Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 01:51

'Qohum olmayanlar da donor ola bilər, amma...'


M.Quliyev

«Azərbaycan qanunvericiliyinə əsasən, insan orqanı alqı-satqısı qadağandır, canlı donor yalnız qohum olmalıdır və bunda məqsəd orqan alqı-satqısına yol verilməməsidir».

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, qanun layihəsini hazırlayan işçi qrupun rəhbəri Musa Quliyev bildirib. Onun sözlərinə görə, yeni hazırlanan «İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında» Qanun layihəsində də bu alqı-satqı qadağan edilir: «Yeni qanun layihəsinə əsasən, qohum olmayan şəxslər də donor ola bilər, amma bu alqı-satqı yox, xeyirxahlıq prinsipinə əsaslanır. Kimsə öz dostunun və ya yaxın münasibəti olan şəxsin donoru ola bilər».

Deputat deyib ki, qohum olmayan şəxslər Etika Komissiyasının rəyindən sonra donor ola bilərlər: «Bu komissiya alqı-satqı məsələsini araşdıracaq, belə olan halda müsbət rəy verməyəcək. Etika Komissiyası donorun şəxsiyyətini, könüllüyünü araşdıraraq qərar qəbul edir».

M.Quliyevin sözlərinə görə, əgər burada qeyri-qanuni əməl, niyyət varsa, cəza tətbiq ediləcək və hətta məsələ cinayət məsuliyyətinə qədər gedib çıxa bilir.

Deputat vurğulayıb ki, qanun layihəsinin mahiyyəti meyitdən donor orqanın götürülməsinin təşkilati-hüquqi əsaslarını yaratmaqdır: «Çünki dünyada orqan donorluğu və transplantasiyası 85-90 faiz meyitdən götürülən orqanlar hesabına həyata keçirilir».

Deputat əlavə edib ki, bu məsələ qanunvericiliklə təsbit olunmadığından Azərbaycanda transplantasiya yalnız canlıdan götürülən orqanlar vasitəsilə edilir.

Hazırda tətbiq edilən «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Qanun 1999-cu ildə qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG