Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 05:26

Azərbaycan xəbərləri

Əliyevlə Pashinian Vyanada olacaqlar

Nikol Pashinian (solda) və İlham Əliyev Davosda, 22 yanvar, 2019-cu il

Martın 29-da Avstriya prezidenti Alexander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Pashinian-la ayrı-ayrılıqda görüşəcək. Bu haqda AzadlıqRadiosunun Erməni xidməti Avstriya prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzrə işlədiklərini deyirdilər.

Hələlik, rəsmi Yerevan və Bakı Vyanada ikitərəfli danışıqların keçiriləcəyini açıqlamayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bütün xəbərləri izləyin

Azərbaycan Qarabağda ‘mühəndis işləri’nin qarşısını aldığını deyir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Qarabağda “mühəndis işləri”nin qarşısı alınıb.

Nazirliyin açıqlamasına görə, mayın 29-da “Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”.

Vurğulandığına görə, Azərbaycan ordusunun gördüyü “təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb”.

Amma bu məlumata, hələlik, Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi və digər maraqlı tərəflərin münasibətləri bəlli deyil.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycan və Ermənistan arasında fasilələrlə sülh danışıqları aparılır.

Cəbhəçiyə 30 sutka həbs verilib

Polis

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin üzvü Zaur Əhmədov inzibati qaydada həbs olunub.

Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat verilib.

Məlumata görə, Z.Əhmədovu mayın 26-sı səhər saatlarında Salyanda iki mülki şəxs saxlayaraq naməlum istiqamətə aparıblar: "Sonradan məlum olub ki, Zaur bəyə bilinməyən saxta ittihamlarla 30 sutka müddətinə inzibati həbs cəzası verilib. İndiyə qədər Zaur bəydən heç bir məlumat yoxdur".

AXCP-dən həmçinin bildirilib ki, yaxınları Z.Əhmədova sovqat apara bilmir: "Salyan Rayon Polis Şöbəsində deyiblər ki, rəis icazə vermir nə sovqata, nə telefon əlaqəsinə".

Partiyadan vurğulanıb ki, fəalın həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

DİN-dən izah…

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov isə "Turan"a bildirib ki, Z.Əhmədov mayın 26-da rayon ərazisində ictimai qaydanı pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə saxlanıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Əhmədov 30 sutka inzibati qaydada həbs olunub".

DİN rəsmisi vurğulayıb ki, Z.Əhmədovun ailəsi ilə əlaqə qurmasına və ona sovqat verilməsinə məhdudiyyət qoyulması ilə bağlı iddialar əsassızdır.

28 May-Azərbaycanın Müstəqillik Günü

Azərbaycan bayrağı

Bu gün Azərbaycan Cümhuriyyətinin yaradılmasından 105 il ötür.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay fəaliyyət göstərə bilib və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

71 il sonra, 1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirilib, müstəqil dövlətin atributları formalaşdırılıb.

Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan Milli Ordusu yaradılıb. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını alıb.

Şərqdə ilk dəfə olaraq parlament yaradılıb, xalqın öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər bu parlamentdə təmsil olunublar.

Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatılıb. Göstərilən səylər nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıyıblar.

Bundan başqa parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradılıb. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərib.

Fətəli xan XoyskiNəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırılıb.

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib.

AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirilib, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

2021-ci il oktyabrın 15-dən mayın 28-i Müstəqillik Günü (bu tarixə qədər Respublika Günü adlandırılıb), oktyabrın 18 -i isə Müstəqilliyin Bərpası Günü (Milli Müstəqillik Günü) elan edilib.

DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’-onlara CM-nin 6 maddəsi ilə cinayət işi açılıb

Bir gün əvvəl saxlanılan Ermənistan hərbçilərinə cinayət işi açılıb. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğu ilə Dövlət Sərhəd Xidmətinin mayın 27-də yaydığı birgə məlumatda deyilir.

Hər iki hərbçi "...odlu silah və döyüş sursatı qaçaqmalçılığında", "...terrorçuluqda", "zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə""dövlət sərhəddini qanunsuz keçmə", "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama"da ittiham olunur.

Birgə məlumatda cinayət işi üzrə zəruri istintaq tədbirlərin davam etdirildiyi bildirilir.

***

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, bu gün, mayın 26-da Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.

