Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:05

Gulnara Karimovanın məhkəməsi mətbəxdə olub


Gulnara Karimova, arxiv fotosu
Gulnara Karimova, arxiv fotosu

Özbəkistanın mərhum prezidenti Islam Karimov-un böyük qızı Gulnara Karimovaya beş il həbs cəzasının kəsildiyi məhkəmə onun saxlandığı evin mətbəxində keçirilibmiş. Bunu onun qızı Iman Karimova “The Guardian” qəzetinə müsahibəsində deyib.

Müsahibədə Iman Karimova anasının 2014-cü ildə həbsindən sonrakı həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir. Müsahibədə deyilir ki, xüsusi təyinatlılar onun yaşadığı evə eyvandan daxil olublar, Gulnara Karimova atasıyla əlaqə yaratmağa çalışsa da alınmayıb.

VƏKİL “QANUNSUZ METODLAR”DAN DANIŞIR

Qeyd edək ki, bu müsahibədən bir neçə gün öncə ABŞ hakimiyyəti Karimovaya ittihamlar irəli sürüb, o, xarici korrupsiya aktları haqda qanunu pozmaqda ittiham olunur, adı beynəlxalq rüşvətxorluq sxemində çəkilir.

Gulnara Karimova həbsxanaya aparılır
Gulnara Karimova həbsxanaya aparılır

***Buna da bax: Rusiya şirkəti ‘Özbəkistanda rüşvət’ə görə 850 milyon dollar cərimələnib

Martın 5-də isə prokurorlar Karimova-nın həbsxanaya köçürüldüyünü, onun ev dustaqlığının şərtlərini pozduğunu açıqlayıblar. İsveçrəli vəkili onun “məhdudiyyətlərə, qanunsuz metodlara, kütləvi psixoloji təzyiqə” məruz qaldığını deyib.

“Gulnara Karimova yenidən yoxa çıxıb… İttiham olunan şəxs özünü hərtərəfli və daimi şəkildə müdafiədən, ədalətə və ədalətli məhkəməyə çıxışdan məhrumdursa, hər hansı ittihamnamə mənasını itirir”, – vəkil Gregoire Mangeat martın 2-də AzadlıqRadiosu-na yazılı emailində bildirib.

Daha öncəki vəkil açıqlamasına görə, Karimova Daşkənddə saxlandığı mənzildən “zorla çıxarılaraq naməlum yerə aparılıb”.

Iman Karimova-nın olduğu bildirilən Instagram hesabı
Iman Karimova-nın olduğu bildirilən Instagram hesabı

KƏNDİRLƏ EYVANDAN GİRİBLƏR

Iman Karimova “The Guardian”a deyb ki, anasıyla özünün zilləti o, 2014-cü ilin əvvəlində təhsil aldığı Britaniyadan Daşkəndə gəlincə başlayıb. Onda 15 yaşı varmış. Bir səhər bir dəstə xüsusi təyinatlı kəndirlə onların qaldığı mənzilin eyvandan içəri daxil olublar. Onlara baş çəkməyə gəlmiş dostları başlarına torba keçirilərək aparılıb, mənzildəki bütün elektronika əşyaları və sənədlər müsadirə olunub. Gulnara Karimova “babamla telefon əlaqəsi saxlamağa çalışsa da, alınmırdı”, qızı danışır.

2015-ci ilin avqustunda isə onların qaldığı evə hakim, prokurorlar və görünür, dövlətin təyin etdiyi, əsəbi vəkil gəlib, elə mənzildəcə bir neçə saat içində “məhkəmə” keçiriblər.

Özbəkistan hakimiyyəti bu iş barədə 2017-ci ilin iyulunda məlumat yayıb, Gulna Karimovanın 2015-ci ildə beş illik “məhdud azadlığa” məhkum edildiyini, onun bir neçə nəfərlə birlikdə pul qoparma, mənimsəmə, vergidən yayınmada təqsirli bilindiyini bildirib.

20 yaşlı Iman Karimova hazırda Londonda yaşayır, qardaşı Islam Karimov da ordadır. Onlar Özbəkistan hakimiyyətini analarını buraxmağa çağırıb.

Özünün moda şouları və sentimental musiqi videoklipləri ilə kübar qadın kimi tanınan Karimovanın nə vaxtsa atasının siyasi varisi olacağı düşünülürdü.

Lakin o, 2014-cü ildə qəfildən ictimai həyatdan yoxa çıxdı və sonradan barəsində cinayət işinin açıldığı təsdiqləndi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG