Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:18

Xəzərlə bağlı müzakirələr davam edib


Xəzərdə neft platforması

Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına görə, sənəddə bildirilir ki, fevralın 19-20-də Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib.

Danışıqlarda Azərbaycanın (rəhbəri - X.Xələfov), İranın (rəhbəri R.Ahari), Qazaxıstanın (rəhbəri Z.Amanjolova), Rusiyanın (rəhbəri İ.Bratçikov) və Türkmənistanın (rəhbəri M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Verilən məlumata görə, tərəflər Yüksək Səviyyəli İşçi Qrupundan ötrü prosedur qaydalarını qəbul edib. Beşinci Xəzər Sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda, imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verilib.

XİN bildirir ki, Xəzərin düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub. Layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcək.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası bu ilin aprelində Qazaxıstanda keçirilməlidir.

Söhbət hansı sazişdən gedir

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Konvensiyanın mətni Azərbaycanda tam yayılmayıb. Azərbaycanın rəsmilərinin bildirməsinə görə, sənəddə, əsasən, Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələrin isə gəmiçilik və digər məqsədlərdən ötrü ümumi istifadəsi nəzərdə tutulur.

Habelə, bildirildiyinə görə, Xəzərin dibi tamamilə üzbəüz və yanakı dövlətlərdən ötrü sektorlara bölünür. Onun dibindən ümumi istifadə nəzərdə tutulmur.

Xatırlatma

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında «Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi» haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzərin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran isə Xəzərin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. Bu ölkə də Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzərdə hərəkət etməsinin qadağan olunmasını istəyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizm, qaçaqmalçılıq ilə birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Beləliklə, Xəzərin şimalında Rusiya, Qazaxıstan və Azərbaycan müəyyən razılıqlar əldə etsə də, cənub hissəsində problemlər qalmaqdadır. Rəsmilərin bildirməsinə görə, Azərbaycan təklif edib ki, Xəzərin hüququ statusu tam həllini tapanadək Türkmənistan və İranla mübahisə doğuran neft-qaz yataqlarında hər hansı iş aparılmasın.

Multimedia

XS
SM
MD
LG