Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:43

1.2 Etik Kodeks


RAA/AR ən yüksək etik davranış standartlarına sadiqdir. RAA/AR-ın etik standartlarına dair suallar yarandığı təqdirdə, və ya şübhəli davranışları bildirmək istədikdə, Risklər və Münasiblik üzrə məsul şəxs, Baş Məsləhətçi və ya Kadrlar Şöbəsinin Direktoru ilə əlaqə saxlamalısınız.

1.2.1 Maraqların toqquşması

A. Ümumi müddəalar

Bir xəbər təşkilatı olaraq RAA/AR-ın etibarlılığı və effektivliyi auditoriyanın, tərəfdaşlarının, işgüzar həmkarlarının və əməkdaşlarının RAA/AR-ın dürüstlüyünə və peşəkarlığına etibar edə bilmə qabiliyyətindən asılıdır. RAA/AR-ın əməkdaşlarından, iş yerində və ya xaricində, Qaydalar Toplusunun müddəaları ilə xüsusi qadağan edilib-edilməməsindən asılı olmayaraq, aşağıdakı halları yarada biləcək istənilən fəaliyyətdən və ya əlaqədən qaçınmaq üçün hər cür səy göstərmələri gözlənilir:

  • qərəzlilik, tərəflilik və nadürüstlük;
  • RAA/AR statusundan şəxsi maraq və ya mənfəət üçün istifadə etmək;
  • hər hansı bir şəxsə və ya təşkilata qarşı imtiyazlı münasibət və ya qanunsuz ayrı-seçkilik;
  • və ya Şirkətin əməliyyatında nadürüstlük.

B. Açıqlamalar

Əməkdaşlar, iştirak etmədən əvvəl, maraqlar toqquşması yarada biləcək şirkət-xarici hər hansı bir fəaliyyət və ya əlaqəni açıqlamalıdırlar. İşçi belə açıqlamaları yazılı şəkildə öz bilavasitə rəhbərliyinə göndərməlidir, və sonuncu (1) bu cür fəaliyyətlə məşğul olmaq üçün icazəni verir və ya vermir, və (2) əməkdaşın müraciətinin və öz qərarının nüsxələrini Baş Məsləhətçiyə göndərir. Bundan əlavə, hər bir təqvim ilində hər bir əməkdaş Etik Kodeksi oxuması və onunla razı olmasını elektron şəkildə təsdiq etməlidir.

Bu qaydalar çərçivəsində ən çox təzad doğuran müddəa bir əməkdaşın şirkət-xarici media fəaliyyəti göstərə bilib-bilməməsi ilə bağlıdır. İşçilərin media fəaliyyətinə dair qaydalar Qaydalar Toplusunun 1.5 bölməsində təsvir edilmişdir. Qeyd edək ki, RAA/AR-ın əməkdaşları, RAA/AR-ın jurnalist müstəqilliyi, etik dürüstlüyü və etibarlılığı mövzusunda - yayım ərazisinin daxil və xaricində - ictimai rəyə təsir edə biləcək hər hansı şirkət-xarici media fəaliyyəti ilə məşğul olmazdan əvvəl bunu rəhbərliklə müzakirə etməli və razılıq əldə etməlidirlər.

Qeyri-media fəaliyyətləri də, həmçinin, RAA/AR-ın maraqlarına mənfi təsir göstərə və ya potensial maraqlar toqquşması yarada bilər. Buna görə də Şirkət öz əməkdaşlarının RAA/AR-ın etibarlılığı, effektivliyi və ya maraqlarına ziyan vura biləcək hər hansı ödənişli və ya ödənişsiş fəaliyyətini qadağan etmək hüququna malikdir. RAA/AR həm də bu cür şirkət-xarici fəaliyyət üçün daha əvvəl verilmiş hər hansı icazəni ləğv etmək hüququna malikdir.

C. Tövsiyyələr

Aşağıdakı tövsiyyələr bir sıra maraqlar toqquşması hallarını nümayış etdirir, lakin bütün mümkün maraqlar toqquşması hallarını əhatə etmir. Maraqlar toqquşmasını tənzimləyən ən sadə qayda: Şübhə olduğu halda, məsləhət alın.

