Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Parlament Nazirlər Kabinetinin hesabatını qəbul edib


N.Məmmədov

«2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olub… Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçib».

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Azərbaycan baş naziri Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatını təqdim edərkən bildirib.

N.Məmmədovun qeyd etməsinə görə, prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan edib.

Baş nazir vurğulayıb ki, prezident İ.Əliyevin rəhbərliyi ilə aparılan, yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradıb.

«Hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib»,- deyə N.Məmmədov vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan prezidentinin bilavasitə rəhbərliyi altında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar 2018-ci ilin avqustunda uğurla yekunlaşıb. «Dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalanıb», - baş nazir deyib.

Baş nazir habelə deyib ki, hesabat ilində Azərbaycan prezidentinin fərmanının icrası olaraq, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlanıb: «İlin sonuna 34 milyon manat vəsait ödənilib. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunub».

N.Məmmədov əlavə edib ki, 2018-ci ildə ölkədə makroiqtisadi sabitlik təmin olunub: «İqtisadi artım 1.4 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 1.8 faiz olub, qeyri-neft sənaye məhsulu isə 9.1 faiz artıb».

Baş nazir vurğulayıb ki, 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ümumi dəyəri 618 milyon manata yaxın olan layihələrin maliyyələşdirilməsindən ötrü sahibkarlara 160 milyon manatdan artıq güzəştli kreditlər verilib. Onun deməsinə görə, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə sahibkarlara dövlət büdcəsindən 15 milyon manat məbləğində ixrac təşviqi ödənilib.

Ə.Məsimov
Ə.Məsimov

«Hesabatın təkmilləşdirilməsinə ehtiyac var»

«Nazirlər Kabinetinin hesabatı kifayət qədər məzmunlu hazırlansa da, bəzi məqamları təkmilləşdirməyə ehtiyac var».

«Report» xəbər verir ki, bunu Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. Onun sözlərinə görə, bu hesabatda bütün dövlət qurumları eyni rəngdə görünür.

«Necə ki, «Strateji Yol Xəritəsi»nin monitorinqlərində dövlət qurumlarının yaxşı, ortabab, pis işləyənləri göstərilir, hesab edirəm, hesabatda da həmin monitorinqlərin nəticələrindən istifadə etməklə dövlət qurumlarının fərqləndirilməsi yaxşı olardı. Eyni zamanda, hesabatda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçilməsi istiqamətində də addımlar atılmasını vacib hesab edirəm», - Ə.Məsimli əlavə edib.

Deputatın fikrincə, atılan addımların maliyyə tutumlarının və nəticələrinin müqayisəli şəkildə verilməsi də hesabatın sanballılığını xeyli dərəcədə artırmış olar.

Hesabatla bağlı əlavə çıxışlar dinlənib.

Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ilə aid fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi başa çatıb.

Müzakirədən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG