Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:05

Ombudsman parlamentdə hesabat verib


Elmira Süleymanova

Bu gün, martın 5-də Ombudsman Elmira Süleymanova Milli Məclisdə hesabat verib.

«Report»un xəbərinə görə, o deyib ki, Milli Preventiv Qrup (MPQ) il ərzində 240-dək müəssisəyə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib. Onun qeyd etməsinə görə, bunların arasında Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin saxlama yerləri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələri olub. Bundan başqa, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə də baxışlar keçirilib.

E.Süleymanova vurğulayıb ki, hüquqların inzibati və məhkəmə təminatı ilə bağlı onlara 1442 müraciət daxil olub. «…Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir», - çıxışda vurğulanıb.

İllik məruzədə bəzi jurnalistlər də tənqid edilib. Ombudsman qeyd edib ki, müxtəlif məqsədlər naminə vətəndaşları təhdid edən, öz sənətinə qeyri-peşəkarlıqla yanaşan jurnalistlərin mətbuatda şantaj, rüsvayedici və böhtan xarakterli yazılar dərc etməsi peşə etikasına zidd olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinin pozulmasıdır.

Xəbərə görə, onun çıxışında bəzi təklif və tövsiyələr də yer alıb.

Ombudsman qanunvericilikdə müəyyən edilmiş qaydada istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulmasını təklif edib.

O, yaşa görə pensiya çıxmağa 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin də qadağan olunmasını vacib sayıb.

Ombudsmanın sözlərinə görə, Milli Preventiv Qrup Azərbaycanın psixiatriya müəssisələrinə də baş çəkib:

«…Həmin müəssisələrdə müayinə və müalicə prosesi öyrənilib, aşkar olunan nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Nəticə olaraq beynəlxalq standartlara cavab verməyən ruhi-əsəb müəssisələri binalarının yenidən qurulması, bu müəssisələrdə müalicə alan xəstələrin qida və tibbi təminatının yaxşılaşdırılması, personalın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə təkliflər göndərilib».

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsini qəbul edib.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. Quruma o vaxtdan eyni şəxs rəhbərlik edir.

Ancaq bu qurumun fəaliyyəti ilə bağlı ölkədə birmənalı münasibət yoxdur. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu Aparat insan hüquqlarının müdafiəsindən çox hakimiyyətin siyasətini müdafiə edir.

Onlar xüsusilə də vurğulayırlar ki, bir çox şikayətlərin olmasına baxmayaraq, Azərbaycanda Ombudsman Aparatının bir dəfə belə olsun təcridxana və həbsxanalarda işgəncə halının mövcud olduğunu təsdiq etməməsi şübhəli durum yaradır.

Yerli hüquq müdafiəçilərinin bəzilərinin fikirlərinə görə, bu Aparat həmçinin, ölkədə siyasi məhbus hesab edilən şəxsləri də lazımı qədər müdafiə edə bilmir. Hərçənd, Ombudsman Aparatının rəsmiləri tənqidləri əsassız sayırlar.

Üstəlik, rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Multimedia

XS
SM
MD
LG