1) Şirkət-xarici məşğulluq

Bir çox şirkət-xarici işlər, - ödənişli və ya ödənişsiz – uğurunun balanslılıq və obyektivliyindən asılı olan RAA/AR kimi bir media şirkətinin işinin düzgün yerinə yetirilməsi ilə uyuşmur. Bütün əməkdaşlar maraqların toqquşmasına səbəb olan və ya ola biləcək hər hansı bir kənar işdən qaçınmaq üçün diqqətli olmalıdırlar.

a. Əməkdaşın şirkət-xarici işi və ya fəaliyyəti şirkətin maraqlar toqquşması qaydalarına uyğunluq barədə hər hansı məqbul sual doğurursa, əməkdaş əvvəlcədən öz şöbəsinin müdirindən razılıq əldə etməlidir.

b. Frilans jurnalistika və ya digər şirkət-xarici iş əməkdaşın mütəmadi iş saatları ərzində həyata keçirilə bilməz. Əməkdaşlar RAA/AR-ın resurslarını və ya avadanlıqlarını şirkət-xarici fəaliyyətlərində istifadə edə bilməzlər.

2) Maliyyə münasibətləri

a. RAA/AR, əməkdaşlarının qanunsuz və ya qeyri-etik davranışlara gətirib çıxara biləcək və ya nəticədə şirkətin nüfuzuna ziyan vura biləcək hər hansı bir biznes və ya maliyyə fəaliyyəti ilə məşğul olmaqdan çəkinmələrini gözləyir.

b. RAA/AR-ın maliyyə qərarlarına təsir göstərə biləcək əməkdaşları RAA/AR-ın təminatında, məhsullarının satın alınmasında və ya digər işgüzar münasibətlərdə olan hər hansı bir biznes müəssisəsində birbaşa və ya dolayı maliyyə maraqlarına malik ola bilməzlər. Bu əməkdaşlar, Şirkətin fəaliyyətində, əməkdaşların tam və ya qismən mülkiyyətində olan ya əməkdaşlarının qohumlarının mülkiyyətində olan müəssisələrlə işgüzar münasibət tura bilməzlər; lakin bu qadağa şirkətin (i) səhmlərinin 1%-dən azını təşkil edən və ya (ii) 20,000 ABŞ dollarından az dəyərdə olan hər hansı bir sərmayə üçün tətbiq edilmir.

c. RAA/AR-ın əməkdaşı RAA/AR-da işə başlayanda C.2.b maddəsi ilə qadağan edilmiş bir sərmayəyə sahibdirsə, bu cür sərmayəni açıqlamalıdır və daha sonra: (i) həmin sərmayələri RAA/AR-da işə başladığı vaxtdan 30 gün müddətində ləğv etməli, (ii) Baş Məsləhətçidən xüsusi icazə almalı, və ya (iii) əməkdaşın sərmayə qoyduğu RFA/AR müəssisələrinə dair qəbul edilən heç bir qərarda iştirak etməməlidir.

d. Malların və ya xidmətlərin alınmasına məsul olan və ya kənar təşkilatlarla müqavilə bağlamaq hüququna malik idarəçilər, RAA/AR-in vəsaitlərini həmin təchizatçılara yönəltməzdən əvvəl kənar təchizatçılarla hər hansı əlaqələrini açıqlamalıdırlar.

e. RAA/AR əməkdaşının ailə üzvünün (ər-arvad, qəyyum, qardaş, xala, əmi, qardaşı/bacısı oğlu/qızı, əmisi/dayısı oğlu/qızı, istənilən qan və ya nikah qohumluğu halında) RAA/AR ilə işgüzar münasibətlər qurması halında, əməkdaş bu barədə rəhbərliyə yazılı məlumat verməlidir. RAA/AR əməkdaşlarının ailə üzvlərinin RAA/AR ilə işləməsi qadağan edilmir, lakin Şirkət əmin olmalıdır ki, əməkdaşın ailə üzvünə bu münasibətlərin nəticəsi olaraq heç bir xüsusi üstünlük verilmir.

f. Maddə C.3-də ("Hədiyyələrin və Mənfəətlərin Qəbul Edilməsi ") göstərilən hallar istisna olmaqla, əməkdaşların, digər ştatlı və ya muzdlu əməkdaşlardan, və ya şirkət-xarici mal və xidmət təchizatçılarından şəxsi mənfəət əldə etmək üçün hər hansı pul və ya digər ödəniş formasını qəbul etməsi qadağandır.

