Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:26

Əli Kərimli: 'AXCP-nin 10-a yaxın fəalı saxlanıb'


Polis

«AXCP-nin təşkilat şöbəsinin müdiri Saqif Qurbanlı başda olmaqla 10-a yaxın fəalımız saxlanıb. Məqsəd martın 2-nə təyin edilən mitinqin kütləvi alınmasına icazə verməməkdir. Hakimiyyət yalnız mitinqə az adam gələcəyinə əmin olduqdan sonra aksiyaya icazə vermək istəyir».

Bunu fevralın 26-da AXCP sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, Xocalı faciəsinin ildönümü ilə bağlı anım mərasiminə də yalnız partiya rəhbərliyi qatılıb ki, fəalların əlavə həbsinə imkan verməsinlər.

Amma onun bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müsavat: «Potensial mitinq iştirakçıları polisə aparılır»

«Potensial mitinq iştirakçılarının polis bölmələrinə aparılması və polisə çağırılmalar davam edir».

Bunu Müsavat Partiyasından bildiriblər.

Partiyadan verilən məlumata görə, fevralın 26-sı səhər saatlarında ictimai fəal Fatimə Mövlamlı Binəqədi Rayon Polis İdarəsinin 4 saylı polis bölməsinə aparılıb. «İki saat saxlandıqdan sonra F.Mövamlını sərbəst buraxıblar»,-partiyadan bildiriblər.

Verilən məlumata görə, daha sonra Müsavat Gənclər Təşkilatının fəalı Elman Quliyev polisə aparılıb və hazırda polisdədir: «Başqa bir ehtimalımız yoxdur. Yeganə ehtimal budur ki, martın 10-da Müsavat Partiyası mitinq elan edib və polis də potensial mitinq iştirakçıları ilə «profilaktik» söhbət aparır».

Ancaq bütün bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə, hələlik, polisə çağrılmalarla bağlı məlumatlar yayılmayıb. Adətən bu partiya belə məlumatları kütləvi aksiyalardan sonra yayır və bunu insanlarda narahatlıq yaratmamaq niyyəti ilə izah edirlər. Bu partiyadan yalnız bildiriblər ki, AXCP sədrinin müşaviri Məmməd İbrahimin fevralın 25-də səhər saatlarında saxlanan oğlu Turan İbrahim fevralın 26-da sərbəst buraxılıb. Bu məlumatı da rəsmi qurumlardan dəqiqləşdirmək cəhdi nəticə verməyib.

Xatırlatma

Milli Şura martın 2-də, Müsavat Partiyası isə martın 10-da aksiya keçirmək niyyətindədir.

Bu aksiyalarda «Siyasi məhbuslara azadlıq», «Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin» və başqa tələblərin səsləndiriləcəyi gözlənir.

Bakı Şəhər İcra Hakimiyyəti, hələlik, aksiyalarla bağlı təşkilatçıların müraciətinə cavab verməyib. Rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar problemli kreditlər məsələsinin də hökumətin gündəmində olduğunu və bunun tezliklə həll olunacağını bildiriblər.

Müxalifətin bundan əvvəlki aksiyalarından öncə də fəalların kütləvi şəkildə polisə çağrılaraq mitinqlərə qatılmamaqla bağlı xəbərdarlıq aldıqları bildirilirdi. Amma Daxili İşlər Nazirliyi belə məlumatları təsdiq etmir.

XS
SM
MD
LG