Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

'90-cı illərdən səmt qazı Azərbaycana pulsuz verilir'-Media icmalı


Dron
Dron

Ölkədə xalq-iqtidar münasibətləri, qazın, elektrikin taariflərində əhaliyə güzəşt edilməsi ilə bağlı təkliflər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Dronlar üzrə olimpiada

Yenisabah.az saytında «Azərbaycanda bu nazirlik ləğv ediləcək» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yenə müsabiqə-yarış təşkil edərək dronlar üzrə olimpiada keçirəcək.

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz isə sayta deyib ki, belə bir müsabiqənin keçirməsi anlaşılmazdır. Onun vurğulamasına görə, dronların ölkəyə gətirilməsi, istifadəsi ilə bağlı elektron formada müraciət və icazə səlahiyyəti nazirliyə bir-iki ay bundan öncə verilib.

Amma ekspertin qeyd etməsinə görə, nazirlik bu qurğuları ölkəyə təkbaşına gətirə bilməz: «Mövcud qanunvericiliyə görə, dronların gətirilməsi üçün xüsusi icazə tələb olunur və nazirlik bunu Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti kimi üç böyük dövlət qurumu ilə razılaşdırmalıdır. Anlaşılmazlıq da elə oradadır ki, NRYTN bir yandan istifadəni məhdudlaşdırır, digər tərəfdən də bu istiqamətdə keçirilən müsabiqəyə təşkilatçılıq edir».

O.Gündüz deyib ki, NRYTN tənzimləyici funksiyalardan xeyli uzaqlaşıb, daha çox kommersiyaya, adi, primitiv və imitasiya xarakterli tədbirlərə və müsabiqələrə üstünlük verir: «Strateji Yol Xəritəsinə görə, 2020-ci ildə İKT(İnformasiya Kommunikasiya Texnologiyaları) sektorunda tənzimləyici funksiyanı reallaşdırmaq üçün NRYTN -in ləğv edilməsi və müstəqil tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması gözlənilir. Amma bunun üçün indidən hazırlıqlar görülməlidir. Beynəlxalq təcrübə öyrənilməli və yerli qanunvericilik buna hazırlanmalıdır».

Qaz sobası
Qaz sobası

Limit ləğv olunur?

Yenicaq.az saytında «İşığa və qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? - Qiymətləri aşağı da salmaq olar» sərlövhəli yazı diqqət çəkir.

Yazıda 2016-cı ilin sonundan etibarən əhaliyə qaz və elektrik satılmasında tariflərlə bağlı tətbiq olunan limitin aradan qaldırılma ehtimalı ekspertlərlə müzakirə edilib. Həmin vaxt qoyulan müəyyən limitdən kənar qazın (100 faiz) və elektrikin (60 faiz) tarifləri artırılıb.

Müəllif vurğulayır ki, bu limit tətbiqi də 2015-ci ildə baş vermiş devalvasiyanın nəticəsidir: «Həmin limiti keçdikdə elektrik enerjisi və təbii qaz abonentlər üçün iki qat qiymətə gəlib çıxır. Bu isə ailələrin büdcəsinə çox ciddi təsir edir».

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, elektrik enerjisi və təbii qaz Azərbaycanın təbii sərvətlərindən qaynaqlanan enerjidir. O hesab edir ki, Azərbaycan əhalisi onlardan istifadə edərkən müəyyən üstünlüklər qazanmalıdır: «Yeri gəlmişkən, ...müqavilələrə görə, 90-cı illərdən bəri səmt qazı Azərbaycana pulsuz verilir. Hər il təqribən 2.5-3 milyard kubmetr qaz Azərbaycana pulsuz təqdim olunur. Azərbaycan əhalisinin də işlətdiyi qaz təqribən bu qədərdir».

N.Cəfərli qeyd edib ki, elektrik enerjisinə limitin ləğv edilməsi ilə yanaşı, hətta qiymət də aşağı salına bilər: «Son dövrlər elektrik enerjisi ilə bağlı infrastruktur layihələri dövlət büdcəsindən maliyyələşdirilir. Dövlət büdcəsini həm də Azərbaycan vətəndaşları formalaşdırır. Biz infrastruktur layihələrinin, obrazlı desək, pulunu artıq vermişik...».

Ekspert Ə.Həsənov isə fərqli düşünür. O deyib ki, əksinə, Azərbaycanda elektrik enerjisinin və qazın qiyməti qaldırıla bilər: «Nəzərə alsaq ki, vergi, gömrük islahatları keçirilir, Azərbaycanın neft gəlirləri uzunmüddətli perspektivdə aşağı düşəcək. Buna görə də, Azərbaycanda enerjidaşıyıcıların qiymətinin aşağı düşməsi ehtimalını görmürəm. Qiymətlər olduğu kimi də qalacaq, ehtimal var ki, arta da bilər. Ancaq əksər vətəndaşlar üçün vergiləri ödəmək çox çətindir».

İ.Əliyev Novruz şənliyində. 2016
İ.Əliyev Novruz şənliyində. 2016

«Xalq-iqtidar birliyi»

«Azərbaycan» qəzetində «Sarsılmaz birlik» sərlövhəli yazı dərc edilib.

Müəllif martın 19-da Bakıda keçirilən Novruz şənliklərində dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın xalqla birgə iştirakını bu birliyin növbəti təsdiqi adlandırır: «Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bayram şənliyində iştirakı da elə paytaxt sakinlərinin əhatəsindən başladı. Bu səmimi izdiham Azərbaycandakı xalq-iqtidar birliyinin, insanların öz prezidentinə sevgi və etimadının növbəti təcəssümü oldu».

Müəllif hesab edir ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi prezidentin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasında yer alır: «Bütün bunlar prezident İlham Əliyevin xalqımızın milli dəyərlərinə son dərəcə bağlı olduğunu, onlara hörmət və sayğı ilə yanaşdığını təsdiqləyir».

Yazıda vurğulandığına görə, hər il Novruz günlərində bayram münasibətilə prezident İlham Əliyevin xalqa təbrik ünvanlaması onun milli və mənəvi dəyərlərə böyük ehtiramla yanaşmasının göstəricisidir. «Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir», - prezident bu ilki təbrik məktubunda yazıb.

XS
SM
MD
LG