Ötən həftə Venesuelada müxalifət lideri Juan Guaido özünü keçid prezidenti elan edəndə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan hakimiyyətini qorumağa çalışan Nicolas Maduroya dərhal dəstək ifadə edən liderlərdən biri olub.
Deutsche Welle xatırladır ki, 2016-cı ilin iyulunda Türkiyədə uğursuz çevriliş cəhdindən dərhal sonra Maduro da Erdoğana dəstək ifadə etmişdi.
Bəzi xəbərlərə görə iki lider arasında telefon söhbəti zamanı Erdoğan Maduroya “Qardaşım, möhkəm dayan” deyib.
Məqalədə deyilir ki, ümumiyyətlə, Türkiyədə Maduroya dəstək verənlər çoxdur və bu, Erdoğana qarşı olan sollarla onun tərəfdarlarının razılaşdıqları azsaylı məsələlərdən biridir. Təsadüfi deyildir ki, Maduro Guaido-nun bəyanatından sonra ilk müsahibəsini Türkiyə dövlət telekanalına verib.
900 milyon dollarlıq qiymətli metal
Lakin Türkiyə və Venesuelanı birləşdirən təkcə iki liderin yaxınlığı deyil. Ortalıqda çox böyük iqtidsadi maraqlar var.
Hakim Ədalət və İnkişaf Partiyasının üzvü və Türkiyə parlamentində Türkiyə-Venesuela Dostluq qrupunun sədri Serkan Bayram deyir ki, iki ölkəni həm iqtisadi, həm də siyasi maraqlar birləşdirir:
"Türkiyə xalqın 68 faizinin seçdiyi prezidentin qeyri-demokratik vasitələrlə devrilməsi cəhdinə reaksiya verir”.
Bayram bildirir ki, Venesuela ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi ümumən Türkiyənin ticarət siyasətinə daxildir.
Türkiyə təkcə 2018-ci ildə Venesueladan ümumi dəyəri 900 milyon dollar olan qiymətli metallar alıb. Bunun əksər hissəsinin qızıl olduğu düşünülür. Venesuela ötən il bəyan edib ki, beynəlxalq məhdudiyyətlərdən yan keçmək üçün öz qızılının emalını İsveçrədən Türkiyəyə keçirmək niyyətindədir.
İqtisadi maraqlarla yanaşı Erdoğan və Maduro arasında şəxsi münasibətlər də diqqətəlayiqdir. Maduro 2016-cı ildə ilk dəfə Türkiyəyə dövlət səfəri edib. Erdoğan Argentinada keçirilən G20 sammitindən qayıdarkən yolüstü Karakasda Maduro ilə görüşüb. Burada etdiyi çıxşında Türkiyə prezidenti Birləşmiş Ştatları və Venesuela üzərinə qoyulmuş beynəlxalq sanksiyaları tənqid atəşinə tutub.
Ortaq rəqib
Bir sıra müşahidəçilər vurğulayırlar ki, Venesuela ilə sərfəli münasibətlərdə Erdoğanın şəxsi maraqları xüsusi rol oynayır.
Jurnalist Metin Yegin inanır ki, Erdoğanın Maduro ilə sıx münasibətlərə can atması sırf ölkəsinin iqtisadi maraqlarından irəli gəlmir:
"Erdoğan Amerikanın qatı rəqibi kimi hərəkət etməyə çalışır. O indi özünün bu imicini yaradır. O tərəfdarlarına əzilənlərin tərəfində olduğunu göstərməyə çalışır”.
Türkiyənin Selcuk Universitetindən Latın Amerikası eksperti Esra Akgemci inanır ki, Erdoğanın Maduroya dəstəyi sırf ritorik xarakter daşıyır. Onun sözlərinə görə Erdoğan özünə bir “çevriliş qurbanı” kimi rəğbət qazandırmağa çalışır. Ekspertin fikrincə, burada Türkiyə prezidentinin şəxsi marağı əsas rol oynayır:
"Məncə Erdoğan Maduronu ilk növbədə ona görə dəstəkləyir ki, öz mövqeyini möhkəmlədə bilsin. Əgər sabah siyasi balans dəyişsə, Türkiyənin Venesuelaya dəstəyinin də dərəcəsi dəyişə bilər”.
Ahmedinejad-la Chavez kimi
Akgemci deyir ki, ikisi arasında olan ideoloji fərqlərə baxmayaraq Maduro və Erdoğanı bir sıra ortaq cəhətlər birləşdirir:
“Onların hər ikisinə avrtoritar dövlət başçısı kimi baxılır. Hər ikisi getdikcə daha çox təcrid olunur. Bundan başqa hər iki ölkə oxşar iqtisadi problemlərlə çarpışır və heç birinin ABŞ-a rəğbəti yoxdur”.
Jurnalist və Latın Amerikası üzrə ekspert Asli Pelit deyir ki, Maduronun Türkiyəyə doğru canatımı Venesuela maliyyə böhranı və humanitar fəlakətlə üzləşəndən sonra başlanıb. Məsələn Türkiyə Venesuelaya ərzaq yardımı göstərir.
Pelitin fikrincə, Latın Amerikasında sosialist rejiminə qarşı olan sağ təmayüllü hökumətlərin yüksəlişi ilə əlaqədar Maduro yeni beynəlxalq partnyorlar axtarmağa məcbur olub.
Akgemci isə Maduro ilə Erdoğan arasında olan münasibətləri mahiyyətcə, Venesuelanın keçmiş prezidenti Hugo Chavez-in ovaxtkı İran prezidenti Mahmud Ahmedinejad-la münasibətlərinə bənzədir.