Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:32

İstanbul da Erdogan-ın əlindən çıxır? Lirə ucuzlaşır


Recep Tayyip Erdogan (ortada) seçki məntəqəsində

Bu gün – aprelin 1-də türk lirəsi 2,5 faiz ucuzlaşıb. Prezident Recep Tayyip Erdoganın hakim AK partiyası paytaxt Ankarada seçkini uduzub, ölkənin ən böyük şəhəri İstanbulda da uduzacağı görünür.

Bu gün səhər saatlarında bir ABŞ dolları 5,6780 lirəyə bərabər olub. Cümə günü məzənnə 5,5550 idi.

Ötən il valyuta böhranı zamanı lirə dollar qarşı 30 faizədək ucuzlaşmışdı. Türkiyənin iqtisadi geriləməsi seçicilərə təsirini göstərib.

Seçki komissiyasının məlumatına görə, İstanbulda CHP-nin namizədi Ekrem İmamoglu keçmiş baş nazir Binali Yildirim-dan 28 min səs öndədir. Bundan öncə isə hər iki partiya qələbə çaldığını deyirdi.

Ankarada CHP-nin namizədi Mansur Yavas qələbə çalıb.

Bazar ertəsi İstanbulun BIST 100 birja indeksi .XU100 1,65 faiz düşüb.

CHP tərəfdarları
CHP tərəfdarları

***

İstanbulda həm iqtidar, həm də müxalifət qalib gəldiyini deyir

İstanbulda bələdiyyə seçkisini həm Prezident Recep Tayyip Erdogan-ın AKP-si, həm də əsas müxalifət CHP partiyası udduğunu deyir.

“İstanbulda rayonların əksəriyyəti ya bizimdir, ya da nəticələr çox yaxındır. Bu nə deməkdir? Əgər bizim adamlar başqanlığı əldən veriblərsə belə, onlar rayonları AK partiyə veriblər”, – Erdogan Ankarada tərəfdarlarına deyib.

Bülletenlərin 98,8 faizi sayılandan sonra CHP bildirib ki, dəstəklədiyi namizədlər 4 milyon 111 min 219 səs toplayıblar, AK partiyanın namizədi isə 4 milyon 106 min 776 səs yığıb

AKP isə namizədi, keçmiş baş nazir Binali Yildirim-ın 4 min səs fərqilə seçkini udduğunu bildirib.

Ankarada ilkin nəticələrə görə, Millət İttifaqının namizədi Mansur Yavas səslərin 50,6 faizini toplayıb. Ondan sonra isə 47,2 faizlə Cumhur İttifaqının namizədi Mehmet Ozhaseki gəlir.

Üçüncü böyük şəhər sayılan İzmirdə Millət İttifaqından Mustafa Tunc Soyer 58,1 faizlə öndədir, Erdogan-ın blokundan Nihat Zeybekci 38,5 faiz səs yığa bilib.

Ölkə üzrə AKP-nin 40, CHP-nin 20, MHP-nin 11, kürdpərəst HDP-nin 8 bələdiyyə sədrliyi qazandığı bildirilir.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Bazar günü İstanbulda mətbuat konfransında çıxış edən Erdogan partiyasının bir sıra şəhərlərə nəzarəti itirdiyini etiraf edib, iqtisadi islahatlara diqqət ayıracağını deyib.

HƏTTA BİR NEÇƏ MİN SƏS FƏRQİLƏ QALİB GƏLSƏ BELƏ...

Ötən il səlahiyyəti genişləndirilmiş prezident postuna seçilmiş Erdogan deyib ki, növbəti seçkilər 2023-cü ilin iyununda olacaq və Türkiyə azad bazar qaydalarına zərbə vurmadan “güclü iqtisadi proqram” həyata keçirəcək.

Türkiyədən siyasi təhlilçi Murat Yetkin Al Jazeera-ya deyib ki, AKP-MHP alyansı İstanbulda da Ankarada olduğu kimi uduzarsa, “bu, Türkiyənin beş böyük şəhərinə nəzarətin itirilməsi deməkdir”.

“Hətta 11 milyon seçicisi olan İstanbulda qələbə bir neçə min səs fərqilə qazanılarsa, bu, böyük itki hesab olunacaq”, – o vurğulayıb.

“Nəticələr həm də onu göstərir ki, koalisiyalardan qaçmağı hədəfləyən icraedici prezidentlik sistemi əslində, koalisiyaya aparıb, çünki MHP ilə tərəfdaşlığa getmədən çoxluğu saxlaya bilməz”, – təhlilçi vurğulayıb.

Fevralda Türkiyədə inflyasiya 20 faizə yaxınlaşıb, Mərkəzi Bankın əsas faiz dərəcəsi hazırda 24 faizdir.

Seçkidən öncə Cumhur İttifaqı bələdiyyə seçkilərini ölkənin təhlükəsizliyinə daxili və xarici risklərlə əlaqələndirməyə çalışıb.

İstanbulda seçki plakatları
İstanbulda seçki plakatları

Erdogan valyuta məzənnəsindəki oynamalara görə xarici ölkələri və “möhtəkiləri” günahlandırıb.

Ana müxalifət alyansı isə seçki kampaniyasında iqtisadi duruma, bunun vətəndaşlara təsirinə diqqət ayırıb.

25 İL ÖNCƏ AÇILAN SƏHİFƏNİN QAPANMASI

“The New York Times” qəzeti də Erdogan-ın siyasi karyerasında ilk dəfə olaraq Ankarada və ola bilsin doğma şəhəri İstanbulda bələdiyyə seçkisini uduzmasından yazır.

“Bu nəticə sizi məyus etməsin. Onların necə işləyəcəyini görəcəyik”, – Erdogan tərəfdarlarına deyib.

Veteran şərhçi Rusen Cakir Twitter-də yazıb ki, bu seçki Erdogan siyasi səhnəyə qədəm qoyduğu dönəmdəki kimi tarixidir. İslamçı, keçmiş siyasi məhbus Erdogan məhz İstanbulda bələdiyyə seçkisini qazanmaqla siyasətə gəlmişdi.

“Bugünkü seçki 1994-cü ildəki kimi tarixidir. Bu, 25 il öncə açılan bir səhifənin indi qapanmasının elanıdır”, – Cakir deyib.

Qəzet yazır ki, Erdogan-ın namizədi İstanbulda seçkini uduzsa, bu, partiyaya böyük zərbə olacaq. 17 ildir hakimiyyətdə olan AKP-nin populyarlığı onsuz da azalmaqdadır.

“İstanbulu itirmək Erdogan üçün əsas məğlubiyyət olar. Amma istənilən halda, Ankarada uduzmaq ciddi itkidir”, – bunu isə Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunda Türkiyə Tədqiqatları proqramının direktoru Soner Cagaptay deyir.

Bu seçkini çoxları Erdogan və AKP üçün bir sınaq sayırdı. 2002-ci ildə hakimiyyətə gələndən Erdogan və partiyası bütün seçkiləri udub.

Ölkədə iqtisadi problemlər, işsizlik və ikirəqəmli inflyasiya səbəbindən hakimiyyətə müxaliflərin sayı artır.

Türkiyədə seçkiylə bağlı zorakılıqdan dörd nəfər öldürülüb, onlarla adam xəsarət alıb.

XS
SM
MD
LG