Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

'Ölkədə həyat səviyyəsinin 4.7 faiz pisləşməsi'-Media icmalı


Bina
Bina

Azərbaycanda infrastrukturun inkişafı, mənzil tikintisi bazarında bahalığın səbəbləri, rəsmi statistik göstəricilərə şübhə və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Mənzillərin bahalığının səbəbləri

«Yeni Müsavat» qəzetində «Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanla eyni inkişaf səviyyəsində olan heç bir ölkədə daşınmaz əmlak Bakıdakı qədər baha deyil. Şəhərin mərkəzindən uzaqda belə, bir kvadratmetri 1000 manatdan aşağı mənzil tapmaq olmur.

İqtisadçı Vüqar Bayramov deyib ki, daşınmaz əmlak sahəsində bahalıq əsasən neft bumu dövründə formalaşıb: «Daşınmaz əmlak bazarı neft bumu dövründə cəlbedici idi, kommersiya baxımından daha çox gəlir əldə etməyə imkan verirdi. Buna görə də Rusiyada və digər ölkələrdə işləyib pul qazanan vətəndaşlarımız bu bazarda tələbi yüksəltdilər».

V.Bayramov vurğulayıb ki, manatın devalvasiyalarından sonra daşınmaz əmlakın qiyməti dollar ifadəsində azalıb. Bununla belə, o hesab edir ki, qiymətlər yenə yüksəkdir. Ekspertə görə, ölkənin daşınmaz əmlak bazarında qiymətlər gəlir səviyyəsi və alıcılıq qabiliyyətinə uyğun deyil: «Araşdırmalarımız göstərir ki, yeni binalarda mənzilləri bir çox hallarda saxlamaq üçün alırlar. Yəni baxırsan ki, binanın yarıdan çoxu satılıb, amma mənzillərdə yaşayan yoxdur, bu da süni tələb formalaşdırır».

V.Bayramov bildirib ki, 2015-2018-ci illərdə bazarda təklif də azalıb. Amma onun fikrincə, kifayət qədər təsirli şirkətlər var ki, qiymətlərin enməsinə imkan verməməyə çalışırlar: «Çox fərqli mətbuat orqanlarına real əsası olmadan yaxın vaxtlarda mənzillərin bahalaşacağına dair məlumatlar sızdırılır».

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə hesab edir ki, qiymətlərin bahalığına qeyri-rəsmi xərclərin yüksək olması amili təsir göstərir. «Bu qeyri-rəsmi xərclər üzündən normalda bir kvadratmetrin maya dəyəri 500-600 manata başa gəlməli olan tikintinin qiyməti bəzi hallarda iki dəfəyə qədər artır. Buna korrupsiya halları, qeyri-rəsmi ödənişlər səbəb olur».

N.Əliyev
N.Əliyev

Rəsmi statistikaya şübhə

Azadliq.info saytında «Dövlət Statistika Komitəsi yenə saxtakarlıq edir» sərlövhəli yazı yer alır.

Sayt iqtisadçı Nemət Əliyevin 2019-cu ilin yanvar ayında əhalinin gəlirləri ilə bağlı düşüncələrinə yer verib.

N.Əliyev iddia edir ki, bəhs olunan dövrdə əhali gəlirlərinin adambaşına düşən həcmi 11 manat 70 qəpik və ya 3 faiz azalıb: «Lap «al gülüm, ver gülüm» məsələsinə döndü. Pensiyaların, təqaüdlərin artırılmasına dair imzalanan sərəncamların mürəkkəbi qurumayıb hələ. Belə çıxır ki, əvvəlcə alıb, sonra da qaytarırlar. Əsl sürprizdir!».

İqtisadçı qeyd edib ki, adambaşına düşən gəlirlərin nominal həcmi 2018-ci ilin yanvarında 396.9 manat, 2019-cu ilin yanvarında isə 385.2 manat olub: «Gəlirlərin 11.7 manat və ya 3 faiz azalması ortadadır ... Amma Dövlət Statistika Komitəsi (DSK) açıqladığı rəsmi məlumatda bu azalmanı ört-basdır etmək üçün onu «5.3 faiz artım» şəklində ötürüb ictimaiyyətə».

İqtisadçının habelə iddiasına görə, əhalinin ümumi gəlirlərinin nominal həcmi də azalıb. Onun qeyd etməsinə görə, bu göstəricinin səviyyəsi 2019-cu ilin yanvarında 2.1 faiz və ya 82.3 milyon manat enərək 3882.3 milyon manatdan 3800 milyon manata düşüb: «Amma rəsmilər bu sadə hesablamanın nəticəsini də təhrif olunmuş şəkildə – «6.1 faiz artım» kimi təqdim edib ictimaiyyətə».

N.Əliyevin yazdığına görə, peşəkar mütəxəssislərin bu dərəcədə kobud «səhv» buraxması heç inandırıcı görünmür: «Əgər istehlak qiymətlərinin yanvarda 1.7 faiz artmasına dair açıqlanan rəsmi məlumatlara inansaq (gerçək bahalaşma yüksəkdir), ölkədə həyat səviyyəsinin artıq 4.7 faiz pisləşməsi təsdiq olunur».

Ələt-Astara-İran sərhədi magistralı
Ələt-Astara-İran sərhədi magistralı

İnfrastrukturun inkişafı

«Azərbaycan» qəzetində «Dayanıqlı elektrik enerjisi, rahat yol və içməli su ilə təminat» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan nəinki regionda, hətta dünyada mükəmməl infrastruktura malik ölkə hesab olunur: «Son dövr bu sahədə çox işlər görülüb və həmin işlər sayəsində əhəmiyyətli layihələrin reallaşdırılması ilə yanaşı, ölkədaxili infrastruktur da təkmilləşdirilərək yüksək səviyyəyə çatdırılıb. Beynəlxalq təşkilatlar da öz hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər».

Müəllif mövzu ilə bağlı prezident İlham Əliyevdən də sitat gətirir: «Müasir infrastrukturun yaradılması bizim hökumətin əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsas infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırılmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq».

Müəllifin qeyd etməsinə görə, Azərbaycanda dayanıqlı elektrik enerjisi infrastrukturu yaradılıb, ölkə həm özünü elektrik enerjisi ilə tam təmin edir, həm də böyük həcmdə enerji ixrac olunur. Yazıda daha sonra da oxuyuruq: «Ölkəmizdə infrastrukturun inkişafı bütün sahələri əhatə edir. Təkcə keçən il 2 min kilometr avtomobil yolu salınıb. Ümumiyyətlə, 2004-cü ildən bəri 15 min kilometr avtomobil yolu çəkilib...».

XS
SM
MD
LG