitter kimi sosial media şirkətlərindən istifadəçiləri “ziyanlı kontent”dən qorumağı tələb edir. “Bunu əvvəl heç vaxt etməyib və bunu yoluna qoymağımız vacibdir”, – Mədəniyyət naziri Jeremy Wright BBC-yə deyib.

Facebook-un Britaniyada ictimai siyasət rəhbəri Rebecca Stimson-un fikrincə, yeni qaydalar həm cəmiyyəti qorumalıdır, həm də innovasiya və söz azadlığını dəstəkləməlidir.

Britaniya AB-nin onlayn datanın gizlilik qanununa uyğun maliyyə cərimələri qoymağı nəzərdən keçirəcək. Bu qanun şirkətin illik dövriyyəsinin 4 faizi həcmində cəriməyə imkan verir, Wright deyib. Bəzi hallarda hökumət şirkət direktorlarını cərimələməyi, şirkətlərin Britaniyada fəaliyyətini əngəlləməyi də nəzərdən keçirə bilər.

Theresa May
Theresa May

Baş nazir Theresa May isə texnologiya şirkətlərinə xəbərdarlıq edib.

Uzun müddətdir bu şirkətlər istifadəçiləri, özəlliklə uşaqları və gəncləri ziyanlı kontentdən qorumaqdan ötrü yetərincə çalışmırlar”, – o, bəyanatında deyib.

Yeni qaydaları alqışlayanlar az deyil. Uşaqlara qarşı Qəddarlığın Önlənməsi üzrə Milli Cəmiyyətin rəhbəri Peter Wanless deyir ki, “uzun zaman sosial şəbəkələr uşaqların təhlükəsizliyini önə çəkməyib, onları sui-istifadəyə, zərərli kontentə məruz qoyub”.

“Onların uşaqları qorumaqdan ötrü hüquq çərçivəsində hərəkətə keçməyə məcbur edilməsi, əks halda nəhəng cərimələr ödəməsinin vaxtı çoxdan çatıb”, – o, sözlərinə əlavə edib.

Sudan ordusu etirazçıları müdafiə edir

Sudanda əsgərlər Prezident Omar al-Bashir-in istefasını tələb edən nümayişçiləri qorumağa çalışıb. Şahidlər və fəallar bunun təhlükəsizlik qüvvələri etirazçıları dağıtmağa çalışanda baş verdiyini deyir.

Üç aydır davam edən etirazlarda ilk dəfə olaraq tanınmış müxalifət liderləri də Xartumda müdafiə nazirliyi qarşısına yığışmış etirazçılara qoşulub. Bashir-in rezidensiyası, gizli xidmətin qərargahı da bu binada yerləşir.

Keçmiş ordu generalı olan Bashir hakimiyyətə 1989-cu ildə hərbi çevrilişlə gəlib.

Daxili işlər nazirinin parlamentə bildirməsinə görə, şənbə və bazar günləri paytaxtdakı iğtişaşlarda altı nəfər öldürülüb, bir nəfər isə Darfur regionunda həlak olub.

Sudanda etirazlar dekabrdan – hökumət çörəyin qiymətini qaldırmaq istəyəndən başlanıb.

Bazar günü çevik polis alayı və gizli xidmət əməkdaşları nümayşçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıblar. Nazirliyin qarşısına təxminən 3 min kişi və qadın yığışıbmış.

Ancaq “Reuters” agentliyi şahidlərə və fəallara istinadla yazır ki, binanı qoruyan əsgərlər nümayişçiləri qorumağa çalışıblar, havaya xəbərdarlıq atəşi açıblar.

Təhlükəsizlik qüvvələri atəş açmadan geri çəkilib və əsgərlər ərazini mühasirəyə alıblar. Nümayişçilər isə “Ordu bizi qoruyur”, “Bir xalq, bir ordu” şüarlarını səsləndirib.

XS
SM
MD
LG