Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

HRW Bayram Məmmədovu azad etməyə çağırır


Bayram Məmmədov
Bayram Məmmədov

Azərbaycan hakimiyyəti saxta narkotik ittihamıyla saxlanmış gənc fəalı əfvlə azadlığa buraxandan iki həftə sonra yenidən həbs edib. Human Rights Watch insan haqları təşkilatı aprelin 3-də yaydığı bəyanatda NİDA gənclər hərəkatının üzvü Bayram Məmmədovun hökumətlə bağlı tənqidi mövqe tutduğunu vurğulayır.

2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla 10 illik həbsə məhkum edilən Bayram bu il martın 16-da əfvlə azadlığa çıxmışdı. O, yerli mediaya müsahibəsində hakimiyyəti tənqid edəndən bir gün sonra yenidən həbs olunub.

“Bayram Məmmədovun yenidən həbsi Azərbaycan hökumətinin tənqidə dözümsüzlüyünün, azad sözə nifrətinin daha bir örnəyidir”, – Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib.

Giorgi Gogia
Giorgi Gogia

“SİYASİ MƏHBUSLARIN BURAXILMASI ÜZƏRİNƏ KÖLGƏ SALIR”

“Azərbaycan hakimiyyəti onu dərhal azadlığa buraxmalı, saxlanması, hansısa pis rəftara məruz qalması barədə hesabatlığı təmin etməlidir”, – o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Bayram Məmmədov dünən – aprelin 2-də keçirilən apellyasiya məhkəməsində saxlanarkən işgəncəyə məruz qaldığını deyib, üzündə xəsarət izləri olub.

Hakim Namiq Məmmədov 30 günlük həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Berlində Bayram Məmmədov və Qiyas İbrahimova dəstək aksiyası, 2017-ci il
Berlində Bayram Məmmədov və Qiyas İbrahimova dəstək aksiyası, 2017-ci il

Human Rights Watch Azərbaycanın çoxsaylı insan haqları sazişlərinə üzv olduğunu yada salır, həmin sənədlər isə saxlananlar işgəncə verilməsini, hansısa formada pis rəftarı qadağan edir. Qurum eyni zamanda Azərbaycan hakimiyyətinin tənqidi səsləri, narazıları susdurduğunu, onlarla jurnalistin, insan haqları və dini fəalın siyasi motivlərlə saxlandığını bildirir. Martın 16-da isə prezident siyasi məhbus sayılan 51 nəfəri əfv edib.

“Məmmədovun mediaya müsahibəsində tənqidindən sonra yenidən saxlanması Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması üzərinə kölgə salır. Hakimiyyət onu dərhal buraxmalı, əfvin ölkədə insan haqlarının durumunun yaxşılaşdırılması yönündə əsl addım olmasını təmin etməlidir”, – Gogia vurğulayıb.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə saxlanmışdı. Onlar narkotik maddə dövriyyəsi ittihamını qəbul etmir, məhz Heydər Əliyevin abidəsi üzərinə şüar yazdıqlarına görə saxlandıqlarını deyirdilər.

Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi məhbusların olmasını qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG