Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

'Dünya bizə baxıb qibtə edir, ah çəkir'-Media icmalı


N.Cəfərli
N.Cəfərli

Prezident İlham Əliyevin «Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı, 10 min dollardan yuxarı kredit borcları olan şəxslərlə bağlı gözləntilər, ölkədə yoxsulluq səviyyəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Hökumət «rəqəmlərlə rəqs edərək»...

Strateq.az saytında «İqtisadçı hökumətin yoxsulluqla bağlı hesabatını lağa qoydu: İndi dünya bizə baxıb, ah çəkir» sərlövhəli yazı oxumaq olar.

Sayt Azərbaycanda rəsmi olaraq yoxsulluq həddinin 5.1 faiz səviyyəsində elan olmasına dair iqtisadçı Natiq Cəfərlinin baxışlarına yer verib. «Rəsmi rəqəmlərə görə, Azərbaycanda yoxsulluq həddində yaşayanlar əhalinin cəmi 5.1 faizini təşkil edir. Dünya bizə baxıb qibtə edir, ah çəkir, köks ötürür», - ekspert rəsmi elan olunan göstəriciyə belə zarafatla münasibət ifadə edib.

N.Cəfərli vurğulayıb ki, bu göstərici bir çox inkişaf etmiş Avropa Birliyi ölkələrində daha yüksəkdir. «Bu göstərici Latviyada – 27, Rumıniyada – 24, Bolqarıstanda – 22, Litvada – 21, Almaniyada – 16, İsveçdə – 13, Danimarkada – 13, Avstriyada – 12 faizdir. ABŞ da isə 20 faizdən çoxdur», - deyə ekspert əlavə edib.

N.Cəfərliyə görə, Azərbaycanda rəsmi göstərilən yoxsulluq səviyyəsi reallığa uyğun deyil və bunun da çox sadə səbəbi var. Onun fikrincə, Azərbaycanın istinad etdiyi yoxsulluq həddi indikatorları köhnədir, real deyil, orada yoxsulluq səviyyəsi çox aşağı göstəricilərlə hesablanır.

N.Cəfərlinin deməsinə görə, Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar, yəni təqribən 1900 manatdan aşağı gəliri olan yoxsuldur: «Bizdə isə camaat 1900 manat maaş almaq, pul qazanmaq üçün day-day axtarır...».

İqtisadçının vurğulamasına görə, ABŞ-da illik gəliri 20 min dollardan az olanı yoxsul sayırlar: «Yəni bizdə hökumət «rəqəmlərlə rəqs edərək» yoxsul insanların ümumi əhaliyə nisbətən sayını Amerikadan, Almaniyadan az çıxardır. Çox demirəm, bizdə yoxsulluq həddi 500 manat, dördnəfərlik ailə üçün 2000 manat olsa, ölkənin 70-80 faizi yoxsulluq həddinə düşər…».

V.Əhmədov
V.Əhmədov

Bəs 10 min dollardan çox banklara borcu olanlar?

Modern.az saytında «10 min dollardan çox kredit borcu olanlara güzəşt edilməyəcək» sərlövhəli yazı yer alır.

Bu günlər prezident İlham Əliyev banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman verib.

Müəllif isə bu yazıda 10 min dollardan çox borcu olan fiziki şəxslərin məsələsini gündəmə daşıyıb. Yazıda mövzu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla müzakirə edilib.

Deputat modern.az-a deyib ki, 10 min dollardan yuxarı kreditlərlə bağlı məsələ gündəmdə deyil: «Prezident İlham Əliyevin «Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına görə, kifayət qədər böyük vəsait ayrılıb. Bizi narahat edən əsas məsələ 10 min dollara qədər olan problemli kreditlərlə bağlı idi. Bəziləri deyir ki, hüquqi şəxslərlə bağlı məsələlərə də baxılacaq. Amma mən bunların reallaşacağına inanmıram. Çünki bunun üçün böyük vəsait lazımdır. Büdcəmiz o qədər böyük deyil ki, bütün məsələlərin həlli üçün oradan istənilən qədər vəsait ayrılsın».

Amma deputat bildirib ki, hüquqi şəxslərə kommersiya banklarının güzəştlər ediləcəyi gözlənilir: «Ola bilər, banklar borcları restrukturizasiya ( kredit şərtlərinin dəyişdirilməsi-A.R) etsin, faizləri aşağı sala bilərlər, ödəmə müddətini uzada bilərlər və s. Bu, artıq bankla hüquqi şəxslər arasında həll olunacaq. Amma mən inanmıram ki, yaxın zamanlarda dövlət tərəfindən 10 min dollardan yuxarı kredit borcları üçün hansısa addım atılsın».

Dollar/Manat
Dollar/Manat

«Əhalinin borcu azalacaq»

«Azərbaycan» qəzetində «Prezidentin fərmanının həm sosial, həm də iqtisadi cəhətdən əhəmiyyəti böyükdür» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə sırf «Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın üzərində dayanılır. Fərman 2015-ci ildə Azərbaycanda baş vermiş devalvasiya nəticəsində kreditlərin qaytarılmasında yaranan problemlərin həllinə yönəlib. Həmin sənədə görə, 10 min dollar və ya 17 min manat həcmində kredit borcu olan şəxslərə dövlət kömək göstərəcək.

Müəllif yazıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fərmanı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və maliyyə sektorunda problemli kreditlərin azaldılması çərçivəsində ən əhəmiyyətli qərarlardan biri adlandırıb. «Fərman əhalinin izafi borc yükünün, iqtisadiyyatın inkişaf sürətini əngəlləyən qeyri-işlək aktivlərin həcminin azaldılması istiqamətində misilsiz əhəmiyyəti olan bir addımdır. Qəbul edilmiş fərman, eyni zamanda, bank və müştəri münasibətlərini bərpa edərək, maliyyə vasitəçiliyinin bərpasına təkan verəcək», - Palatanın şərhində qeyd edilib.

Yazının sonunda da qeyd edilib ki, fərmanın icrası əhalinin borc yükünün, banklarda problemli kreditlərinin azalmasına və daha dayanıqlı kapital buferinin formalaşmasına şərait yaradacaq.

XS
SM
MD
LG