Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 16:36

Tutulanlar telefonlarının qaytarılmadığını deyirlər


Polis

Bloqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı keçirilən aksiyada saxlananlardan bəziləri telefonlarının hələ də onlara qaytarılmadıqlarını bildirirlər.

Söhbət yanvarın 6-da Bakı Apellyasiya Məhkəməsi yanında keçirilən aksiya zamanı saxlanan jurnalist İsmayıl İslamoğlu, Qoşqar Əhmədov Mete Türksoydan gedir. Bu şəxslər inzibati hüquq pozmada günahlandırılaraq 20 sutkadan 25 sutkaya kimi həbs cəzası alıblar.

İ.İslamoğlu «Turan» agentliyinə bildirib ki, onlar saxlananda Yasamal Rayon Polis İdarəsinin 28 saylı polis bölməsinə gətiriliblər.

«İnzibati həbs zamanı bütün əşyalarımızı aldılar və indiyə kimi qaytarmayıblar. Həbsimin dördüncü gününə kimi mənim telefonum aktiv olub və bütün xəbərlər oxunub»,-deyə jurnalist bildirir.

O, əlavə edib ki, dəfələrlə «102» xidmətinə müraciətlərinə baxmayaraq, nəticə dəyişməyib: «Bizə deyirlər ki, özləri zəng edib xəbər verəcəklər, amma xəbər vermirlər. 28 saylı polis bölməsində bizə deyiblər ki, telefonlarımızı Daxili İşlər Nazirliyinə göndəriblər. Buradan deyirəm ki, mənim telefonum vasitəsilə hər hansı hadisə törədiləcəksə, buna görə məsuliyyət daşımıram».

Q.Əhmədov da bildirib ki, saxlandıqları zaman mobil telefonundan başqa götürülən sənədlər də qaytarılmayıb.

Üstəlik, onlardan M.Türksoy azadlığa buraxılandan sonra izlənildiyini iddia edir.

«Turan» agentliyinin xəbərinə görə, 28 saylı polis bölməsindən bildiriblər ki, söhbətin nədən getdiyini bilmirlər. Daxili İşlər Nazirliyindən də məsələyə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Bundan sonra onun müdafiəsi ilə bağlı həm ölkə daxilində, həm də ondan kənarda bir neçə aksiya keçirilib. 10-a yaxın fəal kütləvi aksiyaların keçirilmə qaydalarını pozmaqda günahlandırılaraq inzibati qaydada həbs edilib.

Yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilirdi.

Multimedia

XS
SM
MD
LG