g. RAA/AR, əməkdaşlarına digər əməkdaşlarla maliyyə tərəfdaşlığına daxil olmağı, o cümlədən pul borc verməyi və birgə biznes qurmağı məsləhət görmür. Əgər Şirkətin rəhbərliyi bu cür əməkdaş-əməkdaş işgüzar münasibətlərinin Şirkətin əməliyyatlarına mane olması qənaətinə gələrsə, əməkdaşlara bu münasibətləri dayandırmaq göstərişi veriləcək.

h. RAA/AR, həmçinin, əməkdaşlarına Şirkətin yayım dairəsində maraqların toqquşmasının yaranmasına səbəb ola biləcək işgüzar razılaşmalara və ya sərmayə qoyuluşuna qoşulmamağı tövsiyyə edir. Bu cür maraq və sərmayələr Şirkətə açıqlanmalı və qaydalara uyğun olaraq təsdiq edilməlidir.

i. Rəhbər vəzifələri tutanların öz tabeçiliyində olanlardan hədiyyələr qəbul etməsi qəti qadağandır; lakin ənənəvi olaraq hədiyyələr verilməsi və ya mübadiləsi ilə müşaiyət olunan hallarda, aşağıda qeyd olunanlar tabeçiliyində olanlardan və digər əməkdaşlardan qəbul edilə bilər:

  • nəğd pul xaric olmaqla, ümumi dəyəri 25 ABŞ dolları və ya daha az olan əşyalar;
  • bir neçə əməkdaş arasında ofisdə paylaşılan yemək və ya ikram kimi hədiyyələr;
  • əməkdaşın şəxsi dostlarına şəxsi yaşayış yerində göstərdiyi və hər hansı dəyərə malik qonaqpərvərlik nümayişi; və
  • bu cür hallarda adətən təqdim edilən və hər hansı dəyərə malik əşyalar.

3) Hədiyyə və Fayda qəbul edilməsi

a. Əməkdaşlar istənilən faktiki və ya potensial xəbər mənbələrindən və ya RAA/AR-ın əməkdaşlıq etdiyi və ya edə biləcəyi hər kəsdən dəyəri 25 ABŞ dolları və ya daha artıq olan hər hansı bir hədiyyə və ya fayda qəbul edə bilməzlər. Fayda dedikdə, yemək, pul vəsaitləri, pulsuz hava daşımaları və ya mal və xidmətlər üzrə endirimli qiymətlər kimi hər hansı bir şəxsi mənfəət başa düşülür. Bu məhdudiyyətlər 25 ABŞ dollarından az olan simvolik hədiyyə və xidmətlərə aid edilmir ("Simvolik Hədiyyə və ya Xidmətlər"); o halda ki, simvolik hədiyyə və xidmətlərinin qəbulu müntəzəm şəkil almır və hədiyyədən imtina hədiyyə verənlə münasibətlərin pisləşməsinə səbəb olur.

b. Bir RAA/RA qaydası olaraq, mövcud və ya potensial xəbər mənbələrindən, xəbərlər mövzusu ola biləcək fiziki və ya hüquqi şəxslərdən və ya RAA/AR ilə işləyən şirkətlərdən pulsuz və ya endirimli nəqliyyat və ya yerləşdirilmə, və ya oxşar faydalar qəbul edilmir. Şirkət, bəzi hallarda (prezident təyyarəsində səyahət daxil olmaqla) bu qaydanın sərt tətbiqinin mümkün olmadığını qəbul edir. Hər hansı istisnalar Baş Redaktor və ya Şirkətin prezidenti tərəfindən təsdiq edilməlidir.

c. RAA/AR jurnalistləri yayım dairəsində olan hökumət orqanları, RAA/AR-ın jurnalist fəaliyyətinin müntəzəm mövzusu olan şəxs və ya təşkilatlar, və ya RAA/AR ilə müqavilə əlaqəsi olan şirkətlər tərəfindən təşkil edilmiş konfranslarda məruzəçi kimi çixiş edə bilməzlər. Əlavə olaraq, əgər maraqlar toqquşması görüntüsünün yarana biləcəyi ehtimalı varsa, əməkdaşlar hər hansı bir konfrans təşkilatçısından səyahət xərcləri qəbul etməməlidirlər.

d. Siyasi liderlər, keçmiş siyasi liderlər və ya "VIP" şəxslər tərəfindən verilmiş və dəyəri 25 ABŞ dollarından artıq hədiyyələr, hədiyyəni qəbul edənin deyil, RAA/AR-ın mülkiyyətinə keçir.

4) Siyasi fəaliyyət və xarici əlaqələr

a. RAA/AR icma təşkilatlarında konstruktiv fəaliyyəti alqışlayır. Lakin eyni zamanda, şirkətin əməkdaşları, xüsusilə də jurnalistika fəaliyyəti ilə məşğul olanlar aşağıdakı fəaliyyət növləri ilə məşğul olan təşkilatlarla əlaqələrinin olması görüntüsünün yaranmasından çəkinməlidirlər: (i) RAA/AR-ın etnik, irqi, dini və sosial dözümlülük öhdəliklərinə zidd olan siyasəti müdafiə edən; (ii) RAA/AR-ın proqramlarının məzmununa təsir göstərmək marağında olan; (iii) yayım dairəsi çərçivəsində partiya mənsubiyyətli siyasi fəaliyyətlə məşğul olan; və ya (iv) yayım dairəsi çərçivəsində dövlət siyasətinə və ya qanunvericiliyə yerli və ya milli səviyyəyə təsir etməyə çalışan.

b. Şirkətin jurnalistika fəaliyyətində birbaşa iştirak edən əməkdaşlar (yayımçılar, istehsalçılar, jurnalistlər, redaktorlar, analitiklər, xidmət direktorları, regional direktorlar və digərləri də daxil olmaqla) yayım dairəsində hər hansı bir siyasi vəzifəyə namizəd ola, təyin oluna və xidmət edə bilməzlər. RAA/AR-ın jurnalistləri bu cür siyasi fəaliyyətlə yalnız Yayım Dairəsinin xaricində və yalnız aşağıdakı hallarda məşğul ola bilərlər: (i) siyasi vəzifənin partiya mənsubiyyəti yoxdursa; (ii) vəzifə yerli və ya bələdiyyə orqanlarındadırsa (yəni dövlət, əyalət, federal, regional, milli və ya transmilli səviyyələrdə deyil), və (iii) vəzifəyə namizdəd olmazdan və ya vəzifəni qəbul etmədən əvvəl əməkdaş öz bilavasitə rəhbərliyindən və Kadrlar Şöbəsinin Direktorundan icazə alıbsa.

c. Əməkdaşlar, Birləşmiş Ştatlar hökuməti də daxil olmaqla, hər hansı bir hökumət üçün ödənişli və ya ödənişsiz işlərin yerinə yetirilməsinə razılıq verməzdən əvvəl müvafiq şöbə müdirlərindən və Kadrlar Şöbəsinin Direktorundan əvvəlcədən razılıq almalıdırlar. Şirkətin jurnalistika fəaliyyəti ilə birbaşa məşğul olan əməkdaşlarının, ümumiyyətlə, bu cür fəaliyyətlə məşğul olması qadağandır.

d. Bilavasitə rəhbərinin əvvəlcədən alınmış razılığı ilə əməkdaş, ödənisiz olması və bu fəaliyyətin əməkdaşın müstəqilliyinə təsir etməməsi şərtləri ilə, peşəkar məsləhət şuralarına üzv ola bilər.

5) Şirkətin Aktivlərindən İstifadə

a. RAA/AR, Şirkətin bu cür fəaliyyətdən əldə edəcəyi mənfəətdən asılı olmayaraq, Şirkətin vəsaitlərinin işgüzar münasibətlərdə, xəbər mənbələri ilə münasibətlərdə və digər hallarda xüsusi münasibət əldə edilməsi məqsədi ilə xərclənməsini qadağan edir. Bununla belə, bu qaydaya aşağıdakı istisnalar var: (i) ödəniş RAA/RA-nın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış yazılı müqavilə əsasında həyata keçirilibsə və (ii) ABŞ və ya bu ödənişinin həyata keçirildiyi ölkənin qanunlarını pozmayıbsa.

b. Əməkdaşlar, Qaydalar Toplusunun 5.1 bölməsində (Şirkətin Mülkiyyəti) icazə verilmiş hallardan kənar, şəxsi məqsədləri üçün Şirkətin telefonları, avadanlıqları və digər xidmətlərindən istifadə etdikdə, Şirkətə müəyyən edilmiş qaydada ödəniş etməlidirlər.

