Fevralın 5-də ABŞ Prezidenti Donald Trump Konqresdə ikinci illik çıxışını edəcək. Onun immiqrasiyadan, Yaxın Şərqdəki münaqişələrdən, ABŞ iqtisadiyyatının güclənməsindən danışacağı gözlənir. Amma bu çıxış Konqresdəki demokratlarla siyasi savaşın artdığı bir dönəmə təsadüf edir.
ABŞ tarixində ən uzun – 35 günlük şatdaun, yəni hökumətin bağlanması cəmi bir neçə gün öncə bitib. Şatdauna səbəb Konqresdəki demokratların Trump-ın tələbinə əməl etməməsi – Meksikayla sərhədin hasarlanmasına pul ayırmaması idi. Trump bu hasarın qanunsuz immiqrasiyanı, ölkəyə narkotik axınını önləyəcəyini deyir.
“DEMOKRATLARLA NƏSƏ ALINACAĞINI DÜŞÜNMÜRƏM”
Hökumətin açılması üzrə əldə olunmuş razılaşmanın müddəti isə fevralın 15-də bitir. Trump deyib ki, Konqres hasara 5,7 milyard dolları ayırmasa, fövqəladə vəziyyət elan edəcək.
İllik çıxış yanvarın 29-na planlaşdırılmışdı, amma Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi ona çıxış etməyə icazə vermədi, bu, görünməmiş bir hadisə idi.
Fevralın 1-də Trump jurnalistlərə deyib ki, o, fövqəladə vəziyyətlə bağlı qərarını anons edəcək.
“Ölkədəki vəziyyətlə bağlı çıxışı eşidəcəksiniz və bundan dərhal sonra nə baş verəcəyini görəcəksiniz. Fövqəladə vəziyyət elan etməyi nəzərdən keçirəcəyik, çünki demokratlarla nəsə alınacağını düşünmürəm”, – prezident vurğulayıb.
Şatdaun nəticəsində yüzminlərlə federal işçi işiz qalıb və bu, Trump-ın reytinqinə pis təsir göstərib.
Bu arada Trump-ın 2016-cı ildə seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini xüsusi prokuror araşdırmaqdır. Həm Trump, həm də Rusiya əlbirlik barədə deyilənləri rədd edir.