Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:11

Seçkidə prezidentin oğlunu dəstəkləmək üçün təzyiq gördüyünü deyir


Sharofiddin Gadoev Niderlandda

Tacikistanın tanınmış müxalifətçi fəalı deyir ki, 2020-ci ilə planlaşdırılan prezident seçkisində Prezident Emomali Rahmon-un oğlunu dəstəkləmək üçün ona təzyiq göstərilib. Fəal ötən ay Tacikistan rəsmiləri tərəfindən oğurlanaraq işgəncəyə məruz qaldığını iddia edir.

Qadağan olunmuş Qrup 24 müxalifət hərəkatının üzvü Sharofiddin Gadoev AzadlıqRadiosu-na müsahibə verib, qaçqın status aldğı Amsterdamda jurnalistlərlə daha geniş görüş keçirib.

Fəalın sözlərinə görə, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saimumin Yatimov ona deyib ki, “Qrup 24-ün 17 keçmiş üzvü Tacikistana qayıdıb. Sən bu qrupa rəhbərlik edəcək, 2020-ci il prezident seçkisində Rustam Emomali-ni dəstəkləyəcəksən”.

Rahmon 1992-ci ildən Tacikistana rəhbərlik edir, narazıları susdurur, siyasi opponentlərini təzyiqə məruz qoyur. Tacikistanda çoxları inanır ki, o, 29 yaşında Düşənbənin meri təyin olunmuş 31 yaşlı oğlunu özünün varisinə çevirə bilər.

Emomali Rahmon jurnalistlərlə görüşür, 21 fevral, 2019-cu il
Emomali Rahmon jurnalistlərlə görüşür, 21 fevral, 2019-cu il

TƏYYARƏDƏ DƏ DÖYÜLDÜYÜNÜ DEYİR

66 yaşlı Rahmon növbəti müddətə prezidentliyə namizədliyini verəcəyini açıqlamayıb.

2012-ci ildə Tacikistandan qaçmış Gadoev Rusiyaya səfərdən sonra fevralda öz ölkəsində peyda olub. Onun AzadlıqRadiosu-na deməsinə görə, Rusiya polis əməkdaşları Moskvada onu oğurlayıb, əllərini qandallayıb, gözlərini, ağzını bağlayandan sonra başına plastik torba keçirib.

Gadoev-in sözlərinə görə, maşında onu döyüblər və Moskva aeroportuna apararaq Tacikistan rəsmilərinə təslim ediblər. O, Somon Air marşrutuna oturdularaq Düşənbəyə aparılıb.

Fəal təyyarədə də Tacikistan polis əməkdaşları və təyyarənin üç heyət üzvü tərəfindən döyüldüyünü, sənədlərinin, mobil telefonunun, kredit kartlarının, pulunun “heç bir məhkəmə qərarı olmadan, şahidsiz” müsadirə olunduğunu deyir.

Gadoev Düşənbəyə çatarkən əynində olan qanlı köynəyi də nümayiş etdirib. Deyir, onu “Daxili İşlər Nazirliyinin zirzəmisinə apararaq” orada bir daha döyüblər.

O, hakimiyyətlə əməkdaşlıq təklifi aldığını, əks halda ölüm, yaxud həbslə hədələndiyini sözlərinə əlavə edib.

Tacikistan hakimiyyəti isə 33 yaşlı Gadoev-in fevralın 15-də ölkəyə könüllü qayıtdığını iddia edir. Onların yaydıqları videoda Gadoev müxalifəti tənqid edir, digər fəalları Tacikistana qayıtmağa çağırır.

Gadoev videonun zorla hazırlandığını deyir.

O, jurnalistlərə, insan haqları fəallarına və Qərb hökumətlərinə onun buraxılmasını, Niderlanda qayıtmasını təmin etdikləri üçün təşəkkürünü bildirib.

XS
SM
MD
LG