Xidmətin açıqlamasına görə, “dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb”.

Məlumata görə, nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.

DSX-nın bildirməsinə görə, “qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar”.

Ermənistan Müdafiə Nazirliyi isə həmin hərbçilərin mayın 26-da döyüş mövqelərini ərzaqla təmin edən hərbçilər olduğunu və onlarla saat 19:00 radalərindən sonra əlaqə kəsildiyini bildirir.

Məlumatda həmçinin həmin hərbçilərin "qeyri-müəyyən şəraitdə Azərbaycan tərəfinə keçməsi ilə bağlı mümkün versiya"nın da da araşdırıldığı vurğulanır, - Ermənistan müdafiə nazirliyinin açıqlamasında deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona ( Zəngilan rayonu daxil) nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanda seçicilərin sayı azalıb

Vəfat edən şəxslərin adı seçici siyahısından niyə çıxarılmır?
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Bunu mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçicilərin 47.44 faizi kişi, 52.56 faizi isə qadındır.

Seçki Məcəlləsinin tələblərinə əsasən, Azərbaycanda hər ilin əvvəlindən etibarən daimi seçici siyahıları hazırlanmağa başlanılır. Siyahının rəsmi qurumların məlumatları əsasında məntəqə və dairə seçki komissiyalarında tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi bildirilir. Ötən il MSK iyunun 1-də ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 401 min 955 seçici daxil edildiyini açıqlamışdı. Qurum rəhbəri seçici sayında azalmanın səbəblərindən bəhs etməyib.

Azərbaycanda seçici siyahısı daim mübahisə mövzusuna çevrilib. MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşından yuxarı vətəndaşların sayı ilə bağlı açıqladığı məlumatlar üst-üstə düşmür.

Üstəlik, artıq əhali sayında da azalma olduğu bildirilir. DSK 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 10 milyon 127 min 145 şəxsin olduğunu açıqlayıb. Bir il əvvəl isə bu rəqəm rəsmi olaraq 10 milyon 156 min 366 nəfər açıqlanmışdı.

Rəsmi qurumlar bunun detallı səbəblərini bildirmir, azalmanı yalnız 2019-cu ilin siyahıyaalması ilə izah edirlər. Amma azalmanın məhz 2023-cü ildən başlanmasına aydınlıq gətirilmir.

DSK ötən il ölkədə ölüm sayının da azaldığını, doğuşun isə artdığını bildirir.

Azərbaycanda iki nəfər seldə həlak olub

Zəlzələ, sel, daşqın, tufan və digər təbii fəlakətlər zamanı əmlakınızı necə sığortalamalı
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Azərbaycanın qərbində Gəncəçay çayında sel nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə Regional Qrupundan "Turan"a verilən məlumata görə, mayın 25-də sel nəticəsində Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfərin itkin düşməsi haqqında məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, həmin şəxslərin meyitləri mayın 26-da səhər Gəncə şəhərində çayın aşağı axınında tapılıb.

"Mayın 25-də Göygöl rayonunda sel axınları bəzi kəndlərdə qaz, işıq, rabitə xətlərinə və yollara ziyan yetirib", - yerli qurumlardan bildirilib. İlkin məlumata əsasən, sel nəticəsində beş nəqliyyat vasitəsinə ziyan dəyib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal və qərb rayonlarında yağıntılar mayın 31-nə qədər davam edəcək. Dağlıq və dağətəyi rayonlarda yağıntı intensiv xarakterli ola bilər. Tufan olacağı, dolu düşəcəyi ehtimalı var.

Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırılacaq

Azerbaijan -- manat (national currency)

Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırıla bilər.

Bununla bağlı Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu qərar verib.

Məhkəmənin saytında mayın 23-də yayılan məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Plenumunun növbəti iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəlləsinin 269.1-ci (Girov və ipoteka hüququ anlayışı), 269.5-ci, 460.1-ci (Öhdəliklərin icrasının təmin edilməsi üsulları) və 1306.1-ci (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Məlumata görə, iş üzrə hakim K.Şəfiyevin məruzəsi, Bakı Apellyasiya Məhkəməsi, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi, Ali Məhkəmənin Mülki Kollegiyası, Vəkillər Kollegiyası, Azərbaycan Banklar Assosiasiyasının mülahizələri və iş materialları araşdırılıb və qərar qəbul edilib:

“Qərarda deyilir ki,… borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.”

Habelə bildirilir ki, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər:

“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.”

Sənan Paşayev Naxçıvanın prokuroru oldu

Sənan Paşayev

Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.

Bununla bağlı mayın 23-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənan Paşayev ötən ilin dekabr ayının sonlarında Naxçıvan MR prokurorunun müavini təyin olunmuşdu.

O daha əvvəl Azərbaycan Baş Prokurorluğunda İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışmışdı.

Onun adı bir sıra müxalifətçi və jurnalistlərlə bağlı cinayət işlərinin istintaqında tez-tez hallandırılıb.

Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun isə öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi açıqlanmışdı.

Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır. Onun vəzifədən getməsindən təqribən bir həftə əvvəl, dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilmişdi. O 27 il idi ki, həmin vəzifədə çalışırdı.

Şəkidə şagirdlərin kütləvi şəkildə səhhəti pisləşib

Təcili yardım

Şəki rayon Qudula kənd orta məktəbində şagirdlərin səhhətində kütləvi pisləşmə qeydə alınıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Turan"a bildirilib ki, 24 şagird və üç müəllimin zəhərləndiyi güman edilir.

Qurumdan vurğulanıb ki, hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət Şəki şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb: "Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir".

Əlavə edilib ki, ilkin araşdırmalara görə, baş verənlərə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub: "Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənmə yaratdığı ehtimal edilir".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan da Qudula kənd orta məktəbinin 24 şagird və üç müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsini təsdiqləyiblər: "Faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır".

Hələlik, xəstələr və onların yaxınları ilə isə danışmaq mümkün olmayıb.

Pensiyaçıların sayı müstəqillikdə ən aşağıya düşüb

Dövlət kimlərin pensiyasını geri alacaq?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Azərbaycanda pensiyaçıların sayı artıq müstəqillik dövrünün ən aşağı həddinə düşüb.

2023-cü il aprelin 1-də Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101.9 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10.9 faizini təşkil edir. Onların 63.5 faizi yaşa, 23.7 faizi əlilliyə, 12.8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verib. Təkcə bu ilin birinci rübündə 12.3 min nəfər pensiyaçı azalıb.

Bu ilin birinci rübündə Azərbaycanda əmək pensiyalarının orta məbləği ayda 432.3 manat (253.3 ABŞ dolları) təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 16.2 faiz çoxdur.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqillik əldə edib. "Turan" Agentliyinin xəbərinə görə, həmin il 1 milyon 127 min pensiyaçının olduğu açıqlanıb. Ondan əvvəlki illərdə isə pensiyaçı sayı 1 milyondan az olub. 2006-cı ildə onların sayı maksimuma çatıb - 1 milyon 398.8 min nəfər. 2020-ci ilin sonuna 1 milyon 270.5 min nəfər əmək pensiyası alıb.

2017-ci ildən başlayaraq Azərbaycanda pensiya yaşı hər il altı ay artırılır. Onda kişilərdə bu, 63, qadınlarda isə 60 müəyyən edilmişdi. Bu hədd mərhələlərlə 65 yaşa çatdırılır.

Son onilliklərdə Azərbaycanda pensiya yaşı bir neçə dəfə artırılıb.

Şabranda quduzluq xəstəliyi ilə bağlı nəzarətə götürülənlər var

Quduzluq əleyhinə vaksin

Şabran rayonunun Qorğan kəndində bir neçə şəxs quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb. Bu barədə "Turan"a Şabran rayon İcra Hakimiyyətinin Qorğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, artıq dövlət orqanları kəndə baxış keçiriblər.

Əlavə olunub ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakinlərinin birinə məxsus təsərrüfatda qoyunlara hücum edib: "Bir neçə gün keçəndən sonra bəzi qoyunları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil ediblər. Sonra digər qoyunlarının bəzilərinin tələf olduğunu görən həmin o sakin dövlət qurumlarına müraciət edib".

Nümayəndəlikdən vurğulanıb ki, tələf olmuş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib: "Təsərrüfatdakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb".

Bu deyilənləri, hələlik, adı çəkilməyən şəxsi təsərrüfat sahibinin özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə bildirilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin dördü uşaq olmaqla, doqquz sakini quduzluq xəstəliyi ehtimalı ilə mərkəzi rayon xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə deyilib ki, baş vermiş hadisə ciddi nəzarətə götürülüb: "Hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları araşdırmalara başlayıb".

'Günay Bank'ın lisenziyası ləğv edilib

"Günay Bank" (Foto arxiv)

"Günay Bank" ASC-nin lisenziyası ləğv edilib. Bu barədə mayın 16-da Mərkəzi Bankın (AMB) İdarə Heyəti qərar verib.

AMB-nin məlumatında bu, onun məcmu kapitalının tələb olunan minimum miqdardan az olması, habelə cari fəaliyyətini etibarlı və prudensial (təhlükəsiz) qaydada həyata keçirməməsi ilə izah edilir.

""Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində isə cəmi 0.5 faiz təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır", - AMB iddia edir.

"…sığortalanmış 38.5 milyon manat əmanət var"

AMB bildirir ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin onda sığortalanmış əmanətləri üzrə kompensasiyalarını Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək: "Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38.5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99.9 faizinin əmanətləri kompensasiya olunacaq".

Hələlik, qərara "Günay Bank" ASC-dən münasibət almaq mümkün olmayıb.

'İnanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Sığortalanmayan milyonları kim qaytaracaq?

2023-cü il aprelin 1-nə "Günay Bank"ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. AMB-nın məlumatına görə, bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər cəmi 38.5 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti, hələlik, bəlli deyil.

24 oldular

Bu qərarla Azərbaycanda bankların sayı 24-ə düşüb.

Bundan əvvəl 2022-ci ilin oktyabrında Pakistan Milli Bankının Bakı filialının lisenziyası ləğv edilmişdi.

2015-ci ildə isə dünyada neftin qiyməti kəskin düşəndən sonrakı illərdə Azərbaycanın bəzi banklarının böhran yaşadığı açıqlanmışdı. Nəticədə AMB bəzi bankların öhdəliklərini yerinə yetirə bilmədiyini əsas gətirərək onların lisenziyasını ləğv etmişdi. Amma əmanətlərin qaytarılması ilə bağlı illərlə şikayətlər eşidilib.

Ermənistanla məxfi əməkdaşlıqda şübhəli sayılanların tutulduğu deyilir

DTX

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli sayılan şəxslər həbs edilib.

Rəsmi iddiaya görə, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda terror-təxribat əməllərini planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Vurğulandığına görə, o, digər şəxslərlə birgə ölkədə etnik, dini zəmində düşmənçilik salınması və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb: "Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan, onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən Youtube kanalları və digər sosial şəbəkələrdə paylaşılıb".

İki şəxsin Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 28, 214.1 (terrorçuluğa hazırlıq) maddələri ilə ittiham edilərək həbs olunduqları bildirilir.

Hələlik, rəsmi açıqlamada adı çəkilən şəxslərdən, onların yaxınlarından və Ermənistanın rəsmi qurumlarından ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Qarabağ münaqişəsi üzündən hələ SSRİ dönəmindən Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər var.

Moskvadan xüsusi nümayəndə gəlib

İqor Xovayev

Mayın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsidir.

Görüş barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmin məlumata görə, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.

XİN-in bildirməsinə görə, Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəsinin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb.

Xovayev bundan əvvəl ( mayın 10-da) Yerevanda olub və Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb.

İki gün sonra, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü gözlənir.

Mayın 19-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçirilməlidir.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında sülh sazişi imzalanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Fəal saxlanıb Facebook-da yazdıqlarının sildirildiyini deyir

Nüsrət Həsrətli

Ağdaş rayonunda yaşayan ictimai fəal Nüsrət Həsrətlinin mayın 12-də saxlandığı və Facebook-da yazdıqlarının sildirildiyi bildirilir.

Bu barədə N.Həsrətli özü məlumat verib.

N.Həsrətlinin sözlərinə görə, onu bazarda saxlayaraq polis şöbəsinə aparıblar: "Orada mənə dedilər ki, Facebook-da yazma. Mən isə dedim ki, yazacam. Mən Heydər Əliyevi (Prezident İlham Əliyevin atası, keçmiş prezident) tənqid etdiyimə görə saxlanmışam. Şöbədə telefonumu əlimdən alıblar və bütün yazdıqlarımı siliblər, özümü təhqir ediblər".

O, saxlandıqdan bir neçə saat sonra sərbəst buraxıldığını söyləyir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan isə "Turan"a bildirilib ki, Ağdaş rayon sakini N.Həsrətli daxil olmuş müraciət əsasında polis şöbəsinə dəvət edilib və onunla profilaktik söhbət aparılıb. Nazirlikdən vurğulandığına görə, bu məsələdə "siyasi motiv yoxdur".

Baş Prokurorluğun binası qarşısında etiraz (Video)

"Nərmin işi"nə görə 20 il cəza istənildi
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Dörd il öncə yetkinlik yaşına çatmayan şəxsi öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun yaxınları Bakıda Baş Prokurorluğun binası qarşısında şikayətlərini dilə gətiriblər. Onların sözlərinə görə, məhkəmə gedişatı da göstərib ki, İ.Süleymanovun heç bir günahı yoxdur, lakin prokuror məhkəmədə ona 20 il həbs istəyib.

Təqsirləndirilən şəxsin yaxınları habelə əlavə ediblər ki, cinayət işinin içində İ.Süleymanovun günahsız olduğunu üzə çıxarmaq üçün yetərincə ipucuları var, amma məhkəmə onları lazımı səviyyədə araşdırmayıb: "Biz sübutlar göstəririk, amma İlkin buraxılmır. Niyə?".

Daha sonra İ.Süleymanovun yaxınları Baş Prokurorluğa qəbula keçdilər.

Hələlik, onların narazılığına Baş Prokurorluq və Gəncə Ağır Cinayətlər Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Mayın 3-ü Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı İ.Süleymanova 20 il həbs cəzası istəyib.

Xatırlatma

Tovuz rayonunun Dondar Quşçu kənd sakini İ.Süleymanov 2019-cu ilin noyabrında itkin düşən 10-yaşlı həmkəndlisi Nərmin Quliyevanı oğurlayaraq öldürməkdə ittiham olunur. Onun itkin düşməsindən 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

48-yaşlı İ.Süleymanov azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanır. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə İ.Süleymanovun işgəncə iddialarını təkzib edib.

9 May - Qələbə Günü qeyd olunur

'Ay pulemyot, mənim başıma çox oyun açmısan'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Bu gün, Azərbaycanda rəsmən Qələbə (1941-1945-ci il faşizm üzərində) Günü kimi qeyd edilir. Artıq həmin tarixi qələbədən 78 il keçir.

Əslində İkinci Dünya müharibəsi 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb.

1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın (1991-ci ildə müstəqilliyini bərpa edib) da daxil olduğu SSRİ-yə hücum edib.

1945-ci ildə başa çatan bu müharibə ilə bağlı Qələbə Gününü Avropa ölkələri mayın 8-də qeyd etsə də, Ukrayna istisna olunmaqla keçmiş SSRİ məkanında mayın 9-na üstünlük verilir.

Bu müharibədə Azərbaycan SSRİ-dən 660 min şəxs iştirak edib. Onlardan təqribən yarısının geri dönmədiyi bildirilir.

78 il öncə Azərbaycana qələbə ilə dönən döyüşçülərdən indi bu bayramı 51 nəfərin qeyd etdiyi bildirilir.

MN: Ermənistan Laçında traktoru atəşə tutub

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələri Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərində mühəndis işləri görən traktoru atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri cavab tədbirləri görüb.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında sülh sazişi imzalanmayıb. Sonuncu belə danışıqlar isə bu həftə ABŞ-ın paytaxtı Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində aparılmışdı.

İki ölkə arasında sərhəd mübahisələri də davam edir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

RLC internet kanalı fəaliyyətini dayandırıb

RLC

"Red Line Channel" (RLC) internet kanalı fəaliyyətini müvəqqəti dayandırır. Bu barədə AzadlıqRadiosuna kanalın rəhbəri Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, RLC bir neçə ay öncə ofisdən çıxarılıb: "Kanalımızın əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Hakimiyyətin hətta ən yüksək dairələrinin, prezidentin çıxışları təhlil edilirdi. Bu fəaliyyətimizə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı".

Amma o bu məsələdə ad çəkmir və detalları açıqlamır.

S.Qasımlı bildirib ki, bu ilin martında kanalın Facebook səhifəsi ələ keçirilib və son bir illik yüz minlərlə baxış materialları silinib: "Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəlib".

"Maliyyə dayaqları tapmaq çox çətindir"

Baş redaktor vurğulayıb ki, mətbuat azadlığının boğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir: "RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar - müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi və ona görə də fəaliyyətini dayandırmağa məcbur oldu".

Məsləyə, hələlik, rəsmi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə mətbuat azadlığının boğulması ilə bağlı fikirləri əsaslı saymırlar.

"Red Line Channel" (RLC) internet kanalı 2019-cu ildən fəaliyyət göstərirdi.

Azərbaycan diplomatları da İranda 'arzuolunmaz şəxs' elan edilib

Azərbaycanın İrandakı səfirliyi

İran Azərbaycan diplomatik korpusunun dörd əməkdaşını "arzuolunmaz şəxs" elan edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən mayın 5-də bildiriblər.

Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə xatırladıb ki, bu ilin aprelində İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşını "Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə" Azərbaycan hökuməti persona-non-qrata (arzuolunmaz şəxs) elan etmişdi: "İran tərəfi, öz növbəsində, Azərbaycanın bu addımından bir neçə gün sonra heç bir əsas olmadan ... ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş iki əməkdaşı və Baş konsulluğun iki əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir".

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyindən isə açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

Son illər Azərbaycan və İran Arasında münasibətlərin gərginləşməsi ilə bağlı hər iki tərəfdən qarşılıqlı ittihamlar səslənib. Bu il yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin yaralandığı açıqlanıb. Bundan sonra səfirliyin işçiləri İrandan təxliyə edilib. Amma Azərbaycanın orda konsulluğu fəaliyyət göstərməkdədir. Səfirliyə silahlı hücumdan sonra İran rəhbərliyi olayın araşdırılacağını bildirmişdi.

Mərkəzi Bank uçot dərəcəsini artırıb

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9 faizə çatdırılıb. Habelə, faiz dəhlizinin aşağı həddi 0.5 bənd artırılaraq 7.5-ə, yuxarı həddi isə 0.25 bənd artırılaraq 10 faizə qaldırılıb.

Bununla bağlı Mərkəzi Bankın mayın 3-də yaydığı açıqlamada vurğulanır ki, bu qərar daxili, xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib: "Qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyl etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini iki dəfədən çox üstələmişdir. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8 faiz olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6 faiz və 10.8 faiz təşkil edir".

Pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il iyunun 21-də açıqlanacaq.

Uçot dərəcəsi ölkədəki mövcud iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. İqtisadi nəzəriyyəyə görə, əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək-azaltmaq siyasəti həyata keçirir.

Əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də adətən endirilir. İqtisadçılar hesab edirlər ki, bu halda əhalinin banklardan kredit götürməyi asanlaşır və iqtisadiyyatda canlanma yaranır.

Azərbaycan vətəndaşının atla minaya düşüb həlak olduğu deyilir

Bu gün, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minalardan təmizlənməmiş yerdə bir Azərbaycan vətəndaşının minaya düşərək həlak olduğu bildirilir.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul, Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü bir şəxs at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

Amma, hələlik, rəsmi məlumata orada adı çəkilən mərhumun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 cıvarında şəxs minaya düşüb, onların 50-dən çoxu həlak olub.

Azərbaycan son illərdə ərazisində saxlanan Ermənistan hərbi qulluqçularının bir hissəsinin qaytarılması əvəzində işğal edilmiş ərazilərə aid mina xəritələrini aldığını açıqlayıb.

Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi. Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan demişdi ki, “biz əlimizdə olan xəritələri Azərbaycana vermişik”.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Cəbrayıl daxil) nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

'Formula 1' Azərbaycanda daha 3 il davam edəcək

Formula 1 Azərbaycan Qran -Prisi, Bakı şəhəri 29 aprel 2018

Formula 1 Azərbaycan Qran-Prisi daha 3 il -2026-cı ilə qədər davam edəcək. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.

Azərtac xəbər agentliyinin məlumatına görə, bunu Gənclər və idman naziri Fərid Qurbanov deyib.

Agentliyin məlumatına görə, nazir Formula 1 Azərbaycan Qran-Prisinin təşkilini ölkə üçün qürur mənbəyi adlandırıb.

'Formula-1 Gəncədə, Mingəçevirdə, nə bilim, Sumqayıtda ola bilərdi'
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Bu yarışlar Bakıda 2016-cı ildən keçirilir. Həmin vaxt təşkilatçı tərəflə bağlanan mövcud müqaviləyə əsasən, Bakı 2023-cü il bu yarışlara sonuncu dəfə ev sahibliyi etməli idi.

Amma ötən həftə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov Formula-1 Azərbaycan Qran-Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqların getdiyini bildirmişdi.

Apreln 28-30-da baş tutan bu tədbirlə bağlı hazırlıqlar martın sonundan başlanılıb. Şəhərin mərkəzində dəmir qəfəslərin, yollarda beton blokların quraşdırılmasına başlanıb. Mərkəzi yolların müəyyən hissəsinin bağlanması fonunda yarışın növbəti illərdə də davam edəcəyi ehtimalı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Rəsmi məlumata görə, Formula-1 üçün biletlərin qiyməti 40-870 manat arasında dəyişir. O da qeyd olunur ki, ən çox bilet Azərbaycan, Böyük Britaniya və Niderlanddan alınıb. Nazirlikdən "Turan" a verilən məlumata görə, ümumilikdə biletlər 100-dən artıq ölkənin vətəndaşlarına satılıb.

'Bu yarışı birdəfəlik ləğv eləsəydilər, canımız qurtarardı'
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Rəsmi məlumatlarda o da bildirilir ki, 2022-ci ildə yarışın keçirildiyi vaxt ölkəyə 70-dək ölkədən 10 minə yaxın turist gəlib.

Qurumdan iddia edildiyinə görə, bu yarışların Azərbaycanda keçirilməsinin bir çox üstünlükləri var: "Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, həmin yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir".

Formula-1 2020-ci ildə koronavirus səbəbindən Azərbaycanda təxirə salınıb. 2021-ci il isə azarkeşsiz keçirilib.

İlham Əliyev Türkiyədə səfərdə olub

İlham Əliyev və Recep Tayyip Erdoğan, Türkiyə, 9 avqust 2022

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın dəvəti ilə baş tutduğu bildirilir.

İki ölkənin prezidentləri “TEKNOFEST” festivalında iştirak ediblər. Bu festival 2022-ciildə Azərbaycanda keçirilib.

İlham Əliyev 2023-cü ildə bir neçə dəfə Türkiyəyə səfər edib.

Son günlər Türkiyə prezidentinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır. Onun seçki təbliğatına həsr olunmuş tədbirlərinin təxirə salınması da bununla əlaqələndirilir.

Türkiyə səhiyyə nazirinin açıqlamasına görə, Ərdoğana mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.

Ərdoğan aprelin 25-də Türkiyənin Ülke TV və Kanal 7 telekanallarına canlı müsahibəsini yarımçıq dayandırıb.

20 dəqiqəlik fasilədən sonra efirə dönən Türkiyə prezidenti qastroenteritə tutulduğunu bildirib və tamaşaçılardan üzr istəyib.

3  nəfərin minadan həlak olduğu deyilir

Goranboy yaxınlığında minalanmış sahə (Arxiv fotosu)

Aprelin 28-də Azərbaycanın Tərtər rayonunda mina partlaması nəticəsində 3 nəfərin həlak olduğu bildirilir.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, partlayış Tərtər rayonunun Talış kəndindən (işğal altında olub) Tapqaraqoyunlu (Goranboy rayonun bu kəndi isə işğal edilməyib) kəndi istiqamətində olan minalardan təmizlənməmiş ərazidə baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkətində çalışan 3 şəxsin həlak olduğu bildirilir.

Bu məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən də təsdiq ediblər.

Amma rəsmi açıqlamalara, hələlik, orda həlak olduqları açıqlanan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Tərtər, Goranboy Azərbaycan və Ermənistan arasında münaqişəsyə səbəb olan Dağlıq Qarabağ bölgəsinə bitişik rayonlardır.

Xatırlatma

2020-ci ildə, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə, ətraf 7 rayona və bəzi başqa ərazilərə ( Tərtər rayonunda. Bu rayonun böyük hissəsi işğalda olmayıb) nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayonu və başqa daha bir neçə məntəqə işğal edilmişdi.

Davamı

XS
SM
MD
LG