Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Zəlzələdə evləri uçanlar kirayəyə köçürülüb


Ağsu

Şamaxıda qəzalı evlərin yenidən tikilməsindən ötrü ərazinin boşaldılmasına başlanıb, həmin evlərin sahibləri kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

«Turan» agentliyinin xəbərinə görə, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.

Verilən məlumata görə, zəlzələ xüsusilə Şamaxı şəhərində, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qəleybuğurd kəndlərində daha çox fəsadlara səbəb olub.

«Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir», - deyə icra hakimiyyətindən bildiriblər.

İki gün əvvəl, fevralın 9-da isə icra hakimiyyətindən bildirmişdilər ki, Şamaxı rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb. Onlara 1484 evdən müraciət edilib. İcra hakimiyyətindən verilən məlumata görə, həmin 1484 evdən fevralın 9-na kimi 375-nə baxış keçirilib.

«Məlum olub ki, 41 ev yaşamaq üçün yararsızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. Daha 87 ev isə qənaətbəxş hesab edilib», - deyə icra hakimiyyətindən vurğulayıblar.

İsmayıllı Rayon İcra Hakimiyyətindən isə bildirmişdilər ki, rayonda Fövqəladə Hallar Komissiyasına 415 evdən müraciət daxil olub. Verilən məlumata görə, həmin müraciətlər əsasında evlərə baxış keçirilir.

Ağsu Rayon İcra Hakimiyyətindən də vurğulamışdılar ki, komissiya zəlzələnin ziyan vurduğu ərazilərdə evlərə baxış keçirir.

Xatırlatma

Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi.

Prezident İlham Əliyev fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG