Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:10

Bakıda neftin qiymətindən danışırlar


OPEC və qeyri-OPEC ölkələrinin toplantısı

Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir.

Toplantıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+ formatı qlobal neft bazarında pozitiv dinamikaya nail olmağa imkan yaradıb. O, Azərbaycanın OPEC+ formatını dəstəkləməkdə davam edəcəyini deyib: «Hazırda neft bazarında müsbət dinamika müşahidə olunur. OPEC+ formatı çərçivəsində əməkdaşlıq dünya energetika bazarına təsir edə biləcək effektiv bir platformadır. Bizim OPEC+ çərçivəsində əməkdaşlığımız risklərin yumşaldılması istiqamətində əvəzolunmazdır. Artıq müsbət nəticələrə nail olunub».

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xaled Abdel Əziz əl-Fəlih də qeyd edib ki, OPEC və qeyri-OPEC ölkələrinin arasında əməkdaşlığın davam etdirilməsi bu müzakirələrin əsas mövzularından biri olacaq. Onun sözlərinə görə, bu, neft bazarındakı oyunçulara özünə əminlik verəcək və 2014-cü ildəki vəziyyətin təkrarlanmasına mane olacaq.

«Yaxın bir neçə həftə ərzində əməkdaşlıq planının qaralama formasını təqdim etməyi planlaşdırırıq», - o qeyd edib.

Nazir hesab edir ki, son bir ildə OPEC və OPEC+ birgə səylərlə neft bazarında balansı bərpa edib.

«Neft bazarının mövcud vəziyyətini öyrənərkən ötən ilin sonu ilə müqayisədə yaxşılaşma olduğunu görürük, amma hələ də çox iş görməliyik», - Əl-Fəlih vurğulayıb.

İ.Şaban
İ.Şaban

Ekspert rəyi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, OPEC ölkələri 2019-cu il yanvarın 1-dən başlayaraq 6 ay ərazində bazardakı neftin gündə 1 milyon 200 min barrel azaldılması barədə razılığa gəlib.

«Bunun 800 min barreli gündəlik olaraq OPEC-in üzərinə düşür. 400 min barreli isə OPEC+ ölkələrinin üzərində qalır. Bu ölkələrdən biri də Azərbaycandır. Yanvar ayı ilə bağlı hesabat açıqlanıb. OPEC rəhbərliyinin qeyd etdiyinə görə, yanvar ayında 83 faiz öhdəliyə əməl edilib. Hazırda monitorinq komitəsi yanvar-fevral aylarında əldə edilən nailiyyətləri müzakirə edir. İclasın nəticələrinin elan edilməsi bazarlara təsir edəcək», - o qeyd edib.

Ekspertin sözlərinə görə, OPEC və OPEC+ ölkələri əsas məqsədlərinin ədalətli qiymət dəhlizini müəyyən etmək olduğunu bəyan edib.

«Hesabatların ilkin müsbət nəticəsi odur ki, neft qiymətləri martda 65-70 dollar dəhlizində qərarlaşmaqdadır», - İ.Şaban qeyd edib.

+++

Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir.

Həmçinin, JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməl etmə səviyyəsi nəzərdən keçiriləcək.

Toplantıda OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edir. Tədbirdə həmçinin, OPEC üzvləri - Əlcəzair, Birləşmiş Ərəb Əmirliklərinin, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo təmsil olunur. Qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin yüksək səviyyəli nümayəndə heyəti toplantıya qatılıblar.

Toplantıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş katibi Məhəmməd Barkindonun çıxışları dinlənib.

Xatırlatma

Hələ 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Lakin 2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.

2018-ci ilin dekabr ayında isə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr gündəlik neft hasilatını yenidən azaldıb. Bu addım isə neftin qiymətlərində yenidən baş verən ucuzlaşmadan sonra atılıb.

Hazırda Azərbaycan nefti 67 dollar civarinda dəyişir.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.

Multimedia

XS
SM
MD
LG