Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

'Ölkədə yoxsulluğun real mənzərəsinin etirafı' -Media icmalı


Yoxsulluq
Yoxsulluq

Minimum əməkhaqqının artırılmasına fərqli baxışlar, əhalinin banklardakı əmanətlərinin tam sığortalanma müddətinin daha bir il uzadılması ilə bağlı gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Etiraf»

Strateq.az saytında «Hökumət yoxsulluğu rəsmən etiraf etdi –minimum əməkhaqqı niyə artırıldı?» sərlövhəli yazı oxumaq olar.

Müəllif minimum əməkhaqqının artırılması məsələsini iqtisadçı Məhəmməd Talıblı ilə müzakirə edib.

Bu günlər prezidentin sərəncamı ilə minimum əməkhaqqı bu il martın 1-dən 130 manatdan 180 manata (38.5 faiz artım ) qaldırılıb. İqtisadçı sayta açıqlamasında deyib ki, minimum əməkhaqqı sadə vətəndaşların aylıq gəlirlərinin artımı deyil. Onun bildirməsinə görə, bununla ayda ən aşağı səviyyədə rəsmi gəlirin (işəgötürənlə işçi arasındakı əməkhaqqı) minimal həddi 180 manatdan az ola bilməyəcək: «Bu, əslində dövlət və özəl sektorun işə götürdüyü işçiyə ən aşağı səviyyədə verməli olduğu minimum əməkhaqqının həddini ifadə edir».

İqtisadçı vurğulayıb ki, əslində bu minimum əməkhaqqının artırılması böyük bir məsələnin üstünü açıb: «Minimum əməkhaqqının artımı 600 min insanı əhatə edəcək. Bunun 450 min nəfəri dövlət sektorunda, 150 min nəfəri isə özəl sektorda işləyənlərdir... Bu açıqlamanı verən dövlət qurumları özləri də bilmədən ölkədə yoxsulluğun real mənzərəsini etiraf ediblər».

M.Talıblı minimum əməkhaqqının artırılmasına iki səbəb gördüyünü bildirir: «Birincisi, 600 min insanın rəsmi yoxsulluq zolağına düşməməsi üçün buna gedilməli idi... İkincisi, yaşayış minimumu və minimum əməkhaqqı arasında uyğunsuzluq baxımından bu, mümkün ola bilməzdi. Belə ki, yeni büdcə ilindən ölkədə yaşayış minimumu 180 manat müəyyənləşdirilib».

İ.Əliyev Ağsuda
İ.Əliyev Ağsuda

«Xalqa qayğının bariz ifadəsi»

«Azərbaycan» qəzetində dərc edilən «Sosial proqramlar reallaşır» sərlövhəli yazıda isə minimum əməkhaqqının artırılması başqa yöndən dəyərləndirilir.

Müəllif hesab edir ki, bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

Yazıda habelə vurğulanıb ki, yaşayış minimumu ilə minimum əməkhaqqının eyniləşdirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından dövlətin qəbul etdiyi bütün inkişaf proqramları və yol xəritələrində əsas hədəflərdən biridir.

Müəllifə görə, əsas hədəf isə minimum əməkhaqqının orta əməkhaqqının (540 manat-r) 60 faizi səviyyəsinə çatdırılmasına nail olmaqdır: «Dövlətin gəlirlər və əməkhaqqı sahəsində apardığı siyasətin əsas məqsədi əhalinin rifah halını yüksəltməkdən, sosial-iqtisadi inkişafı, eyni zamanda sosial tərəqqiyə meyllənməni stimullaşdırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlətin gəlirlər və əməkhaqqı siyasəti əhalinin orta təbəqələrinin həyat səviyyəsinin sabitləşməsinə, əhalinin gəlirlərində mövcud fərqlərin artmasının və təbəqələşməsinin qarşısının alınmasına, əməkhaqqının artmasına yönəldilir».

Yazının sonunda da oxuyuruq: «Minimum əməkhaqqının dövlət başçısının şəxsi təşəbbüsü ilə artırılması xalqa qayğının bariz ifadəsidir. Bu məqsəd üçün dövlət büdcəsindən illik 400 milyon manat vəsait ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək».

Manat/Dollar
Manat/Dollar

«Məcburiyyət»

«Yeni Müsavat» qəzetində «Dövlət əmanətlərlə bağlı bu addımı atmağa məcburdur-ekspert» sərlövhəli yazı yer alır.

Müəllif əmanətlərin tam sığortalanması müddətinin daha bir il uzadılması ilə bağlı gözləntiləri İqtisadi İslahatların Təhlili Mərkəzinin rəhbəri Vüqar Qasımlı və iqtisadçı-ekspert Pərviz Heydərov ilə müzakirə edib.

Yazıda bildirilir ki, əmanətlərin tam sığortalanma müddətinin daha bir il uzadılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin uyğun komitəsinə artıq daxil olub. Müəllif xatırladıb ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-də 3 il müddətinə qüvvəyə minib və bu vaxt başa çatmaq üzrədir.

Yazıda bildirildiyinə görə, V.Qasımlı deyib ki, əmanətlərin tam sığortalanması və iqtisadi islahatlar hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatıb. Onun fikrincə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirib.

V.Qasımlı hesab edir ki, qanunun müddətinin uzadılması həm də bankların maraqlarına uyğundur: «Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur...».

İqtisadçı-ekspert P.Heydərov isə hesab edir ki, hökumətin əmanətlərin tam sığortalanmasına dair qanunun müddətini uzatmaqdan başqa yolu yox idi: «Bu, əvvəlcədən bəlli idi ki, qanunun müddəti uzadılacaq, bunu etmək zəruriydi. Ona görə ki, bank sektorunda vəziyyət əvvəlki kimi qeyri-qənaətbəxş olaraq qalır. Bunu hələ bir qədər yumşaq deyirəm. Bank sektorunda vəziyyət olduqca gərgindir. Banklarda likvid vəsait qıtlığı var. Mərkəzi Bank rəhbərliyi və digər mənbələr desələr də ki, maliyyə qıtlığı yoxdur, bu, real deyil. Nə qədər ki, bankların problemli kreditlər məsələsi həll olunmayıb, bu kreditlərin məbləği yüksək olaraq qalır, vəziyyət belə də qalacaq».

XS
SM
MD
LG