Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

Rusiya şirkəti ‘Özbəkistanda rüşvət’ə görə 850 milyon dollar cərimələnib


Rusiyanın ən böyük mobil şəbəkə provaeyderi – MTS Özbəkistanın mərhum prezidentinin qızı ilə bağlı rüşvət və korrupsiya işinə xitam verilməsi üçün 850 milyon dollar təzminat ödəyəcək.

Təzminat razılaşması barədə martın 7-də elan edilmiş bu sövdələşmə böyük telekommunikasiya şirkətlərinin ABŞ və Avropada məhkəmələrində çözülmüş üçüncü böyük qalmaqalının nəticəsi olub.

Moskvada mənzillənmiş MTS bildirir ki, sözü gedən pulun ödənməsi ABŞ-ın Ədliyyə Nazirliyi, habelə Qiymətli Kağızlar və Birjalar Komissiyası ilə əldə olunmuş razılaşmanın bir hissəsdir.

MTS-in səhmləri Nyu York birjasında dövriyyədə olduğuna görə ABŞ agentlikləri onun fəaliyyətinə nəzarət edə biliblər.

Bu razılaşma şirkətin “Özbəkistandakı filialının fəaliyyət və əməliyyatının başa çatması” deməkdir.

Qiymətli Kağızlar və Birja Komissiyası bildirir ki, MTS bu ölkədə fəaliyyət göstərmək məqsədlilə lisenziya almaq üçün Özbəkistanın ovaxtkı prezidentinə qohum olan bir rəsmiyə rüşvət verib.

Komissiyanın bu barədə bəyanatında deyilir ki, MTS “qanunsuz fəaliyyətlə az qala bir onillik məşğul olaraq korrupsiyalı rəsmiyə milyonlarla dollar köçürüb”.

Nə MTS, nə də ABŞ Komissiyası sözü gedən rəsminin adını açıqlamırlar.

Bununla belə məhkəmə sənədlərindən sözü gedən rəsminin ovaxtkı prezident İslam Karimovun qızı Gulnara Karimova olduğu bəlli olur.

MTS Özbəkistanın rəsmi qurumları ilə 2000-ci illərin sonlarında və 2010-cu illərin əvvəllərində məhkəmə müstəvisində çəkişib. Bütün bunlar şirkətin Uzdunrobita adlı yerli filialının Daşkənd tərəfindən müsadirə edilməsi ilə nəticələnib.

Karimova bu şirkətə nəzarəti 2004-cü ildə ABŞ investorlarından almışdı.

Özünün moda şouları və sentimental musiqi videoklipləri ilə kübar qadın kimi tanınan Karimovanın nə vaxtsa atasının siyasi varisi olacağı düşünülürdü.

Lakin o 2014-cü ildə qəfildən ictimai həyatdan yoxa çıxdı. Özbəkistan prokurorları bunun ardınca onun ev məhbusluğunda olduğunu və barəsində korrupsiya ittihamları ilə cinayət işinin açıldığını təsdiq etdilər.

Martın 5-də Özbəkistan Baş Prokurorluğu bəyan edib ki, Karimova ev məhbusluğunun şərtlərini pozub və bu səbəbdən də həbsxanaya köçürülüb.

Özbəkistanda korrupsiya ittihamlarına görə ilişən iki başqa telekommunikasiya şirkəti də var.

Qərargahı Hollandiyada yerləşən və Rusiya investorlarının nəzarətində olan Vimpelcom 2016-cı ildə ABŞ və Hollandiya hakimiyyət orqanlarının korrupsiya ittihamlarına xitam verilməsi müqabilində 795 milyon dollar ödəməyə razılaşıb.

Vimpelcom Rusiyanın ikinci böyük mobil telefon provayderi Beeline şirkətinə nəzarət edir.

Bundan bir il sonra bir vaxtlar TeliaSonera kimi tanınan İsveç şirkəti ABŞ və Hollandiya tənzimləyiciləri ilə razılaşma əldə edib.

Ötən ay İsveç məhkəməsi TeliaSoneranın üç keçmiş meneceri barəsində cinayət işinə xitam verib. Onlar da Karimovaya rüşvət verməkdə ittiham olunurdular.

İslam Karimov 2016-cı ildə vəfat edəndən sonra yeni prezident Shavkat Mirziyoyev Özbəkistanı Qərb investisyaları üçün cazibədar etmək məqsədilə biznes sahəsində islahatlara başlayıb.

O habelə keçmiş hakimiyyətin bir çox nüfuzlu nümayəndələrini vəzifələrindən uzaqlaşdırıb.

Bu arada artıq bir ilə yaxındır ki, Vaşinqton və Daşkənd arasında ABŞ banklarında dondurulmuş 1 milyard dollarlıq aktivlərin gələcəyi müzakirə olunur. Gulnara Karimovaya məxsus hesablarda olan bu vəsaitin Özbəkistan dövlətinə qaytarıla biləcəyi deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG