Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Ekspert: “Təəssüf ki, biz geri qaldıq”


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa Birliyi rəsmiləri Federica Mogherini və Johannes Hahn-la. 4 aprel, 2019
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa Birliyi rəsmiləri Federica Mogherini və Johannes Hahn-la. 4 aprel, 2019

Bu il Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Hər halda, Azərbaycan xarici işlər naziri E. Məmmədyarov bu günlərdə bəyan edib ki, sazişin 90 faizi razılaşdırılıb.

Amma Azərbaycandan fərqli olaraq Ermənistan oxşar sazişi, hələ iki il əvvəl imzalayıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı AzadliqRadiosuna bu məsələni belə dəyərləndirib:

“Əgər Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı ikili standartla yanaşmasaydı, səmərəli münasibətlər qursaydı fərqli mənzərə yaranmışdı, çünki əvvəldən Bakı “Şərq Tərəfdaşlığı proqramı”nda var idi”.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

M.Zülfüqarlı hesab edir ki, hazırlanan sazişə müsbət yanaşılmalıdır: “Avropa İttifaqı ilə Azərbaycanın arasında münasibətlərin normallaşması hər iki tərəfin xeyrinədir. Azərbaycana nə qədər Avropa İttifaqı lazımdırsa, Avropa İttifaqına də o qədər Azərbaycan laızmdır”

“İnsan haqları bütün ölkələrdə problem olaraq qalır,...”

Ancaq M.Zülfüqarlı düşünmür ki, Ermənistandan fərqli olaraq Bakı ilə Brüssel arasında sazişin imzalanmasının gecikməsinin səbəbi demokratiya və insan haqları məsələsindədir:

“İnsan haqları bütün ölkələrdə problem olaraq qalır, hətta ABŞ və Fransa kimi ölkələrdə də. Bu məsələni bəhanə edib Azərbaycanla danışıqları uzatmaq düzgün deyil. Avropa İttifaqı saziş imzalayacağı ölkələrə hərdən diktə edir, necə ki, SSRİ vaxtı Moskva Şərqi Avropanın sosialist ölkələrinə diktə edirdi. Azərbaycanın dövlət mənafeyi olduğundan Bakının öz maraqlarından çıxış etməsi təbiidir. İndi artıq, kompromiss əldə olunduğundan bunu alqışlamaq lazımdır”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Brüssellə Bakı arasında sazişin gecikməsində çoxlu səbəblər görür. Amma o ehtimal edir ki, bunda əsas səbəb insan haqları ilə bağlı hökumətin üzərinə öhdəlik götürməməsidır:

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

“Azərbaycanın islahatları gecikdirməsi dövlətçilik maraqlarının əleyhinə işləyir”

“Düzdür, bizdə ciddi məlumat yoxdur. Amma diplomatik mənbələrdən aldığımız məlumat əsasında qiymətləndirə bilərik ki, burada vətəndaş cəmiyyəti, siyasi məhbuslar və insan haqları ilə bağlı rəsmi Bakının üzərinə öhdəlik götürməməsinin rolu var. Danışıqlar prosesi də daha çox bunun üzərində uzandı. Bakı sazişi gecikdirdi, Ermənistan isə bu sənədi imzalayıb. Təəssüf ki, biz istəməyərəkdən qonşu ölkədən geri qaldıq”.

Bəşir Süleymanlının sözlərinə görə, problem ondadır ki, işğal olunan Dağlıq Qarabağda yaşayan ermənilər qanunların pozulduğu, müstəqil məhkəmələrin olmadığı, korrupsiyanın tüğyan etdiyi yerdə yaşamaq istəməmələri barədə beynəlxalq səviyyədə məsələ qaldırırlar:

“ Nəticə odur ki, Azərbaycanın islahatları gecikdirməsi dövlətçilik maraqlarının əleyhinə işləyir. Ermənistanda islahatların aparılması erməni icmasını da həvəsləndirər və onlar beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırar ki, baxın, Azərbaycan bu istiqamətdə çox geridir, ona görə onlarla yaşamaq istəmirlər. Belə olanda, onlara beynəlxalq dəstək artacaq.”.

Buna da bax:Azərbaycan hakimiyyəti Avropaya inteqrasiyaya niyə can atmır?

Xatırlatma

Aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib.Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iclasda deyib ki, yeni ikitərəfli sazişlə (layihə) necə və hara gediləcəyini müzakirə etməyə ehtiyac var:

“İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq... Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və videokonfranslar keçirmişik və, eyni zamanda, qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. ”.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG