Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:35

Yanğından çıxan köçkünlərə çadırlar quraşdırılıb


Yanğın

Martın 5-də gecə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında baş verən yanğınla bağlı komissiya yaradılıb.

Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin bu gün, martın 6-da yaydığı məlumatda bildirilir:

«Yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.

Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür».

Məlumatda habelə bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyəti müvəqqəti sığınacaq məqsədilə çadırlar quraşdırıb: «Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib».

Komitənin sədri Rövşən Rzayev «Report»a açıqlamasında isə deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq: «Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar. Bu binada məskunlaşan bütün məcburi köçkünləri tez bir zamanda məcburi köçkünlər üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik».

Bakıda yataqxanada yanğın. Ölənlər var

Martın 5-dən 6-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda yanğın zamanı ölüm hallarının baş verdiyi bildirilir.

Məlumatda qeyd edilib ki, Azərbaycan İncəsənət Universitetinin balansında olan yataqxanada Ağdam rayon məcburi köçkünləri məskunlaşıb. Yanğının üçüncü mərtəbədə baş verdiyi vurğulanıb.

FHN məlumatında o da bildirilib ki, yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib: «1953-cü il təvəllüdlü Eliza Əliyeva və 1951-ci il təvəllüdlü Surxay Əliyevin meyitləri tüstülənmiş mənzillərdən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib. Daha 42 nəfər bina sakini təxliyə olunub. Yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub».

Yanğının, hələlik, baş vermə səbəbi açıqlanmır, hadisə ilə əlaqədar təhqiqat aparıldığı bildirilir.

Nazirlik xəsarət alanlarla bağlı açıqlama verdi

Bakı şəhəri Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında yanğınla bağlı təcili yardıma bütünlükdə 22 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, müraciət edənlərdən 8 nəfərə yerində yardım göstərilib: «14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Bu xəsarətlərin həyati təhlükəsi yoxdur».

Nazirlik bildirir ki, digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar: «İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb».

Multimedia

XS
SM
MD
LG