6) Ailə Üzvlərinin Məşğulluğu

a. Aşağıda qeyd ediləcək xüsusi icazə halları xaric olmaqla, ailə üzvlərinin (bu bölmədə “ailə üzvü” dedikdə, həyat yoldaşı, qeydiyyatlı tərəfdaş, keçmiş həyat yoldaşı, uşağın valideyni, qardaş, uşaq, valideyn, xala, əmi, qardaş/bacı uşağı başa düşülür) eyni şöbədə, o cümlədən Şirkət bürolarında, ştatlı və ya muzdlu əməkdaş kimi çalışması və ya həmin şöbə üçün məsləhət xidmətləri göstərməsi qadağandır.

b. Həqiqi və ya qavranan maraqlar toqquşmasının qarşısını almaq üçün ailə üzvləri işlədikləri şöbədə, o cümlədən Şirkət bürolarında və ya idərəetmə xəttində hər hansı, işə qəbul olunan zaman mövcud olan və ya da məşğulluq zamanı yaranan (nikahlar, ailə üzvlərinin işə qəbul edilməsi və s.) ailə münasibətləri haqqında Kadrlar Şöbəsinə yazılı şəkildə məlumat verməlidirlər.

c. Bu bölmədə göstərilən qadağalara istisnalar, müvafiq şöbə müdiri və Kadrlar Şöbəsinin Direktoru tərəfindən yalnız Şirkət maraqlarının təmin edilməsi zərurəti qarşısında yazılı şəkildə nəzərdən keçirilə və təsdiq edilə bilər.

d. Şirkət, ailə üzvləri arasında peşəkar tabeçilik əlaqələrinə icazə verdiyi nadir hallarda, bu əlaqələr barədə şöbə rəhbərinə məlumat verilməlidir. Rəhbər vəzifəni tutan, heç bir halda, öz ailə üzvü ilə bağlı maaş, mükafat, digər mənfəətlər və ya intizam tədbirləri ilə bağlı qərarlar verə bilməz; bu vəzifələr başqa bir məsul şəxs tərəfindən həyata keçirilir.

e. Ailə üzvləri ilə bağlı hər hansı bir maraqlar toqquşması və ya digər digər problemlərin yaranması halında, RAA/AR lazım bildiyi şəkildə problemin aradan qaldırılması üçün addımlar ata bilər.

7) Şəxsi Münasibətlər

a. Bu bölmədə, "şəxsi münasibətlər" dedikdə, şəxslər arasında hazırda olan və ya keçmişdə mövcud olmuş davamlı romantik və ya şəxsi münasibətlər başa düşülür. Şəxsi münasibətlərdə olan əməkdaşlar bir-birinin işinə rəhbərlik edə və ya eyni peşəkar tabeçilik xəttinə mənsub ola bilməzlər. Şirkət, istənilən idarəetmə səviyyəsində (yüksək və ya aşağı səviyyəli idarəetmədə) eyni peşəkar tabeçilik xəttinə mənsub olan istənilən şəxslərlə bağlı həqiqi və ya qavranan maraqlar toqquşmasının yarandığı təqdirdə, tez bir şəkildə hərəkət etmək hüququna malikdir.

b. Eyni peşəkar tabeçilik xəttinə mənsub olub-olmamasından asılı olmayaraq, şəxsi münasibətlərdən irəli gələn münaqişə yarandığı təqdirdə, əməkdaşların iş yeri təyinatının dəyişdirilməsi və işdən çıxarılması ilə bağlı qərar qəbul edilə bilər.

Yeni əməkdaş, işə qəbul edildikdə, öz peşəkar tabeçilik xəttində kiminləsə şəxsi münasibətdədirsə, bu barədə Kadrlar Şöbəsinin Direktoruna məlumat verməlidir.

Bu cür şəxsi münasibətlər işə qəbul olunduqdan sonra qurulduqda, həmin əməkdaşlar bu münasibətlərin mövcudluğu barədə şöbə müdirinə və ya Kadrlar Şöbəsinin Direktoruna məlumat vermək məsuliyyəti və öhdəliyi daşıyırlar. Şəxsi münasibətlər səbəbindən münaqişə və ya münaqişə potensialı yaranarsa və münaqişə və ya münaqişə potensialı iş şəraitinə təsir göstərərsə, Şirkət, Şirkət büroları da daxil olmaqla, vəziyyəti düzəltmək üçün məqbul addımlar ata bilər.

XS
SM
MD
LG