Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:54

Trump-ın Moskva layihəsi niyə diqqət çəkir – Qərb mediası


Donald Trump (sağda) və Michael Cohen
Donald Trump (sağda) və Michael Cohen

Hazırda ABŞ-da Xüsusi prokuror Robert Mueller Kremlin 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini və Prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlbirliyini araşdırır. Bu araşdırmada diqqətçəkən məqam Trump-ın seçki kampaniyası dövründə Moskvada daşınmaz əmlak tikintisi üzrə razılaşmadır. Axı, Trump ozaman Rusiyayla əlaqələrinin olmadığını deyir. Bu haqda “Reuters” agentliyinin əməkdaşı Jan Wolfe yazır.

Xüsusi prokuror məhkəmə sənədlərində heç vaxt gerçəkləşməyən layihənin saysız detallarını açıqlayır. Danışıqlarda əsas rol oynamış, Trump-ın keçmiş vəkili Michael Cohen isə Konqresdəki dinləmələrdə əlavə məlumat verib. O, layihə haqda Konqresə yalan danışdığını boynuna alıb.

Bu layihə ona görə əhəmiyyətlidir ki, Trump-ın Rusiyada gözqamaşdırıcı biznes razılaşması əldə etmək istədiyini göstərir. Həm də Prezident Vladimir Putin hökuməti onun namizədliyini dəstəkləmək niyyətilə haker və propaqanda kampaniyası apardığı bir məqamda. Üstəlik, Trump namizəd ikən Putin barədə müsbət fikirlər səsləndirmiş, ABŞ-ın Rusiyaya sanksiyalarını şübhə altına almışdı.

Robert Mueller
Robert Mueller

Trump Rusiyayla əlbirlik, Rusiya isə seçkiyə müdaxilə iddialarını rədd edir.

Cohen Nümayəndələr Palatasına ifadəsində deyirdi ki, Trump prezidentlik kampaniyası zamanı bu razılaşmanı tamamlamağa çalışırdı.

Trump-ın sözügedən layihəylə bağlı açıqlamaları isə zaman-zaman dəyişib. O, 2016-cı ilin iyulunda “Rusiyayla görüləcək heç bir işim yoxdur” deyirdi. Prezident seçilməzdən 9 gün öncə Twitter-də yazırdı: “Rusiya heç vaxt mənə təzyiq göstərməyə çalışmayıb. RUSİYAYLA HEÇ BİR İŞİM YOXDUR – NƏ RAZILAŞMALAR, NƏ KREDİTLƏR, HEÇ NƏ!

Amma 2018-ci ilin noyabrında Cohen yalan danışdığını boynuna alandan sonra Trump jurnalistlərə dedi ki, 2016-cı ildə “Moskvada bir bina tikmək üzrə razılaşma əldə” etmək mövqeyində olub: “Bunu etsəydim belə yanlış bir şey baş verməzdi. Kampaniya apararkən öz biznesimi də idarə edirdim. Seçilməmək şansım da vardı və o zaman biznesimə dönəcəkdim. Bu qədər imkanı niyə itirməliydim?”

Səudiyyə-Rusiya neft alyansında gərginlik

“Bloomberg” agentliyi OPEC+ alyansında gərginlik yarandığını yazır. Belə ki, Rusiya Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qrupu hasilatın gələcək azaldılmasına dair qərarı ertələməyə çağırıb.

Khalid al-Falih (sağda) və Aleksandr Novak
Khalid al-Falih (sağda) və Aleksandr Novak

Agentlik gələn aya planlaşdırılan iclasın ertələnməsi tövsiyəsini qeyri-adi sayır. Bu o deməkdir ki, təşkilat hasilatın məhdudlaşdırılmasının uzadılmasına qərar verməyə bilər. Mövcud razılaşmanın müddəti isə iyunun sonunda bitir.

Bakıda keçirilən danışıqlarda Rusiyanın Enerji naziri Alexander Novak hasilata nəzarət edən komitəni inandırıb ki, aprelə planlaşdırılan iclas məhdudiyyətin uzadılmasını razılaşdırmaq üçün çox tezdir. Səudiyyənin enerji naziri Khalid Al-Falih ilkin olaraq həmin iclasda qərar verməyin tərəfdarı idi, sonradan razılaşaraq “aprel tezdir” deyib.

Hasilatın məhdudlaşdırılması Brent neftinin qiymətini 25 faiz qaldırıb. Neft ölkələri buna gələn aylarda da əməl edəcəklərini deyiblər. Amma agentlik yazır ki, növbəti qərarın ertələnməsi 24 üzvlük koalisiyanın iki ən böyük və güclü ölkəsi arasındakı narazılığı üzə çıxarır.

OPEC daxilində məhdudiyyətin uzadılmasına ümumi dəstək var. Novak isə buna qarşı çıxır, adının çəkilməsini istəməyən nümayəndələrdən biri agentliyə deyib.

Ziddiyyət aradan qalxmasa, iyunun 25-26-da Vyana görüşündə OPEC üzvləri çətin qərar verməli olacaqlar, təchizatda dəyişikliklə ayaqlaşmağa çox az vaxtları qalacaq.

Rusiya bundan öncə də demişdi ki, razılaşmanın uzadılmasında gözləmə mövqeyi tutacaq.

Ukraynada qızılcadan 11 nəfər ölüb

Bu il Ukraynada qızılcadan 11 nəfər ölüb, 17 min uşaq daxil 30 min 500 nəfər yoluxub. “Frans Pres” agentliyi yazır ki, hakimiyyət buna görə vaksin çatışmazlığı, səhiyyə xidmətlərinin ixtisarı daxil bir sıra faktorları günahlandırır. Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla beş ildir gedən münaqişənin yaratdığı iqtisadi yavaşıma da öz sözünü deyir.

Ukraynada məktəbliyə peyvənd vurulur
Ukraynada məktəbliyə peyvənd vurulur

Daha bir amil isə onlayn kampaniyaçıların peyvəndə qarşı yaratdığı ab-havadır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kütləvi epidemiyanı önləməkdən ötrü əhalinin 95 faizinə peyvənd vurulmasını tövsiyə edir.

2016-cı ilin sonunadək bir yaşlıların cəmi 42 faizinə peyvənd vurulub. Bunu isə BMT-nin uşaq təşkilatı olan UNICEF bildirir.

Ötən il Avropada qızılca hallarının sayı üç dəfə artıb. Ən çoxu isə Ukraynanın payına düşür.

Avropada ötən il 83 minədək yoluxma halı qeyd alınıb, bunun 54 mini Ukraynada baş verib.

Qızılca qızdırma və qırmızı səpkiylə xarakterizə olunur. Simptomları adətən yumşaq olsa da, dünyada uşaqlar arasında əsas ölüm səbəblərindən biri sayılır.

XS
SM
MD
LG