Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 10:41

Yanğınların qəsdən törədilib-törədilmədiyi araşdırılır


Ə.Əhmədov

«Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərildi. Onlara müvəqqəti yaşamaq üçün kompensasiya verildi. Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır».

«Report» xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

«Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə, bu bizi narahat edir. Bizim bir narahatçılığımız budur. İkincisi isə dörd dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğın törətmə əməli olub, yoxsa yox? Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər ki, hər hansı bir kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın», - Ə.Əhmədov bildirib.

Xatırlatma

Son vaxtlar Bakıda bir neçə yataqxanada yanğınla bağlı açıqlamalar verilib.

Həmin məlumatlardan birinə görə, martın 5-dən 6-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olmuşdu. Həmin yataqxanada köçkünlər məskunlaşmışdı. Bu yanğında iki köçkün həlak olmuş, 10-a yaxın şəxs isə xəsarət almışdı.

Bundan bir neçə gün sonra, martın 8-də də Bakıda köçkünlərin məskunlaşdığı daha bir yataqxanada yanğın baş verib. Həmin vaxt Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında belə yazılırdı: «Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan 1-otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb. Yanğın zamanı 4 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub».

Köçkünlərin məskunlaşdığı yataqxanaların bəziləri qəzalı vəziyyətdədir, Onlarda kommunal təminatda, elektrik çəkilişində problemlər də olduğu bildirilir.

Multimedia

XS
SM
MD
LG