Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:56

Kəlbəcərin işğalından 26 il ötür


Əhali Kəlbəcəri tərk edir. 1993

Bu gün, aprelin 2-də Kəlbəcər rayonunun işğalından 26 il keçir. Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri işğal edib.

Həmin hadisələr zamanı 511 dinc sakinin öldürüldüyü, 321 nəfərin isə əsir götürülüb və ya itkin düşdüyü açıqlanıb. Ümumilikdə 60 minə yaxın rayon sakini didərgin salınıb.

BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edib. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son dövrlərdə işğal olunmuş başqa ərazilərindən dərhal çıxarılması tələb olunub. Ancaq bu və sonradan Azərbaycanın əlavə ərazilərinin işğalı ilə bağlı qəbul edilən başqa qətnamələr indiyə kimi yerinə yetirilməyib.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XİN: Kəlbəcərin faydalı qazıntıları qanunsuz istismar olunur

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, aprelin 2-də Kəlbəcərin işğalı ilə bağlı bəyanat yayıb.

Bəyanatda yazılıb ki, Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur.

«Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın «Vallex» Qrupunun tərkibinə daxil olan «Base Metals» şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz istismar edir. 2007-ci ildən etibarən «GeoProMining» şirkətinə daxil olan «GPM Gold» şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir», - XİN qeyd edir.

Bəyanatda yazılıb ki, Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.

«Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir», - XİN vurğulayır.

Hələlik, bu bəyanata sözügedən şirkətlərin təmsilçilərinin münasibətini almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG