Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:26

MPQ üzvləri Qobustan həbsxanasına gediblər


Həbsxana

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Penitensiar Xidmətin Qobustandakı həbsxanasına gediblər.

Bu barədə fevralın 6-da Ombudsman Aparatı məlumat yayıb. Məlumatda vurğulanır ki, başçəkmə xəbərdarlıqsız həyata keçirilib.

Qurum bildirir ki, başçəkmədə məqsəd məhbusların saxlanma şəraitinin, rəftarın və daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Məlumatda habelə qeyd edilir ki, müəssisənin məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə baxış keçirilib.

«Saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti, soyuq su təminatı, sovqat, gəzinti, görüş, telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisənin bəzi rejim korpuslarının kameralarında saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib», - açıqlamada yazılıb.

Məlumatda habelə yazılıb ki, MPQ-nin həkim üzvünün də qatıldığı başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə çoxsaylı məhkumlar təkbətək qəbul edilib: «Saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub. Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq».

Xatırlatma

Son günlər Qobustandakı həbsxanada cəza çəkən «Müsəlman Birliyi» Hərəkatının rəhbərləri Taleh Bağırov və Abbas Hüseynin işgəncəyə məruz qalmaları ilə bağlı iddialar səslənib. Penitensiar Xidmət isə bu iddiaları təkzib edib.

Ombudsman Aparatının məlumatında isə işgəncə şikayətlərindən və onların araşdırılmasından bəhs edilmir.

Azərbaycanda Ombudsman institutu 2002-ci ildə yaradılıb. O vaxtdan bu quruma eyni şəxs rəhbərlik edir. Bəzi hüquq müdafiəçilərinə görə, Azərbaycanda bu qurum haqqı pozulan insanların müdafiəsində lazımı şəkildə iştirak edə bilmir. Hərçənd, qurumdan belə tənqidləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG