Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:59

Milli Şuranın mitinqinə 3-cü dəfə razılıq verilmədi


Mitinq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 2-nə təyin etdiyi mitinqə razılıq verməyib.

Bunu AzadlıqRadiosuna mitinq təşkilatçıları bildiriblər.

Təşkilatçıların deməsinə görə, BŞİH bunu Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiya keçirilən məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırıb.

Milli Şura martın 2-də aksiya keçirmək istəyi ilə bağlı BŞİH-ə müraciət etmişdi. Təşkilatçılar bildirmişdilər ki, bu aksiyada da əsasən əvvəlki tələbləri gündəmə daşımaq niyyətindədirlər. Bura siyasi məhbuslara azadlıq, Azərbaycandan kənara çıxarılan vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit borclarının silinməsi, tələblərin xaricidə təhsilinə dövlət dəstəyinin artırılması və başqa məsələlər daxildir.

Milli Şuranın bundan əvvəl yanvarın 26-na və fevralın 23-nə təyin edilən aksiyalarına da BŞİH razılıq verməmişdi. Qurum bunu onda da təqribən eyni səbəblərlə izah etmişdi.

Milli Şura isə bunu bəhanə sayaraq, mitinqə icazə verilməməsini hakimiyyətin yanvarın 19-da keçirilən aksiyalarının kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirmişdi. Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı. Yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib. Rəsmi məlumatlara görə, bu ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcimi 1.6 milyard manata yaxın olub. Bu müddət ərzində Konstitusiya Məhkəməsi iki dəfə problemli kreditlər məsələsi ilə bağlı müraciətə baxıb. Amma devalvasiyalardan əvvəl xarici valyutada götürülən kreditlərin mövcud məzənnə ilə qaytarılmasını əsaslı sayıb.

Bu günlərdə isə prezident İlham Əliyev deyib ki, problemli kreditlər hökumətin gündəmindədir və bu məsələ tezliklə həll ediləcək.

Multimedia

XS
SM
MD
LG