Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:03

Dünya xəbərləri

Kabildə partlayışlarda 6 nəfər öldürülüb

Əfqanıstan, arxiv fotosu

Martın 21-də Kabildə bir neçə partlayışda altı nəfər həlak olub, 23 nəfər yaralanıb. Açıqlamanı Səhiyyə Nazirliyinin sözçüsü verib.

Partlayışlar paytaxtın qərbində yerləşən Karti Saxi şiə məbədində və məzarlıqda baş verib, səbəbləri barədə müxtəlif məlumatlar gəlir.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyib ki, Novruz bayramını qeyd etməyə toplaşanlara atəş açılıb.

Müdafiə Nazirliyi dinc sakinlərin evlərinə və Novruz şənliklərinə üç raket atıldığını bildirib. Nazirlik hücum edənin saxlandığını, ərazinin mühafizə olunduğunu qeyd edib.

Məbədə gedən yollar bağlanıb.

Adətən, adamlar məbəd üzərinə yaşıl bayraqlar taxır, məzarların kənarına bayram şirniyyatı düzürlər.

Hücuma görə məsuliyyəti götürən olmayıb, amma əvvəllər İslam Dövləti (İŞİD) qruplaşması Əfqanıstanda şiələri hədəfə alıb. İŞİD şiə müsəlmanları kafir sayır.

Bütün xəbərləri izləyin

ABŞ-da ilk 'X' gender işarəli pasport verilir

Ukraynada LGBT fəalların yürüşü

ABŞ-ın LGBT hüquqları üzrə xüsusi diplomatik elçisi Cesika Stern sözügedən addımı “tarixi” adlandırıb, hökumət sənədlərini “həyati reallığa” yaxınlaşdırdığını vurğulayıb

Birləşmiş Ştatlarda “X” gender işarəli ilk pasport verilib. Bu, özünü nə kişi, nə qadın hesab edənlərin hüquqlarının tanınması istiqamətində böyük uğur hesab edilir.

Dövlət Departamenti məlumatı oktyabrın 27-də yayıb, amma pasportun kimə verildiyini açıqlamayıb. Departament bildirib ki, “gərəkən sistem və anket formalarına yeniləmələr 2022-ci ilin əvvəlinə hazır olan kimi bu seçim bütün pasport ərizəçilərinə təqdim olunacaq”.

ABŞ-ın LGBT hüquqları üzrə xüsusi diplomatik elçisi Cesika Stern sözügedən addımı “tarixi” adlandırıb, hökumət sənədlərini “həyati reallığa” yaxınlaşdırdığını vurğulayıb. Diplomat insan cinsi xüsusiyyətlərinin öncəki iki təsnifatdan daha geniş olduğunu sözlərinə əlavə edib.

Bundan sonra Dövlət Departamenti ərizəçilərə cinsini kişi, yaxud qadın kimi göstərmək seçimi tanıyacaq, ərizəçi digər identifikasiya sənədlərindən fərqli gender seçərsə buna görə tibbi sənəd tələb olunmayacaq.

İndiyədək azı 10 ölkə vətəndaşlarına pasportlarında kişi, ya qadından fərqli seçim etmək hüququ verib. Argentina, Avstraliya, Kanada, Almaniya və Hindistan bu sıradadır. Məlumatı Bərabərlik və İnklüzivlik uğrunda İşəgötürənlər Şəbəkəsi yayıb.

Qazaxıstan və Türkmənistan da delimitasiyanı müzakirə ediblər

Qasım-Jomart Toqayev

İki ölkə arasında 495 kilometrlik dövlət sərhədi var. Qazaxıstan və Türkmənistan demarkasiya və delimitasiya haqqında müqaviləni 2001-ci ildə bağlayıblar

Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev Türkmənistana səfəri zamanı bu ölkənin prezidenti ilə ikitərəfli bağları, regional təhlükəsizliyi və sərhədin delimitasiyasını müzakirə etdiyini deyib.

Bu danışıqlar oktyabrın 25-də Toqayevin Aşqabada səfərinin ikinci və sonuncu günündə keçirilib.

Görüşdən sonra danışan Toqayev bildirib o Türkmənistan tərəfi ilə iki ölkə arasındakı quru sərhədinin delimitasiyası və Xəzər dənizindəki balıqçılıq zonaları sərhədinə dair bir sıra “mühüm sənədlər” imzalayıb.

İki ölkə arasında 495 kilometrlik dövlət sərhədi var. Qazaxıstan və Türkmənistan demarkasiya və delimitasiya haqqında müqaviləni 2001-ci ildə bağlayıblar.

Toqayev bunu da qeyd edib ki, iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var.

Qazaxıstan prezidenti vurğulayıb ki, onun türkmən həmkarı Qurbanqulı Berdımuxammedov Əfqanıstandakı vəziyyət barədə “müfəssəl” məlumat verib.

Türkmənistan prezidenti bildirib ki, “uzun müddətdir iztirab çəkən Əfqanıstanla” regional təhlükəsizliyin gücləndirilməsi naminə əməkdaşlıq edilməlidir.

Kabildə acından ölmüş səkkiz yetim uşağın meyiti tapılıb

Əfqanıstan, Kabul, qaçqın düşərgəsi

Uşaqlar təxminən üç həftə əvvəl Kabilin 13-cü məhəlləsində ölüblər.

Kabildə acından ölən 8 uşağın meyiti tapılıb. Bu barədə mətbuata etnik Hazaranın siyasi lideri və Əfqanıstan parlamentinin keçmiş üzvü Məhəmməd Mohaqiq məlumat verib.

Oktyabrın 24-də “Facebook” səhifəsində açıqlama yayan Məhəmməd Mohaqiq bildirib ki, uşaqlar təxminən üç həftə əvvəl Kabilin 13-cü məhəlləsində ölüblər.

O bildirib ki, onları yerli molla və tapdıqları məhəllə sakinləri dəfn ediblər.

Məhəmməd Əli Bamiani adlı yerli molla, uşaqlarının ölümüylə bağlı təfərrüatlar verərək, ən böyük uşağın təxminən səkkiz, ən kiçiyinin isə yaş yarımda körpə olduğunu deyib.

"Onların heç kimləri yox idi. Onların valideynləri ölüb, yaxın qohumları olmayıb” deyə Bamiani bildirib. O, uşaqların cəsədlərinin tapıldığı evə girdiyini söyləyib.

Əfqanıstanın Taliban hərəkatının rəhbərlik etdiyi hökumət hələlik ölənlərlə bağlı açıqlama verməyib.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, tezliklə humanitar yardım göstərilməyəcəyi təqdirdə kütləvi aclıq da daxil olmaqla Əfqanıstan böyük bir humanitar böhranla üzləşə bilər.

Taliban Əfqanıstanı ələ keçirəndən bəri

Bu ilin avqustunda Taliban bütün Əfqanıstanı ələ keçirəndən sonra ölkəyə beynəlxalq yardımlar verilməsi dayandırılıb.

Qərb hökumətləri devrilmiş Əfqanıstan hökumətinin Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl xarici bank hesablarında saxladığı təxminən 9,4 milyard dollar dövlət vəsaitini dondurub.

Taliban xəbərdarlıq edib ki, Əfqanıstandakı ağır iqtisadi vəziyyət və vəsaitlər blokdan çıxarılmasa, bu qaçqınların ölkəni tərk etməsinə səbəb olacaq.

İş əvəzinə buğda

Oktyabrın 24-də Talibanın rəhbərlik etdiyi hökumət minlərlə insana iş əvəzinə buğda təklif edərək aclıqla mübarizə aparmağa kömək edəcəyini söyləyən bir proqram başlayıb.

Taliban sözçüsü Zabiullah Mücahid bildirib ki, bu sxem Əfqanıstanın böyük şəhərlərində və digər bölgələrində də həyata keçiriləcək və təkcə Kabildə 40 min nəfəri işə götürmək nəzərdə tutulub.

Planı "işsizliklə mübarizə üçün mühüm addım" adlandıran Mücahid, buğda alanların quraqlıqla mübarizə aparmaq üçün təpələrdə su kanalları və qar tutma terrasları qazaraq "çox işləməli" olacağını söyləyib.

Onun sözlərinə görə, proqram iki ay davam edəcək və 11 600 ton buğdanın Kabildə, 55 000 tonu isə Əfqanıstanın başqa yerlərində - Herat, Cəlalabad, Qəndəhar, Məzari Şərif və Pol-e Xomri şəhərlərində paylanacağını vurğulayıb.

Digər xəbərlərə görə, Talibanın rəhbərlik etdiyi hökumətin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi oktyabrın 23-də Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri Deborah Lyons ilə Əfqanıstandakı iqtisadi böhranı müzakirə etmək üçün görüşüb.

BMT nümayəndəsi əmin edib ki...

Oktyabrın 24-də yaydığı bəyanatda Taliban sözçüsü Əbdül Qahar Balkhi deyib ki, Lyons Müttəqini əmin edib ki, Əfqanıstana humanitar yardım göstərmək üçün BMT əməkdaşları artırılacaq.

Balkhi həmçinin bildirib ki, Lyons ABŞ-a səfər edəcəyini və Əfqanıstanın bloklanmış dövlət maliyyə ehtiyatları məsələsini qaldıracağını vəd edib. Balkhi, "Taliban" ın ölkədəki bütün ehtiyacı olanlara humanitar yardım çatdırmağa tamamilə hazır olduğunu da iddia edib.

Lakin beynəlxalq ictimaiyyətdə və əfqanlar arasında Talibanın humanitar yardımı ədalətli şəkildə ayıracağına dair güclü şübhələr var - xüsusən də etnik həzara, etnik tacik və etnik türk azlıqlara və ya Talibana qarşı döyüşən digər qruplara. Hələki heç bir ölkə Talibanı Əfqanıstanın qanuni hökuməti olaraq tanınmayıb.

Rusiya, həbsxanalarda işgəncə videolarını mətbuata ötürəni axtarışa verib

Sergey Saveliyev , Gulagu.net-ə videoları verən

Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə Daxili İşlər Nazirliyi Gulagu.net layihəsinin informatoru Sergey Savelyevi axtarışa verib.

"Nastoyashcheye Vremya"ının verdiyi məlumata görə, adı çəkilən şəxsin həbsi və Rusiyaya ekstradisiyası üçün sənədlər hazırlanmaqdadır.

Gulagu.net layihəsinin rəhbərliyinin Daxili İşlər Nazirliyinə rəsmi müraciəti və bu idarənin əməkdaşlarının rəsmi cavabı Sergey Savelyevin Rusiyaya ekstradisiyası üçün sənədlərin hazırlanması barədə məlumatı təsdiqləyir.

Gulagu.net-in təsisçisi Vladimir Oseçkin teleqram kanalında belə yazır:

"İşgəncə xəbərdarının ünvanına "təşəkkür və "sağ ol"sözləri əvəzinə" - axtarış və həbs etmək və nəyin bahasına olursa-olsun Rusiyaya qaytarmaq cəhdi.Rusiya təhlükəsizlik qüvvələri özlərini ifşa edir və dünyaya insanlıq əleyhinə və insanlığa qarşı cinayətləri öyrənməkdə kömək edən adamı susdurmağa çalışır. Bu qərar 100% siyasidir və ona Vladimir Putin tərəfindən sanksiya verilib. Bu onların bizə cavabıdır. Onlar bütün həqiqəti söyləyənləri həbs etmək və hakimiyyətlərindən siyasi məqsədlər üçün sui-istifadə etmək istəyirlər. Onların növbəti addımı İnterpola sorğu göndərmək olacaq. Federal Penitensiar Xidmətdə və bütün istintaq-məhkəmə sistemində islahatlar aparılıncaya qədər Rusiya Federasiyasının İnterpolda iştirakına moratorium tətbiq etməyi bu beynəlxalq təşkilata təklif etmək üçün İnterpola da sənədlər göndərəcəyik. Həbs edilmiş və məhkum edilmiş şəxslərə qarşı işgəncə konveyerləri.

Bəli, biz Sergeyi onlara verməyəcəyik!" deyə Vladimir Oseçkin yazıb.

Oktyabrın əvvəlində Gulagu.net saytı Saratov vilayətindəki Federal Penitensiar Xidmətin vərəm xəstəxanasında məhbusların işgəncə, zorakılıq və zorlanması ilə bağlı səs yazılarını dərc edib.

Bundan sonra xəstəxana rəhbərliyi vəzifədən azad edilib və hadisə ilə bağlı bir neçə cinayət işi açılıb. Belarus vətəndaşı, ixtisasca proqramçı olan Sergey Savelyev vərəm xəstəxanasından olan qeydləri hüquq müdafiəçilərinə təhvil verib.

"Nastoyashcheye Vremya"ya müsahibəsində o belə videoları Rusiya üzrə əksər həbsxanalardan əldə etdiyini deyib. Həbsxanalarla bağlı video nəzarətin ümumi şəbəkədə birləşdirldiyini deyən Savelyev həmin videoları necə əldə etdiyi barədə suala cavab olaraq bu məsələdən danışmaq istəmədiyini deyib.

"Beş il orada işlədim, kompüter arxasında oturdum, sənədləri çeşidlədim, video arxivlərlə, video kameralarla və xidməti videoregistratorlarla işlədim - bu, mənim vəzifələrimin bir hissəsi idi. Həmin sənədləri çölə çıxarmaq yalnız mənim azadlığa çıxmamdan sonra mümkün oldu".

O, narkotik alveri ittihamı ilə doqquz il həbs cəzası çəkərkən Saratov vilayətindəki FSIN vərəm xəstəxanasında videonəzarət kameralarına cavabdeh şəxs olub. Azadlığa çıxmazdan əvvəl Savelyev əldə etdiyi bütün matrealları diskə köçürüb, onu koloniyadan çıxara bilib. O saatlarla davam edən video yazıları Gulagu.net saytının təsisçisi Vladimir Oseçkinə verib. Hazırda Fransada olduğu bildirilən keçmiş məhbusun həmin ölkədən siyasi sığınacaq istədiyi bildirilir.

ABŞ Şimali Koreyanı danışıqlara çağırır, Pxenyanınsa şərti var

ABŞ-ın Şimali Koreya Xüsusi Nümayəndəsi Sung Kim və Cənubi Koreyanın Koreya Yarımadasının Sülh və Təhlükəsizlik İşləri üzrə Xüsusi Nümayəndəsi Noh Kyu-duk, 24 oktyabr 2021

ABŞ-ın yüksək səviyyəli diplomatı Seulda Cənubi Koreya rəsmiləri ilə görüşdən sonra Şimali Koreyanı son silsilə raket sınaqlarına son qoymağa və danışıqları bərpa etməyə çağırıb

ABŞ Şimali Koreyanı raket buraxılışlarını dayandırıb danışıqlara qayıtmağa çağırır.

ABŞ-ın yüksək səviyyəli diplomatı Seulda Cənubi Koreya rəsmiləri ilə görüşdən sonra Şimali Koreyanı son silsilə raket sınaqlarına son qoymağa və danışıqları bərpa etməyə çağırıb.

ABŞ-ın Şimali Koreya məsələləri üzrə yüksək səviyyəli rəsmisi Sung Kim Şimali Koreyanı “bu təxribatları və digər sabitliyi pozan fəaliyyətləri dayandırmağa və bunun əvəzinə dialoqa girməyə” çağırıb.

O, ABŞ-ın “ilkin şərt olmadan Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə görüşməyə hazır olduğunu” təkrar edərək, “KXDR-ə qarşı heç bir düşmən niyyətinin olmadığını” açıq şəkildə ifadə edib.

Kim, Seulda Cənubi Koreyalı həmkarı ilə görüşdən sonra jurnalistlərlə danışıb.

Bu görüş, Şimali Koreyanın sualtı qayıqla ballistik raket sınağı keçirməsindən bir neçə gün sonra baş tutub.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin oktyabrın 19-da yayımladığı bu tarixsiz fotoşəkildə sınaq zamanı yeni sualtı qayıqdan buraxılan ballistik raket görünür.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin oktyabrın 19-da yayımladığı bu tarixsiz fotoşəkildə sınaq zamanı yeni sualtı qayıqdan buraxılan ballistik raket görünür.

Kim bildirib ki, raket BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və "KXDR-in qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır".

Biden administrasiyası dəfələrlə ilkin şərt olmadan Şimali Koreya ilə "istənilən yerdə və istənilən vaxt" görüşməyə hazır olduğunu bildirib.

Şimali Koreya isə danışıqlara qayıtmaq məsələsində ABŞ -ın Pxenyanla bağlı düşmənçilik siyasətindən əl çəkməsini şərt kimi irəli sürür.

Özbəkistanda prezident seçilir-yenilənir

Özbəkistan, Səmərqənd şəhərində seçki məntəqəsi

Oktyabrın 24-də Özbəkistanda prezident seçkiləri keçirilir. Prezident yeri uğrunda mübarizə aparanlardan bir də indiki dövlət başçısıdır.

Özbəkistanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin baş tutduğunu bildirir. Rəsmi məlumatlara görə, saat 13:00-a qədər seçici fəallığı 33%-i ötüb. Ümumilikdə respublikada 19,86 milyona yaxın seçici qeydə alınıb.

***

Özbəkistanda prezident seçkiləri keçirilir. AzadlıqRadiosunun özbək xidmətinin məlumatına görə, prezidentlik uğrunda beş nəfər mübarizə aparır: Narzulla Oblomurad (Ekologiya partiyası), Baxrom Abduxalimov ("Ədalət" partiyası), indiki ölkə başçısı Şavkat Mirziyayev (Özbəkistan Liberal Demokrat Partiyası ), Maksuda Varisova (Özbəkistan Xalq Demokratik partiyası) və Alişir Kadırov (“Milli bərpa” partiyası).

Qazeta.uz xəbər verir ki, hazırkı dövlət başçısı, Özbəkistan Liberal Demokrat Partiyasından (UzLiDep) prezidentliyə namizəd Şavkat Mirziyayev Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59-cu seçki məntəqəsində səs verib.

Şavkat Mirziyoyev ailə üzvləri ilə səsvermədə, 24 oktyabr 2021
Şavkat Mirziyoyev ailə üzvləri ilə səsvermədə, 24 oktyabr 2021

Seçki günündə foto çəkmək qadağası

Sayt dərhal da əlavə edir ki, paytaxtın bəzi seçki məntəqələrində fotoqrafların gəlişindən heç də məmnun deyillər. Beləki Özbəkistanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 24-də keçiriləcək prezident seçkiləri zamanı bülletenlərin şəklini çəkməyin və sosial şəbəkələrdə şəkillərin yerləşdirilməsini qəti qadağan etdiyini açıqlayıb.

MSK -nın rəsmi açıqlamasına görə, bülletenlərin fotosunun çəkilməsi gizli səsvermə prinsipinin pozulması deməkdir. Bununla bağlı bütün seçki məntəqələrində səsvermə kabinələrində çəkilişi qadağan edən plakatlar asılır.

Bundan başqa 357-ci məntəqədə bir neçə pasportla səs vermək istəyənlərin olduğu müşahidə olunub. Amma məntəqə nümayəndələri buna imkan verməyiblər.

Bugünkü seçkilər, Özbəkistan SSR-də 1990-cı ildə keçirilmiş dolayı prezident seçkilərindən başqa, ölkə tarixində altıncı birbaşa prezident seçkisi hesab olunur.

Seçkiləri 971 beynəlxalq müşahidəçinin izlədiyi bildirilir. Bundan başqa siyasi partiya nümayəndəsi və müstəqil müşahidəçi olmaqla 63 mindən çox adam qeydiyyata alınıb.

ABŞ hərbi yardımının 3-cü hissəsi Ukraynaya çatdırılıb

ABŞ istehsalı olan silahlar, arxiv foto

ABŞ-dan Ukraynaya yeni silahlar gətirilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün tvitter səhifəsində məlumat yayıb.

Məlumata görə, bu ABŞ hökumətindən Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün ayrılan 60 milyon dollarlıq yardımın 3-cü -sonuncu partiyasıdır.

"Deutsche Welle" ("Alman Dalğası" radiosu ) xəbər verir ki, yardım əsasən döyüş sursatları, tank əleyhinə silahlar və yükəsk dəqiqlikli silahlar, tibbi avadanlıq və digər materiallardan ibarətdir.

ABŞ-ın Ukraynadakı səfirliyinin hərbi attaşesi polkovnik Brittani Stüartın Kiyev hava limanında dedikləri:

“Biz Ukraynanı sülhsevər və azad ölkə olan NATO yolunda görmək istəyirik”.

Amerika hərbi yardımının tədarükü ilə bağlı razılaşmalar Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı əldə olunub.

Əlavə yardımın birinci və ikinci partiyaları oktyabrın 10 və 18-də Kiyevə çatdırılıb.

Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna prezidenti Vladimir Zelenski ilə bu yaxınlarda keçirdiyi görüşdə Donbassdakı münaqişənin yeddi ili ərzində ABŞ-ın Ukraynaya 2,5 milyard dollardan çox hərbi yardım göstərdiyini bildirib.

Pentaqon: Suriyada Əl-Qaidənin yüksək rütbəli lideri öldürülüb

ABŞ, RQ-4 Global Hawk, arxiv foto

“Əl-Qaidə”nin yüksək rütbəli lideri Suriyada ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbə ilə öldürülüb.

Bu barədə Pentaqon məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü deyib ki, Əl-Qaidə lideri Abdula Hamid al Matara oktyabrın 22-də ABŞ-ın pilotsuz təyyarəsinin Suriyaya endirdiyi zərbə nəticəsində öldürülüb.

ABŞ Mərkəzi Komandanlığın sözçüsü ordu mayoru John Rigsbee deyib ki, Əbdül Həmid əl-Matarın ölümü "terror təşkilatının ABŞ vətəndaşlarını, tərəfdaşlarını və günahsız mülki insanları təhdid edən qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini pozacaq”.

Rigsbiee zərbə nəticəsində mülki itkilərə dair heç bir məlumatın olmadığını deyib.

Əl Qaidə liderinin öldürülməsi ilə nəticələnən dron zərbəsi Suriyanın cənubundakı ABŞ məntəqəsinə hücum edildikdən iki gün sonraya təsadüf edib.

John Rigsbee dron zərbəsinin cavab olaraq həyata keçirilib-keçirilmədiyini açıqlamayıb.

Birləşmiş Ştatlar bu həftənin əvvəlində Əl-Tənf Qarnizonunun oktyabrın 20-də hücuma məruz qaldığını təsdiqləyərək, ABŞ hərbçilərinin xəsarət almadığını bildirib.

Rigsbee, Əl-Qaidənin ABŞ və müttəfiqləri üçün təhlükə yaratmağa davam etdiyini və Suriyanı sığınacaq olaraq istifadə etdiyini söyləyib.

Suriyada 10 illik qarşıdurma 2011-ci ilin martında hökumət əleyhinə nümayişlərin dağıdılması ilə başlayıb.

Rusiya və İranın hərbi dəstəyi güc tarazlığını ölkənin indiki rejiminin xeyrinə dəyişməyə kömək edib. Bundan sonra Bəşər Əsədə sadiq qüvvələr Suriyanın böyük hissəsini nəzarətə götürüb.

Belarusa qarşı yeni sanksiyalar

Alexander Lukashenka, Minsk, 19 oktyabr 2021

Avropa İttifaqı (Aİ) liderləri qeyri -qanuni miqrasiyaya görə Belarusa qarşı yeni sanksiyaları dəstəkləyiblər.

Avropa Komissiyasının sədri Ursula von der Leyen, AB liderlərinin oktyabrın 22 -də keçirilən zirvə toplantısından sonra, blokun Lukashenkaya qarşı "təzyiqləri davam etdirəcəyini" deyib.

O, Belarusun avtoritar rəhbəri Alyaksandr Lukashenkanı miqrantları Avropaya yönəltməklə qisas almaqda günahlandırıb.

Minlərlə qeyri-qanuni miqrant Belarusdan - əsasən qonşu Litva və Polşaya keçib və bu, iki Aİ üzvünü fövqəladə vəziyyət elan etməyə və sərhədlərini möhkəmləndirməyə sövq edib.

Avropa İttifaqı , Lukashenkanı Avropaya miqrant axınını yönəltməkdə ittiham edir.

Aİ hesab edir ki, bu ötən prezident seçkilərindən sonra müxalifətə qarşı amansız repressiyalara əl atan Lukashenka və onun hökumətinə qarşı qarşı tətbiq etdiyi sanksiyalara Lukashenkanın cavabdır.

Təxminən beş saat davam edən müzakirələrdən sonra Aİ liderləri yekun bəyanatda Belarus rejiminin hibrid hücuma qarşı, o cümlədən digər hüquqi şəxslərə qarşı mübarizəni davam etdirməyə, əlavə məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar.

Barıt sexində 16 nəfər ölüb

Arxiv fotosu

Partlayış vaxtı sexdə 17 nəfər olub

Rusiyanın Ryazan regionunda barıt zavodunda partlayışda azı 16 nəfər həlak olub.

Yerli media rəsmi mənbələrə istinadla hadisənin oktyabrın 22-də səhər tezdən Elastik sintetik fiber zavodunun barıt sexində baş verdiyini yazır.

Partlayış vaxtı sexdə 17 nəfər olub.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Yerli rəsmilər də partlayış yerinə gedib.

Fövqəladə Hallar Nazirliyə partlayışa “texnologiya prosesinin pozulması”nın səbəb ola biləcəyini bildirib.

İstintaq Komitəsi təhqiqat apardığını açıqlayıb.

Çəkiliş vaxtı açılan atəşdən operator ölüb, rejissor yaralanıb

Alek Bolduin

Polis “Pas” (“Rust”) adlı filmin çəkilişində iştirak edənləri dindirib

Ukrayna əsilli Qalatin Haçins çəkiliş zamanı açılan atəşdən həlak olub, rejissor yaralanıb. ABŞ-ın Nyu Meksiko ştatında baş vermiş insident zamanı atəşi aktyor Alek Bolduinin açdığı təsdiqlənib.

42 yaşlı Haçins oktyabrın 21-də axşam saatlarında aldığı güllə yarasından xəstəxanada vəfat edib. Rejissor Coel Suza da xəstəxanaya aparılıb, vəziyyəti bəlli deyil.

Polis “Pas” (“Rust”) adlı filmin çəkilişində iştirak edənləri dindirib. İndilik ittiham irəli sürülməyib. Hazırda insident zamanı əslində nə baş verdiyi müəyyənləşdirilir.

Haçins Ukraynada doğulub, Arktik Dairəsində sovet hərbi bazasında böyüyüb. O, Kiyev Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib, Avropada Britaniya sənədli filmlərinin hazırlanmasında araşdırmaçı jurnalist kimi çalışıb.

63 yaşlı Bolduin həm filmdə baş rollardan birini oynayır, həm də onun prodüseridir.

O, insidentlə bağlı şərh verməyib, amma ABŞ mediası onun polis məntəqəsində dindirmədən pərişan vəziyyətdə çıxdığını yazır.

Maduronun çirkli pullarını yuyan biznesmen ABŞ-a təhvil verilib

Alex Saab, arxiv foto

Venesuela prezidenti Nikolas Maduronun rejimi üçün çirkli pulların yuyulmasında günahlandırılan iş adamı Alex Saab ABŞ -a təhvil verilib. Bu barədə mətbuata ABŞ Dövlət Departamentindən məlumat verilib.

Alex Saab, Maduro və onu Venesuelalı diplomat hesab edən Rusiya da daxil olmaqla müttəfiqlərinin aylarla davam edən müqavimətindən sonra Cape Verde -dən (Cape Verde, Afrikanın şimal -qərb sahillərindən bir neçə yüz kilometr aralıd yerləşən bir dövlətdir. )ABŞ-a təhvil verilib.

Venesuela, Vaşinqtonun bu addımına Venesuelanın siyasi və iqtisadi böhranına son qoymaq üçün Meksikada ABŞ-ın dəstəklədiyi müxalifətlə danışıqları dayandırmaqla cavab verib.

Beləki danışıqlar oktyabrın 17 -də davam etdirilməli idi. Prokurorlar Saabın Cənubi Amerika ölkəsindəki korrupsiya istintaqının əhəmiyyətli bir şahidi ola biləcəyinə inanırlar.

Məlumata görə, tətbiq edilən sanksiyaları pozaraq Venesuelanın qızıl və neft satışını aparan Alex Saab illərlə ABŞ tərəfindən izlənilib.

49 yaşlı Saab 2020-ci ilin iyununda Cape Verdedən İrana gedərkən həbs edilib.

Maduro hökümətinin bəyan etdiyinə görə, o, məhkəmə araşdırmalarına qarşı immuniteti olan diplomatik-humanitar bir missiyanə həyata keçirirmiş.

Venesuelanın etirazlarına baxmayaraq, Cape Verde, Saab -ı ABŞ -a təhvil verməyə keçən ay razılaşıb. Venesuela isə bəyan edir ki, özünün "səfir"i adlandırdığı Saabı ABŞ qaçırıb.

Macron 1961-ci il Parisdə əlcəzairli etirazçılara qarşı polis hərəkətlərini 'bağışlanmaz' adlandırıb

Fransa prezidenti Emmanuel Macron, arxiv foto

Fransa prezidenti Emmanuel Macron, 60 il əvvəl Əlcəzairdən gələn mühacirlərin Parisdə keçirmək istədiyi etiraz aksiyasının qəddarcasına yatırıldığı zaman polis hərəkətlərini "bağışlanmaz" adlandırıb.

Həmin adamlar 1961-ci il oktyabrın 17-də Pont Saint-Michel'e körpüsünə gələrək Fransa hökumətini Əlcəzairdəki hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Euronews telekanalının yaydığı məlumata görə, 17 oktyabr faciəsi ilə bağlı təfərrüatlar onilliklər ərzində gizlədilib, həlak olanların dəqiq sayı hələ də məlum deyil.

Rəsmi versiyaya görə, həmin gün polisin güllələdiyi adamların sayı onlarca idi. Fransa Beynəlxalq Radiosu isə qeyd edir ki: "Hələ də dəqiq məlumatların toplanmadığına baxmayaraq , aparıcı tarixçilərin ən dərin araşdırmalarında ən az 200 adamın güllələndiyi güman edilir."

Məlumata görə, həmin vaxt əlcəzairli nümayişçilərin aksiyasının qəddarcasına dağıtılması əmrini Paris polisinin valisi Maurice Papon verib. O, 38 il sonra insanlığa qarşı cinayətlərə görə məhkum edilib.

Macron ilk Fransa prezidentidir ki, 1961-ci ildə əlcəzairli nümayişçilərin öldürüldüyü yerə baş çəkib.

Xəbər agentliklərinin yazdığına görə, amma o polisin bu addımına görə rəsmi üzrhaxlıq etməyib.

Etiraz nümayişinin sağ qalan iştirakçıları, onların uşaq və nəvələri israr edirlər ki, Fransa səlahiyyətliləri hadisənin məsuliyyətini qəbul edib onu rəsmən tanısınlar.

Beləki oktybarın əvvəlində Parislə Əlcəzair arasında diplomatik gərginlik baş verib. Prezident Macron Fransadakı əlcəzairli gənclərinin nümayəndələri ilə görüşdə, Əlcəzair rəhbərliyinin "rəsmi tarix" ni yenidən yazdığını və bura "Fransaya nifrət" in daxil edildiyini söyləyib

Kosmosda bədii film çəkən qrup yerə enib

Aktrisa Yulia Peresild, kosmonavt Anton Shkaplerov və rejissor Klim Shipenko

Kosmonavt Oleq Novitsky, aktrisa Yulia Peresild və rejissor Klim Shipenko ilə birlikdə Y.A. Gagarin kosmik gəmisinin (Soyuz MS-18) enmə vasitəsi ilə Qazaxıstan çölünə eniblər. AzadlıqRadiosunun rus xidməti enmənin Roscosmos saytında yayımlandığını bildirir.

TASS-ın məlumatına görə, Peresildlə Shipenko oktyabrın 5-dən, Novitski isə aprelin 9 -dan orbitdə olub.

Məlumata vurğulanır ki, Peresild və Shipenko dünyada birinci dəfədir ki, kosmosda bədii film çəkiblər. "Çağırış" adlanan kosmik dramda həkim qız kosmonavtı xilas etmək üçün orbitə uçur.

Film Roskosmos, Rusiyanın 1-ci kanalı və "Yellow, Black and White"ın birgə layihəsidir.

Ekrana çıxacaq 35-40 dəqiqəlik filmin çəklişlərində həmçinin rusiyalı kosmonavtlar Anton Shkaplerov, Oleq Novisskiy və Petr Dubrov da iştirak edib.

Moskva Özbəkistanda 5 rus məktəbi tikməyi planlaşdırır

Sergei Lavrov , arxiv foto

Moskva, "Rus dilinin mövqeyini gücləndirmək" təşəbbüsü çərçivəsində Özbəkistanda beş məktəb tikməyi planlaşdırır.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Xaricdə Yaşayan Rus Həmvətənlərinin VII Dünya Konqresində bildirib. Onun sözlərinə görə, Rusiya "rus dilinin, rus mədəniyyətinin və bütün rus dünyasının mövqeyini gücləndirmək" üçün belə hərəkətlər edir.

O xatırladıb ki, Tacikistanda rus metodologiyası üzrə tam tədris proqramı olan beş məktəb tikiləcək və oxşar proqram Özbəkistan də üçün hazırlanır.

“Bu yaxınlarda yeni Ermənistan rəhbərliyi eyni proqramı Ermənistan üçün hazırlamaqda maraqlı olduğunu göstərdi. Biz bunu prinsip etibarilə bütün müttəfiqlərimiz və strateji tərəfdaşlarımız üçün belə bir model layihə etməkdə maraqlıyıq ", - Lavrov əlavə edib.

Tacikistan və Rusiya hökumətləri arasında beş məktəbin inşasına dair müqavilə 2019 -cu ilin aprelində imzalansa da Rusiyanın baş naziri Mixail Mişustin bunu yalnız 2021-ci ilin sentyabrında imzalayıb.

Onların Düşənbə, Xucənd, Bokhtar, Kulyab və Tursunzadədə tikilməsi planlaşdırılır.

Əvvəllər Tacikistanda məktəblər Dünya Bankı tərəfindən tikilirdi, lakin 2019 -cu ilin əvvəlində bank və digər beynəlxalq donorlar Tacikistana dəstək proqramlarını dayandırıb.

Özbəkistanda rus dilinin rəsmi statusu yoxdur, amma bu ölkədə tədrisin rus dilində aparıldığı 900 -dən çox məktəb var. Universitetlərdə və uşaq bağçalarında rus dilində bölmələr da var.

Son zamanlar Rusiya mətbuatı və siyasətçiləri Mərkəzi Asiyada "ruslara və rusdilli insanlara qarşı təzyiqlər" olması barədə fikirlər səsləndirirlər.

Avqust ayında Xarici İşlər Nazirliyi yanında Rossotrudniçestvo hökumət təşkilatı Qazaxıstan və Qırğızıstanda "ruslara və rusdilli insanlara hücumların" təhlükəli bir tendensiya olduğunu bildirən bir bəyanat yayıb.

Daha sonra Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova, Moskvanın öz təsir zonası olaraq gördüyü bir bölgə olan Mərkəzi Asiyanın bəzi ölkələrində rusdilli insanlara qarşı ayrı -seçkilik edildiyini bildirib.

Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda bəzi siyasətçilər və fəallar Rusiya mediasında gedən informasiya kampaniyasından narazılıqlarını ifadə ediblər. Amma adı çəkilən respublikaların hakimiyyəti səviyyəsində heç bir fikir ayrılığı ifadə edilmədiyi bildirilir.

Azərbaycanda rus dilli məktəblərin sayı

Azərbaycan prezidenti 2021-ci ilin sentyabrındakı çıxışlarının birində Azərbaycandakı böyük rus icmasından danışıb. O, ölkədə rus dilində 340 məktəbin, dövlət ali məktəblərində rus dili fakültələrinin olduğunu, on minlərlə tələbə və şagirdin rus dilində təhsil aldığını vurğulayıb. "Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm", – o deyib.

Rusiya gəmisi ABŞ gəmisini geri dönməyə məcbur edib?

Britaniyaya məxsus hərbi gəmi Qara Dənizdə, Batumi limanında 26 iyun 2021

ABŞ Hərbi Dəniz Qüvvələri Yaponiya dənizində baş verən hadisə ilə bağlı Rusiyanın yalan bəyanat verdiyini bildirir. Cümə günü ABŞ Sakit Okean Donanması Rusiya və Amerika gəmilərinin bir -birindən 60 metr aralı olduğu Yapon dənizində baş verən hadisə ilə əlaqədar Rusiya Müdafiə Nazirliyinin bəyanatını "yalan" adlandırır.

Belə ki, cümə günü Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb ki, Rusiyanın "Admiral Tributs" gəmisi Yapon dənizindəki Böyük Pyotr körpəzi rayonunda Rusiyanın dəniz sərhəddini pozan Amerikanın "Chafee" hərbi gəmisini ərazidən uzaqlaşdırıb.

Rusiya tərəfinin yaydığı məlumatda iddia olunur ki, ölkə sularına doğru irəlləyən ABŞ gəmisi yalnız Rusiya gəmisinin bir neçə on metrlikdə etdiyi həlledici manevrlər nəticəsində istiqamətini dəyişməyə məcbur edilib.

Bildirilir ki, Amerika gəmisi, Rusiya-Çin dəniz manevrləri çərçivəsində top atəşi səbəbiylə naviqasiyaya bağlı bir bölgədə olub. Rusiya tərəfi Amerika gəmisinin hərəkətlərini beynəlxalq qaydaların kobud şəkildə pozulması adlandırır.

Bir-neçə saat sonra ABŞ, Rusiyanın məlumatın yalan olması ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, Amerika gəmisi "hava əməliyyatları" keçirməyə hazırlaşarkən Rusiya gəmisi Amerika gəmisinə yaxınlaşıb. Vurğulanır ki, bu "qarşılaşma təhlükəsiz və peşəkar idi" .

Amerika hərbi komandanlığından verilən məlumata görə, Rusiya tərəfinin artilleriya atəşi aparması, gəmiçilik və uçuşlar üçün su sahəsinin bağlanması barədə bildiriş bu epizoddan sonra ictimaiyyətə açıqlanıb.

Açıqlamada ABŞ hərbi gəmisinin neytral sularda olduğu vurğulanır:

"ABŞ uçuşları davam etdirəcək, gəmiləri beynəlxalq qanunların icazə verdiyi yerlərdə gəzəcək və əməliyyatlar aparacaq" deyə açıqlamada vurğulanır.

Məhkəmə Ermənistanın keçmiş müdafiə nazirini həbsdə saxlayıb

Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan

Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı azad etməyib. AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Tonoyanın vəkili Sergey Ovannisyan jurnalistlərə bildirib ki, Apellyasiya Məhkəməsi keçmiş nazirin azad olunması ilə bağlı onların irəli sürdüyü vəsatəti rədd edib.

Külli miqdarda mənimsəmədə ittiham olunan keçmiş müdafiə naziri ötən ayın sonunda həbs edilib.

Tonoyan ordu üçün yararsız raketlər aldığı üçün mühakimə olunur. Onunla yanaşı Ermənistan ordusunu silahla təmin edən şirkətlərdən birinin direktoru "Patron Davo" kimi tanınan David Galstyan da həbs edilib.

Hər ikisi təxminən 4,7 milyon dollar mənimsəməkdə və saxtakarlıq etməkdə, ictimai təhlükəli hərəkətlərdə günahlandırılır.

Həbsdə olan hər iki şəxs ittihamları qəbul etmir. Vəkil Sergey Hovhannisyanın sözlərinə görə, cinayət işinin başlanmasına səbəb olan raketlərlə bağlı nə həbslərdən əvvəl, nə də sonra ekspertiza keçirilməyib.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, cinayət işində hazırda həbsdə olan aviasiya idarəsinin keçmiş rəisi, Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Stepan Galstyan da daxil olmaqla Silahlı Qüvvələrin digər keçmiş və indiki yüksək rütbəli məmurlarının da adları keçir.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, raketlər 2011 -ci ildə idxal edilsə də dövlətin bu silahları nə vaxt almasını ilə bağlı hər hansı tarix göstərilməyib. Rəsmi məlumata görə, təhvil verildikdən bir müddət sonra, bəzi raketlər heç vaxt istifadə edilməyib və balansdan silinib. Bundan başqa qalan raketlər isə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə də daxil olmaqla ümumiyyətlə istifadə edilməyib.

Saakaşvili tərəfdarları Tbilisidə izdihamlı mitinq keçirir (Video)

Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar

Oktyabrın 14-də Tbilisinin mərkəzinə toplanan minlərlə insan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edib.

Saakaşvilinin ötən ay ölkəyə qayıtdıqdan sonra həbs olunması Gürcüstandakı siyasi böhranı daha da dərinləşdirib.

Gürcüstan paytaxtının baş küçəsi olan Rustaveli prospektindəki Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar.

Xəbər verilir ki, mitinqdən əvvəl parlamentin binası yaxınlığına çox sayda avtobuslarla iğtişaş polisi gətirilmişdi.

Həbsxanadan müraciət

Mitinq müxalif Mtavari telekanalının baş direktoru və Saakaşvilinin vəkillərindən birinin keçmiş prezidentin müraciətini oxuması ilə başlanıb.

Saakaşvili müraciətində ölkə cəmiyyətini barışıq və birliyə çağırıb.

Müraciət müxalifət tərəfdarlarını birləşməyə və oktyabrın 30-da Gürcüstanın demək olar bütün böyük şəhərlərində bələdiyyə seçkisinin ikinci turuna çıxmış Milli Hərəkatın namizədlərinə səs verməyə çağırır:

“İndi heç bir əlamət, partiya mənsubiyyəti və ya hər hansı başqa əlamətə görə parçalanmağın vaxtı deyil. İndi Gürcüstanı azad etmək vaxtıdır və bugün bunu etmək üçün ən mühüm olanı birlikdir. Dərk etmək çox mühümdür ki, bizim cəmiyyətimizin, ölkəmizin böyük barışığa ehtiyacı var və biz buna hazır olmalıyıq. Bugün ölkəmiz üçün həyati vacibdir ki, biz bir-birimizi alçaltmağı, bir-birimizə qarşı nifrət toxumu səpməyi dayandıraq. Biz bir-birimizi bağışlamalıyıq və mən bunları bir qanunsuz həbs edilmiş məhbus kimi həbsxanadan yazıram”.

Saakaşvilinin müraciətində deyilir ki, daha bir revanş və qisas ölkəni dağıda bilər.

Tbilisidə Saakashviliyə azadlıq tələbi ilə aksiya
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid milli hərəkat” partiyası siyasətçinin buraxılması tələbiylə Tbilisidə irimiqyaslı etiraz aksiyasına hazırlaşır. Bu haqda AzadlıqRadiosu-nun gürcü xidməti xəbər verir.

Təşkilatçılar Azadlıq meydanına onminlərlə tərəfdarın toplanacağına ümid edirlər. “Mişaya azadlıq” aksiyası axşama nəzərdə tutulur.

Regionlardan aksiyada iştirak üçün avtomobil karvanlarının getdiyi xəbər verilir. Hakim “Gürcü arzusu” partiyasının tərəfdarları isə mərkəzi yolda müxalifətçiləri süpürgələrlə qarşılayır. Bu, Saakaşilinin hakimiyyəti dövründə ölkə həbsxanalarında işgəncə iddialarına eyhamdır.

Saakaşvili oktyabrın 1-də gizlicə Gürcüstana qayıdıb və Tbilisidə həbs olunub. Həmin gündən aclıq etdiyini deyən Saakaşvili özünü siyasi məhbus elan edib, ittihamları isə qondarma adlandırıb.

Saakaşvili iki iş üzrə təqsirli bilinib. Ona, Daxili İşlər Nazirliyinin qətldə təqsirli bilinmiş keçmiş əməkdaşlarını əfv etdiyinə görə 3 il həbs kəsilib. Keçmiş deputat Valeri Gelaşvilini döyməyə görəsə 6 il həbs cəzası alıb.

Gürcüstan hakimiyyəti bildirir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası nəzərdə tutulmur, o, vətəndə cəzasını çəkməlidir.

Ox-yayla 5 nəfəri öldürdü

Polis hadisə yerində

Polis  hücumun mümkün motivi haqda informasiya açıqlamayıb.

Polis şübhəlinin islamı qəbul etdiyini deyir

Polis 37 yaşlı danimarkalı şübhəlinin islamı qəbul etdiyini, hakimiyyətin radikallaşma ehtimalın görə onunla kontaktda olduğunu deyir.

Polis 2020-ci ildə həmin şəxsi izləyibmiş. “Onun radikallaşması sarıdan qorxu olub”, – Norveç polis rəsmisi Ole Bredrap Saeverud jurnalistlərə deyib.

Hadisə zamanı biri iş başında olmayan polis əməkdaşı olmaqla iki nəfər yaralanıb.

***

37 yaşlı danimarkalı Norveçin Konqsberg şəhərində ox-yayla beş nəfəri öldürməkdə şübhəli bilinir. Bu haqda polis oktyabrın 14-də açıqlama yayıb.

Ötən gecə axşam şəhərin müxtəlif yerlərində baş vermiş hücumlarda iş başında olmayan polis əməkdaşı yaralanıb. Bu şəhər paytaxt Oslodan 68 kilometr cənub-qərbdə yerləşir.

Polis hücumun mümkün motivi haqda informasiya açıqlamayıb.

Bu, 2011-ci ildən Norveçdə ən ağır hücum sayılır. O zaman ifrat-sağçı ekstremist Anders Behrinq Breyvik gənclər düşərgəsində əsasən yeniyetmələr olmaqla 77 nəfəri qətlə yetirmişdi.

Təhqiqatçılar son hadisənin terror hücumu olub-olmadığını araşdırır.

Polis şübhəlini dindirir və o, istintaqla əməkdaşlıq edir, vəkili belə deyib.

Bu hücumdan sonra Norveçdə əsasən silahsız gəzən polisə odlu silah daşımaq əmr olunub.

İranda edam təxirə salınıb

Arman Əbdüləli (sağda)

Amnesty International qeyd edib ki, beynəlxalq hüquq pozuntu törədən zaman yaşı 18-dən az olanlara ölüm cəzasının kəsilməsini qadağan edir

Amnesty International bildirir ki, İran 17 yaşında həbs edilmiş və ölüm cəzasına məhkum olunmuş şəxsin edamını təxirə salıb.

İnsan haqları qrupları onun məhkəməsinin “son dərəcə ədalətsiz” keçirildiyini bildirirlər.

Amnesty International oktyabrın 13-də Twitter hesabından yazdığı postda bildirir ki, edam şənbə gününə, oktyabrın 16-dək təxirə salınıb.

Təşkilat qeyd edir ki, edam təhlükəsi hələ də qalır.

***

İnsan haqları qruplarının gözləri İrana dikilib, oktyabrın 13-də 17 yaşında həbs edilərək ölümə məhkum edilmiş şəxsin edamı gözlənir. Onun məhkəməsinin “kobud ədalətsizlik” şəraitində keçdiyi bildirilir.

“Amnesty International” təşkilatı İran hakimiyyətini Arman Əbdüləlinin edamını dayandırmağa çağırıb. O, Tehranın qərbində yerləşən Kərəcdə təkadamlıq kameraya yerləşdirilib.

Londonda yerləşən qrup qeyd edib ki, beynəlxalq hüquq pozuntu törədən zaman yaşı 18-dən az olanlara ölüm cəzasının kəsilməsini qadağan edir.

Əbdüləli 2014-cü ildə itkin düşmüş qız dostunu qətlə yetirməkdə təqsirli bilinib. Qızın meyiti tapılmayıb.

İran rəsmiləri beynəlxalq təzyiq nəticəsində Əbdüləlinin edamını iki dəfə təxirə salıblar. Sonuncu dəfə bu, iyulda baş verib.

“Amnesty International” onun məhkəməsinin “işgəncə iddiaları ilə qarışmış ifadələr” əsasında “kobud ədalətsizlik” şəraitində keçirildiyini qeyd edib.

Təkrar məhkəmə isə onun cinayət üçün məsuliyyət daşıdığını bir daha təsdiqləyib, baxmayaraq ki, hadisə zamanı oğlanın “yetişkənliyi”nə dair suallar olub.

Qurum “ədalətli məhkəmə standartları”na uyğun təkrar mühakimə keçirilməsini tələb edib.

KTMT Əfqanıstanla sərhəddə təlim keçirəcək

KTMT-nin Qırğızıstandakı təlimi

Təşkilat ötən ay Qırğızıstanda üç günlük hərbi təlimlər təşkil edib

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) oktyabrın 22-23-də Tacikistanın Əfqanıstanla sərhədində birgə hərbi təlimlər keçirəcək. Bu haqda Kreml oktyabrın 13-də məlumat yayıb.

KTMT-yə Tacikistandan savayı Qırğızıstan, Qazaxıstan, Ermənistan və Belarus daxildir.

Təşkilat ötən ay Qırğızıstanda üç günlük hərbi təlimlər təşkil edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, danışıqlar Əfqanıstandakı vəziyyətdən narahatlığın artdığı bir dönəmdə baş tutur.

“Bu təlimlər vacibdir”, – Peskov oktyabrın 13-də jurnalistlərə deyib.

“KTMT prezidentləri bu yaxınlarda görüşərək Əfqanıstanda baş verənlərdən narahatlıq ifadə ediblər. Onlar vəziyyətin gözlənilməzliyini, KTMT-nin ayıq-sayıq olmasının vacibliyini vurğulayıblar”, – o deyib.

Taliban avqustda Əfqanıstanda nəzarəti ələ alıb, kişilərdən və mühafizəkarlardan ibarət hökumət qurduğunu açıqlayıb.

Avstriyada yeni kansler and içəcək

Aleksandr Şallenberq

Prezident Aleksandr Van der Bellen andiçmə mərasiminə sədrlik edəcək

Oktyabrın 11-də Avstriyanın Xarici işlər naziri Aleksandr Şallenberq kansler kimi and içəcək. Sebastyan Kurz iki gün öncə korrupsiya təhqiqatı ilə əlaqədar istefa verib.

Kurzun mühafizəkar Avstriya Xalq Partiyasının 52 yaşlı üzvü Şallenberq 2019-cu ildən xarici işlər naziridir.

Prezident Aleksandr Van der Bellen andiçmə mərasiminə sədrlik edəcək.

Vyananın Fransadakı səfiri Maykl Linhart xarici işlər naziri postuna keçir.

Kurz 2016-cı ildə xarici işlər naziri postundan siyasi yüksəlişi naminə mediada müsbət işıqlandırma üçün büdcə vəsaitindən istifadədə suçlanır. Özü isə iddiaları rədd edir.

Solçu Yaşıllar Partiyası hakim koalisiyadan çıxmaqla hədələyincə Kurz istefa qərarı verib.

Yaşılların lideri Siqrid Maurer oktyabrın 10-da bildirib ki, Şallenberqin adı korrupsiya iddialarında yer almayıb və o, hökumətə başçılıq etməyə uyğun namizəddir.

Kurz Avstriya Xalq Partiyasına başçılıq edəcəyini, partiyanın parlament qrupunun lideri olacağını bildirib.

Saakaşvili xəstəxanada ‘müalicə almalıdır’

Mixeil Saakaşvili

Həkimi Nikoloz Kipşidze deyib ki, Saakaşvilinin vəziyyətini Tbilisi yaxınlığında saxlandığı həbsxananın həkimləri ilə müzakirə edib

Gürcüstanın həbsdə olan keçmiş prezidenti, oktyabrın 1-dən aclıq aksiyası keçirdiyi bildirilən Mixeil Saakaşvilinin vəziyyəti ağırlaşdığından xəstəxanada müalicə olunmalıdır. Onun həkimi oktyabrın 10-da televiziyaya müsahibəsində bu haqda danışıb.

Saakaşvili oktyabrın 1-də həbs olunaraq Rustavidə təcridxanaya yerləşdiriləndən sonra aclıq aksiyasına başladığını deyib. O, səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtmışdı.

Son illər Ukraynada yaşayan keçmiş prezident 2018-ci ildə qiyabi məhkum edilib. O, 2 oktyabr bələdiyyə seçkiləri öncəsi “ölkəni xilas etmək üçün” Gürcüstana qayıdacağını bəyan edib.

Həkimi Nikoloz Kipşidze deyib ki, Saakaşvilinin vəziyyətini Tbilisi yaxınlığında saxlandığı həbsxananın həkimləri ilə müzakirə edib.

“Onlarla məsələni yarım saat danışmışam. Ona sabah bir də baş çəkəcəyəm. Yəqin ki, onu xəstəxanaya köçürməli olacağıq”, – həkim deyib.

Ədliyyə Nazirliyi isə həkimin dediklərini təkzib edib, Saakaşvilinin “sağlamlığının qənaətbəxş” olduğunu bildirib.

Nazirliyin bildirdiyinə görə, Saakaşviliyə müvafiq dərmanlar verilir, “normal” həyat əlamətləri var.

Pakistanın 'nüvə atası' vəfat edib

Abdul Qadeer Khan, 24 dekabr 2003

Pakistanın nüvə silahı proqramının atası adlandırılan Abdul Qadeer Khan 85 yaşında İslamabadda vəfat edib.

Pakistanın PTV əyalət televiziyasının bazar günü, oktyabrın 10-da Abdul Qadeer Khanın ağciyər problemi ilə xəstəxanaya aparıldıqdan sonra orada öldüyünü xəbər verib.

Daha əvvəl Khanın COVID-19-a yoluxduğu bildirilmişdi. Khan, ölkəsini İslam dünyasının ilk nüvə gücünə çevirdiyinə görə Pakistanda milli qəhrəman sayılırdı.

Pakistan ilk uğurlu nüvə silahı sınağını 1998-ci ilin may ayında həyata keçirib. Regional rəqibi Hindistan ilk nüvə silahı sınağını İslamabaddan 24 il əvvəl-1974-cü ildə həyata keçirib.

Pakistan Prezidenti Arif Alvi "Twitter" də "minnətdar bir xalqın xidmətlərini heç vaxt unutmayacağını" yazıb.

Baş nazir İmran Khan A.Q. Khanın "milli bir simvol" olaraq millət tərəfindən sevildiyini əlavə edib.

Müdafiə naziri Pərviz Xəttək Twitter -də Khanın ölümündən "çox kədərləndiyini" yazaraq bunu Pakistan üçün "böyük itki" adlandırıb. Daxili işlər naziri Şeyx Rəşid GeoTV -yə bildirib ki, alim üçün dövlət cənazəsi keçiriləcək. Khan həm də vaxtilə Şimali Koreya, İran və Liviya da daxil olmaqla bir sıra ölkələrə nüvə sirlərini satmaqda da ittiham olunub. 2004 -cü ilin fevral ayında Pakistan dövlət televiziyasına çıxan Khan yayılma halqasında işlədiyini etiraf edib. Daha sonra o, prezident Pərviz Müşərrəf tərəfindən əfv edilib.

Çexiya prezidenti xəstəxanaya yerləşdirilib

Milos Zeman, 3 aprel 2019

Son günlər mətbuatda səhhətinin pisləşdiyi bildirilən Çexiya prezidenti Milos Zeman bazar günü xəstəxanaya yerləşdirilib. Onun hazırda reanimasiya şöbəsində olduğu bildirilir.

Bu, müxalifətin parlamentdə çoxluq qazandığı parlament seçkilərinin nəticələrinin elan edilməsindən bir gün sonra baş verir.

Zeman təcili yardım maşını ilə yaşadığı evdən Praqaya aparılıb. Videoya görə o xəstəxanaya gələndə huşunu itirmiş halda olub. Həm də xəstəxananın baş həkimi olan Zemanın müalicə həkimi, prezidentin reanimasiyada olduğunu jurnalistlərə təsdiqləsə də, diaqnozunu açıqlamaqdan imtina edib.

Daha əvvəl mənbələrə istinadən mətbuat 77 yaşlı prezidentin qaraciyər problemi olduğunu yazmışdı.

Sentyabrın ortalarında o, artıq xəstəxanaya yerləşdirilmişdi və xəstəxanadan çıxandan sonra ictimaiyyət qarşısına çıxmamışdı.

Zeman, siyasi müttəfiqi Baş nazir Andrey Babiş tərəfindən ziyarət edildikdən dərhal sonra xəstəxanaya yerləşdirilib. Babişin partiyası, seçkilərin nəticələrindən sonra parlamentdə ən böyük fraksiyaya sahib olacağına baxmayaraq, müstəqil olaraq yeni bir kabinet qura bilməz.

Yeni hökumətlə bağlı danışıqları iki müxalifət koalisiyasının nümayəndələri aparırlar.

Siyasi məsləhətləşmələrdə fəal iştirak etməsi gözlənildiyi bir vaxtda prezidentin xəstəxanaya düşməsi vəziyyəti xeyli dəyişmiş olur. Beləki yeni baş naziri təyin edən prezidentdir və yalnız parlament ona etibar etməkdən iki dəfə imtina edərsə, bu hüquq parlamentin başçısına keçir.

Prezidentin öz vəzifələrini uzun müddət yerinə yetirə bilməməsi halında, parlament onu vəzifəsindən uzaqlaşdıra bilər. Daha sonra, ölüm halında olduğu kimi, prezident səlahiyyətləri yeni seçkilərə qədər parlament palatalarının başçıları ilə baş nazir arasında bölüşdürülə bilər.

Davamı

XS
SM
MD
LG