Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:39

'İslahatlar inhisarçılığın aradan qaldırılmasına yönəldilməlidir'-deputat (Media icmalı)


Kasıblıq
Kasıblıq

Ölkədə korrupsiya, prezidentin islahatlarla bağlı açıqlaması ətrafında müzakirələr, futbol üzrə Azərbaycan yığmasının durumu və başqa məsələlər medianın toxunduğu mövzularındandır. Novruz tətili ilə bağlı rəsmi qəzetlər isə dərc edilməyib....

«Vətəndaş bazardan qoz-fındıq ləpəsini qramla alır ki,...»

Azadliq.info saytında «Milyardların oyuncağa çevrildiyi ölkə» sərlövhəli yazı oxumaq olar olar.

Müəllif yazıb ki, Azərbaycan ziddiyyətlər toplusuna çevrilib. Yazıda vurğulandığına görə, vətəndaş sabah nə yeyəcəyini düşündüyü halda, hökumət milyardları əhatə edir: «Artıq bu milyard söhbəti o qədər adiləşib ki, qəpiyə güllə atanlar da adi qarşılayır. Heç kim bu məbləğin real qüdrətini təsəvvür etmir. 1 milyard 100 min paçka 100-lük dollar deməkdir. Bu isə təxminən 8 ton pul deməkdir».

Müəllif hesab edir ki, mənimsənilən vəsaitlərə təkcə pul kimi baxmaq düzgün deyil: «Bu, həm də insan taleyidir, vətəndaşın arzularıdır, keyfiyyətli təhsil və səhiyyədir, güclü ordudur, real iqtisadiyyatdır, gələcək nəsillərin təminatıdır. Yəni, hər dəfə milyardların oğurlanması, bu sahələrin şikəst edilməsi, fürsətlərin əldən verilməsi sabahların qaranlıqlaşması deməkdir».

Yazının sonunda da oxuyuruq: «Bir vaxtlar maşın-maşın cehizi olanlara həsədlə baxırdılar, indi maşın-maşın dolları cehiz aparanlar var. Vətəndaş isə bazardan qoz-fındıq ləpəsini qramla alır ki, bayramda süfrəyə sürpriz eləsin…».

Ə.Məsimli
Ə.Məsimli

«Məmurla vətəndaş arasında məsafə yaradılmalıdır»

«Yeni Müsavat» qəzetində «Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir» sərlövhəli yazı yer alır.

Yazıda xatırlanıb ki, prezident İlham Əliyev Novruz bayramı ilə bağlı xalqa müraciətində siyasi, iqtisadi, məhkəmə hüquq, təhsil və səhiyyə sahəsində islahatların hazırlandığını bəyan edib.

Deputat Əli Məsimli isə qəzetə deyib ki, 2016-cı il dekabrın 6-da təsdiq edilən Azərbaycanın milli iqtisadiyyatının perspektivləri üzrə Strateji Yol Xəritəsində 11 sektor üzrə nəzərdə tutulan tədbirlər həyata keçirilir. Strateji Yol Xəritəsi 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı üç dövrü əhatə edir.

Deputatın fikrincə, imitasiyaya və manipulyasiyalara yer olmasa, islahatlar dərinləşər, davamlı xarakter alar: «Hər şeydən əvvəl çox ciddi bir fundamental suala aydın cavab verilməlidir ki, Azərbaycan atdığı islahat xarakterli addımlarla neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən hansı modelə keçmək istəyir? Fikrimizcə, bu islahatların əsas hədəfi insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin təmin edilməsi olmalıdır».

Deputat habelə vurğulayıb ki, biznesdə məmur-nomenklatur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılmasına ehtiyac var. Onun fikrincə, dövlətin, cəmiyyətin, biznesin, qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunmalı və bu əsasda ölkədə yenidən sürətli, rəqabətədavamlı inkişaf təmin edilməlidir: «İslahatlar inhisarçılığın forma dəyişikliyi ilə müşayiət olunaraq monopoliyanın daha da gücləndirilməsinə yox, inhisarçılığın aradan qaldırılmasına, azad rəqabətin, azad sahibkarlığın inkişafına yönəldilməlidir. Bundan ötrü hər şeydən əvvəl inkişafımızı ləngidən məmur sahibkarlığı və onun törəməsi olan inhisarçılıq, korrupsiya, məmur özbaşınalıqları, kölgə iqtisadiyyatının aradan qaldırılmasına yönəlik sistemli tədbirlərin həyat keçirilməsini zəruri hesab edirik».

Deputatın fikrincə, korrupsiyaya ilə mübarizənin ən effektli üsulu kimi iqtisadiyyatın rəqəmsallaşdırılmasının genişləndirilməsi və bu əsasda məmurla vətəndaş arasında məsafə yaradılması vacibdir.

Q.Qurbanov
Q.Qurbanov

Qurban Qurbanov yığmadan danışdı

«Report» saytında «Qurban Qurbanov: «Neftçi»nin çempion olacağına dair mənə heç nə deyilməyib» sərlövhəli yazı dərc edilib.

Yazıda «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovla söhbət təqdim edilir. Sayt ona «Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matç barədə nə deyə bilərsiniz» sualı ilə müraciət edib. Q.Qurbanov ötən il futbol üzrə yığmaya rəhbərlik edib.

«Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar», - deyə o, cavab verib.

«Yığmaya rəhbərlik etdiyiniz vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi» sualına isə o, belə cavab verib: «Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. «Qarabağ»da həmin mövqedə çıxış edir».

Sayt nəhayət, millinin keçmiş məşqçisinə belə bir sual verib: «Milli bu oyunla Avropa çempionatına vəsiqə qazana bilər?».

Q.Qurbanov isə bunları bildirib: «Yenə deyirəm, fikir bildirməyim düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram».

XS
SM
MD
LG