Kreml Venesuela müxalifətinin lideri Juan Guaido-dan ismarıc almadığını deyir. Kremlin sözçüsü Dmitry Peskov bunu Guaido-nun Rusiyayla kommunikasiya yaratması barədə dediklərinə cavab olaraq bəyan edib.
“Hələ heç bir mesaj almamışıq. Alsaq, nəzərdən keçirəcəyik”, – Peskov jurnalistlərə deyib.
O, Rusiyanın Guaido-nu Venesuela prezidenti kimi tanımadığını söyləyib, Rusiyanın Venesuela qızılının satışında əli olması barədə deyilənləri də danıb.
Bundan öncə “Reuters” yazmışdı ki, Guaido rəqibi Nicolas Maduronun müttəfiqləri Rusiya və Çinlə əlaqə yaratdığını deyib. Hər iki ölkə Karakasın əsas əcnəbi kreditorlarıdır və BMT-nin Təhlükəsizlik Şurasında Maduronu dəstəkləyirlər.
Müxalifət lideri iddia edib ki, Rusiya və Çin Venesuelada dəstəklədiyi tərəfləri dəyişərlərsə, bu onların marağına daha çox xidmət edər.
“Rusiya və Çinə bu ölkədə sabitlik və hökumətin dəyişməsi əl verir. Maduro Venesuelanı qorumur, o, heç kəsin sərmayəsini qorumur və bu, ölkələr üçün yaxşı durum deyil”, – Guaido deyib.
Çin Guaido ilə əlaqə yaradıbmı? Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang deyib ki, onlar “Venesueladakı durumla əlaqədar bütün tərəflərlə müxtəlif vasitələrlə sıx kommunikasiya saxlayırlar”.
***
Venesuelanın müxalifət lideri hədələndiyini deyir
Venesuela müxalifətinin lideri Juan Guaido dünən – yanvarın 31-də deyib ki, elit təhlükəsizlik qüvvələri onun evinə girərək ailəsini hədələyiblər. O, buna görə Nicolas Maduro hökumətini suçlayıb. Bu arada hakimiyyətini saxlamağa çalışan Maduronu devirməkdən ötrü Guaido-ya dəstək artmaqdadır.
Parlamentin 35 yaşlı lideri özünü ötən həftə prezident elan edib. O deyib ki, xüsusi polis qüvvəsi olan FAES onun evinə gedərək həyat yoldaşı Fabiana Rosales-i dindirib. Guaido bu haqda Karakas universitetində çıxışı zamanı danışıb.
“FAES mənim evimdədir, Fabiana-nı dindirir. Hazırda diktatura bizi qorxutduğuna inanır”, – inamlı Guaido deyib. Bu zaman həyat yoldaşı da böyründə olub.
***Buna da bax: Erdoğanla Maduronu yaxınlaşdıran nədir?
DÖRD ÖLKƏ GUAİDO-NU TANIYACAĞINI DEYİB
Son illər Maduro narazılara təzyiqi artırdıqca bir çox müxalifət liderləri həbsə atılıb.
Yanvarın 31-də Avropa Parlamenti də Guaido-nu “ölkənin keçid dövrü üçün qanuni prezidenti” kimi tanıyıb. Qurum Avropa Birliyini də oxşar addım atmağa çağırıb.
Beynəlxalq dəstəyi səfərbər edən Guaido ölkədə Maduroya qarşı küçə etirazları keçirilməsinə çalışır. O, əhalini şənbə günü kütləvi etirazlara səsləyib.
Venesuelanın Ali Məhkəməsi isə onun aktivlərini dondurub, ölkədən çıxmasını yasaqlayıb.
Avropanın dörd böyük ölkəsi – Britaniya, Fransa, Almaniya və İspaniya bildiriblər ki, Maduro həftəsonunadək prezident seçkisi təyin etməsə, onlar da Guaido-nu tanıyacaqlar. Birləşmiş Ştatlar isə Avropanın bütün ölkələrini belə etməyə çağırıb.
“İmperialistlər yeni seçki istəyirlərsə, 2025-ci ilədək gözləsinlər”, – Maduro yanvarın 30-da Rusiyanın RIA Novosti agentliyinə deyib.
Guaido isə Karakas universitetində özünün iqtisadi məngənədə olan ölkəni “xilasetmə planı”nı təqdim edib.
“Humanitar böhranı həll edəcəyik, inflyasiyanı dayandıracağıq, neft sənayesini yenidən işə salacağıq, dövlət xidmətlərinə çıxışı bərpa edəcəyik”, – o deyib.
Müxalifət liderinin planına Venesuelanın 150 milyard dollarlıq borcuyla bağlı danışıqlar aparılması da daxildir.
Hazırda ölkədə milyonlarla adam səfalət içində yaşayır, 2,3 milyon nəfər qaçqın düşüb.