Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

'3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik'-iqtisadçı (Media icmalı)


V.Bayramov
V.Bayramov

Azərbaycan əhalisində artım, uşaqlara aylıq müavinətin verilməsinin bərpa edilməsi ilə bağlı təkliflər və buna rəsmilərin münasibəti medianın aparıcı mövzularındandır...

Uşaqpulunun verilməsi bərpa edilsin- təklif

«Yeni Müsavat» qəzetində «Hökumətə uşaqpulunun bərpasına dair təkliflər təqdim olunub» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə uşaqlara aylıq müavinətin verilməsinin bərpa edilməsi haqqında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovla söhbət edib.

V.Bayramov hesab edir ki, Azərbaycan hökumətinin sosial sahədə növbəti addımı uşaqpulunun bərpası olmalıdır və bununla bağlı CESD təkliflər hazırlayaraq hökumətə təqdim edib.

V.Bayramov deyib ki, son hesablamalara görə, ölkədə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir: «Uşaqpulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaqpulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir».

Ekspert vurğulayıb ki, hökumətə təklif etdikləri mexanizmə görə, uşaqpulu məbləği üç yaş qrupu üzrə (1-3 yaşlı uşaqlar, 4 yaşdan məktəb yaşına qədər olan uşaqlar, məktəbli uşaqlar) qruplaşdırılır: «3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir... 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edi».

V.Bayramovun qeyd etməsinə görə, digər differensial uşaqpulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir: «Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var... Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır».

Sonuncu qrup isə məktəblilərdir: «Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var... Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaqpulunun məbləği 58 milyon 512 min manat edir».

V.Bayramov deyib ki, bütün yaş kateqoriyaları üzrə uşaqlara ödənilməsi təklif edilən aylıq müavinətin məbləği 135 milyon 104 min manat. İqtisadçının hesablamasına görə, bu illik 1 milyard 612 milyon manat deməkdir.

H.Rəcəbli
H.Rəcəbli

3 yaşadək uşaqlara verilə bilər- deputat

Modern.az saytında «Komitə sədri uşaqpulunun bərpası haqda danışdı» sərlövhəli yazı yer alır.

Bu yazıda isə uşaqlara aylıq müavinətlərin verilməsi ilə bağlı təkliflərə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin cavabı təqdim edilir.

Modern.az-ın məlumatına görə, komitə sədri deyib ki, bu gün 18 yaşadək olanlara uşaqpulunun bərpası gündəmdə deyil: «Ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir. Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar».

H.Rəcəbli xatırladıb ki, prezident bu yaxınlarda bəzi kateqoriyalar üzrə müavinətləri artırıb.

18 yaşadək bütün uşaqlara aylıq müavinətlərin verilməsinə gəlincə, deputat buna müsbət yanaşmır. H.Rəcəbli hesab edir ki, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara müavinət verilməsi doğru deyil: «Bu belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur . 3 yaşadək uşaqlara görə uşaqpulu verilə bilər».

Komitə sədri qeyd edib ki, uşaqpulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur.

Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı ildən etibarən ünvanlı sosial yardımın verilməsi ilə dayandırılıb.

Doğum evi
Doğum evi

«Yolunu gözləyirik, 10 milyonuncu vətəndaş»

«Azərbaycan» qəzetində «Azərbaycan 10 milyonuncu vətəndaşını gözləyir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycan 10 milyonuncu vətəndaşının yolunu gözləyir: «Əhalinin sayı getdikcə bu rəqəmə yaxınlaşmaqdadır. Belə ki, cari il yanvarın 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 981 min 457 nəfər olub».

Müəllifin yazmasına görə, hesablamalar göstərir ki, bu il martın sonunda, yaxud aprelin əvvəlində ölkənin 10 milyonuncu vətəndaşı dünyaya gələcək: «Azərbaycanda əhali təbii yolla çoxalır. Yəni doğulanların sayı dünyasını dəyişənlərin sayını üstələyir. Son illərdə əhalinin artmasına müəyyən dərəcədə miqrasiya saldosunun müsbət olması - ölkəyə daimi yaşamağa gələnlərin buradan biryolluq köçənlərdən çox olması da təsir göstərir».

Müəllif yazıb ki, Azərbaycan dünyaya gələn vətəndaşlarını əliboş qarşılamır: «Onların xoşbəxt sabahı üçün indidən geniş tədbirlər görür. Əhalimiz də artır və biz indi artıq yaxın günlərdə dünyaya göz açacaq 10 milyonuncu vətəndaşın yolunu gözləyirik».

Yazının sonunda da oxuyuruq: «Hansı ailədə doğulacaq? Bunun da fərqi yoxdur. Mentalitetimiz belədir ki, doğulan hər körpə təkcə ata-anasının, nənə-babasının deyil, bütün el-obanın sevincidir. Odur ki, yolunu gözləyirik, 10 milyonuncu vətəndaş!».

XS
SM
MD
LG