Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:35

Putin Erdoğana hərbi əməkdaşlıq təklif edir


Vladimir Putin (solda) Recep Tayyip Erdoğanla aprelin 8-də Kremldə görüşüb
Vladimir Putin (solda) Recep Tayyip Erdoğanla aprelin 8-də Kremldə görüşüb

Türkiyə prezidenti Recep Tayyip Erdoğan aprelin 8-də Moskvada Vladimir Putinlə görüşündə deyib ki, Ankara Vaşinqtonun artmaqda olan təzyiqlərinə baxmayaraq Rusiyadan təkmil antitəyyarə raket sistemi almaq barədə Moskva ilə razılaşmasını tərk etməyəcək.

Moskvada keçirilən birgə mətbuat konfransında Erdoğan deyib ki, “heç kəs bizi bu sazişdən çıxmağa məcbur edə bilməz”.

Erdoğan bu il artıq üçüncü dəfədir ki, Rusiyaya səfər edir. Onun bu səfəri Birləşmiş Ştatların Türkiyəni Rusiyadan S-400 raket sistemini almamağa çağırdığı bir vaxta təsadüf edir.

ABŞ və NATO-nun başqa üzvləri Ankara və Moskva arasında S-400 raketlərinin alqı-satqısına dair sazişi pisləyiblər və bu sistemin ABŞ istehsallı təkmil F-35 qırıcılarının vurulması üçün hazırlandığını və NATO sisteminə uyğun gəlmədiyini bildiriblər.

Putin Türkiyə tərəfindən S-400 antiraket sisteminin alınmasını iki ölkə arasında əməkdaşlığının “ən yüksək prioriteti” adlandırıb.

O deyib ki, Rusiya və Türkiyə “hərbi-texniki sahədə əməkdaşlığı gücləndirməlidir”.

Putin bunu da bəyan edib ki, gündəlikdə Türkiyənin Rusiyadan başqa müasir silahlar almasına dair böyük layihələr var.

Rusiya lideri deyib ki, “biz hətta yüksək texnologiyalı silahları birlikdə işləyə və istehsal edə bilərik”.

Vaşinqton Ankaranın Rusiyadan S-400 antitəyyarə sistemlərini almaq fikrindən daşınmaması ilə bağlı Türkiyəyə F-35 qırıcılarının verilməsinə dair proqramı dayandırıb.

ABŞ bildirib ki, Türkiyə NATO-nun strateji müttəfiqi kimi qalmaqla, alyansın təhlükəsizliyinin riskə atılması arasında seçim etməlidir.

Bundan başqa ABŞ Dövlət Departamenti ötən həftə bildirib ki, Türkiyə Rusiyadan S-400 antitəyyarə sistemini almaq planından əl çəkməsə Ankaraya qarşı sanksiyalar elan oluna bilər.

Putin habelə aprelin 8-də bildirib ki, Rusiya qazını Qara dənizin dibi ilə Türkiyəyə nəql edəcək TürkAxını kəmərinin sualtı hissəsinin tikintisi təzəcə başa çatıb və kəmər bu ilin sonunadək istifadəyə veriləcək.

Putin və Erdoğan Türkiyənin 2023-cü ildə istifadəyə veriləcək ilk nüvə-elektrik stansiyası layihəsini də müzakirə ediblər.

Akkuyu məntəqəsində yerləşək bu stansiyanı Rusiya tikməlidir.

Türkiyə və Rusiya liderləri bu görüş zamanı Suriya münaqişəsini də müzakirə ediblər.

Lakin Putin deyib ki, Moskva və Ankara Suriyanın şimalındakı İdlib qəzasında monitorinq mərkəzinin yaradılması barədə razılığa gələ bilməyiblər.

Bununla belə Putin ümid etdiyini bidlirib ki, Moskva və Ankara bu məsələdə də razılığa gələcəklər.

Rusiya və Türkiyə Suriya münaqişəsində qarşıduran tərəfləri dəstəkləyirlər. Ankara bu bölgədə ABŞ-ın kürd özünümüdafiə qüvvələrini dəstəkləməsindən narazıdır.

***

Türkiyə Prezidenti Recep Tayyip Erdogan artıq Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Putin Erdogan-ı salamlayaraq deyib ki, iki lider “hərbi-texniki əməkdaşlığı” və birgə enerji layihələrini müzakirə edəcəklər. Xəbəri Rusiyanın Interfax xəbər agentliyi yayıb.

***

Aprelin 8-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu görüş Vaşinqtonla Ankara arasında mübahisənin qızışmasından bir neçə gün sonraya təsadüf edir. ABŞ Türkiyənin Suriyayla bağlı mümkün hərbi planlarına və Rusiyadan yer-hava tipli raket sistemi almasına qarşı çıxır.

NATO üzvü Türkiyənin Rusiyayla münasibətləri tarixən keşməkeşli olub.

Ancaq Soyuq müharibə bitəndən tərəflər güclü iqtisadi əlaqələr yaradıb, son illər xüsusilə yaxınlaşıblar. Bu, Türkiyənin Vaşinqton və Avropa Birliyi ilə münasibətlərinin zəiflədiyi dönəmə təsadüf edir.

Türkiyə Rusiyadan NATO sisteminə uyğun gəlməyən S-400 raket sistemi almaqda qərarlıdır və bu, Birləşmiş Ştatları, alyansın digər üzvlərini əndişələndirir, onlar bu sistemi ABŞ istehsalı olan F-35 qırıcılarına təhdid kimi görürlər.

S-400 sistemi
S-400 sistemi

Vaşinqton tələb edir ki, Ankara Rusiyayla sazişdən əl çəksin, Türkiyənin F-35 proqramında iştirakını da dayandırıb.

ABŞ-ın Vitse-prezidenti Mike Pence aprelin 3-də deyib ki, Türkiyə NATO-nun “vacib tərəfdaşı kimi qalmaq” istəyirsə “seçim etməlidir”, yoxsa “alyansımıza zərbə vuran belə tədbirsiz qərarlarla həmin tərəfdaşlığa təhdid riski yaradır”.

ABŞ SANKSİYALARLA HƏDƏLƏYİR

ABŞ Dövlət Departamentinin ötən həftə bildirməsinə görə, Ankara sözügedən razılaşmaya əməl edərsə, Birləşmiş Ştatların sanksiyaları ilə üzləşə bilər.

Buna da bax: ABŞ və Türkiyə arasında S-400 və Suriyaya görə söz toqquşması olub

Türkiyənin Xarici işlər naziri Melvut Cavusoglu aprelin 4-də ABŞ ictimai televiziyasına deyib ki, Vaşinqtonun Türkiyəyə silah satışından imtina etməsi “qəbuledilməzdir”.

Mevlut Cavusoglu
Mevlut Cavusoglu

Cavusoglu “S-400 razılaşmasının artıq bitmiş məsələ” olduğunu, Ankaranın bundan geri çəkilməyəcəyini deyib, mübahisənin həllindən ötrü Pentaqonla Ankara arasında işçi qrup yaradılmasını təklif edib. Pentaqon isə təklifi rədd edib.

ABŞ Dövlət katibi Mike Pompeo ötən həftə xəbərdarlıq edib ki, Türkiyə Suriyada Birləşmiş Ştatların dəstəklədiyi kürd qüvvələrinə hücum edərsə, bunun “potensial fəlakətli nəticələri” ola bilər.

ABŞ və Türkiyə Suriyada səkkiz ildir gedən müharibədə fərqli antihökumət qüvvələrini dəstəkləyir.

ABŞ ordusu ölkənin şimalında İŞİD ekstremistləri ilə savaşan kürd döyüşçüləri dəstəkləyir. Ankara isə kürdləri Türkiyə ərazisində fəaliyyət göstərən kürd separatçılarla əlaqələri olan terrorçular sayır.

Rusiya isə Prezident Bashar al-Assad hökumətinin qüvvələrini dəstəkləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG