Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:18

Vəkil tək aksiya keçirən gənclə görüşüb


R.Hüseynzadə

«Yanvarın 31-də müdafiə etdiyim Rafael Hüseynzadə ilə Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında görüşdüm».

Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək etiraz aksiyası keçirən zaman saxlanan gənc fəal Rafael Hüseynzadənin vəkili Cavad Cavadov bildirib.

Vəkilin deməsinə görə, R.Hüseynzadə İnzibati Xətalar Məcəlləsinin 525.1-ci (polisin qanuni əmrlərinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

C.Cavadov habelə əlavə edib ki, birinci instansiya məhkəməsinin qərarından artıq şikayət verilib: «Nəsimi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik. Məhkəmənin vaxtının təyin olunmasını gözləyirik. Apellyasiya məhkəməsindən birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və onun sərbəst buraxılmasını istəyirik».

R.Hüseynzadənin atası AXCP fəalı Füzuli Hüseynov özü də bir neçə dəfə metro stansiyaları qarşısında «Siyasi məhbuslara azadlıq!» tələbi ilə tək aksiya keçirib. Hər dəfə o, aksiya zamanı saxlanıb və inzibati həbs cəzası alıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

R.Hüseynzadə yanvarın 25-də Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək başına «Siyasi məhbuslara azadlıq!» tələbi ilə aksiya keçirib. Gənc saxlanmazdan əvvəl vurğulayıb ki, hakimiyyət müxalifətə mitinq keçirməyə icazə vermir və bu səbəbdən də o, bu formada öz sözünü deyir.

AXCP-nin daxil olduğu Milli Şura «Siyasi məhbuslara azadlıq!» və başqa şüarlarla yanvarın 26-də Bakıda mitinq keçirmək niyyətində idi. Müsavat Partiyası da aksiyanı dəstəkləyirdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib. Buna səbəb kimi Bakı Şəhər Baş Polis İdarəsinin onlara müraciəti göstərilirdi. Həmin müraciətdə müxalifətin yanvarın 19-da keçirilən aksiyasından sonra ictimai asayişin pozulmasına cəhdlərin olduğu iddia edilirdi.

Milli Şura isə deyilənləri sərbəst toplaşmaq azadlığının boğulmasından ötrü bəhanə sayır.

Multimedia

XS
SM
MD
LG