Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Müsavat yenidən mitinq qərarı verib


Bakıda Müsavatın mitinqi. 2016

Müsavat Partiyası yenidən kütləvi aksiya keçirmək qərarı verib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət də ünvanlanıb. Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinq-yürüşü aprelin 7-də keçirmək niyyətindədirlər.

G.Aslanlı deyib ki, aksiyanı «Siyasi məhbuslara azadlıq!», «Sərbəst toplaşma azadlığı təmin edilsin!», «Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!» və başqa şüarlar altında keçirməyi nəzərdə tuturlar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bundan əvvəl, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi yürüş-mitinqə razılıq verməyib.

BŞİH bu cavabını yürüş-mitinqdən ötrü seçilən marşrutlarda nəqliyyatın sıx hərəkət etməsi ilə əlaqələndirmişdi. «Orada yazılmışdı ki, təklif etdiyiniz marşrutlar boyu nəqliyyatın sıxlığı müşahidə olunur. Həmin marşrutlarla yürüşün keçirilməsi üçün də yolların bağlanması tələb olunur. Onların bildirməsinə görə, bu isə tıxacların yaranmasına, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq. Eyni zamanda, qeyd edilirdi ki, müəyyən etdiyiniz istiqamətlərdə əhali daha sıx hərəkətdədir, metropolitenin iş ahənginin təmin olunmasında problemlər yarana bilər...», - deyə həmin vaxt Müsavat Partiyasından AzadlıqRadiosuna bildirmişdilər.

Onda Müsavat Partiyası BŞİH-nin cavabını ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması və insan azadlıqları barədə Konstitusiya müddəalarının tapdanması kimi dəyərləndirmişdi.

Müsavat Partiyasının müraciətində yenə təqribən həmin marşrutlar təklif edilib.

BŞİH bu il bundan əvvəl Milli Şuranın üç aksiyasına da müsbət cavab verməyib. Qurum bu cavablarını isə Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura da, öz növbəsində, bunu bəhanə sayaraq mitinqə icazə verilməməsini hakimiyyətin yanvarın 19-da keçirilən aksiyanın kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. M.Hüseynov martın 2-də azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG