Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 15:20

Prezident müavinətlərlə bağlı yeni fərman imzalayıb


İ.Əliyev

«Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezidenti İlham Əliyev yanvarın 28-də Prezident sarayında ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların bəzilərinin ailə üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqeyi kifayət qədər güclənib. O qeyd edib ki, ölkənin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir.

Prezident ötən il Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat verilməsi haqqında fərmanını da xatırladıb.

«Dövlətimizin başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən, 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirdi», - məlumatda yazılıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Hər iki tərəfdən itkilər olub.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Yeni fərman daha 2 min 725 mərhumu əhatə edəcək

Yeni fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan 2 min 264 hərbi qulluqçu və 461 polisin vərəsələrinə də əlavə birdəfəlik ödəmə veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirildiyinə görə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 min 268 həlak olan şəxsin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Nazirlik habelə vurğulayır ki, ötən dövrdə 3 min 100 hərbi qulluqçunun 4 min 200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib: «Bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib».

Müavinətlə bağlı yeni fərman veriləcəyi deyilir

Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 28-də Prezident sarayında ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların bəzilərinin ailə üzvləri ilə görüşüblər.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Hələlik görüşün detalları açıqlanmayıb.

Amma «Turan» agentliyi həmin görüşdə olduğunu iddia edən bəzi vərəsələrlə əlaqə saxlayıb. Onların deməsinə görə, həmin görüşdə vurğulanıb ki, prezident birdəfəlik müavinətlərlə bağlı yeni fərman imzalayacaq.

İddiaya görə, yeni fərmanda 11 min manat müavinətin bundan əvvəl müavinət almış vərəsələrə və Qarabağ uğurunda döyüşlərdə həlak olan polislərin ailələrinə də verilməsi nəzərdə tutulur.

Prezident İ.Əliyev 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirdilər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Hətta etiraz aksiyasında onlardan saxlananlar, inzibati həbs cəzası alanlar da olub. Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də narazıların fikirlərinə münasibət bildirib. Qurumdan vurğulayıblar ki, onlara ödəniş daha əvvəl edilib. «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...», - deyə, şirkət bəyan edib.

Ancaq bəzi ekspertlər deyirlər ki, həmin vaxt vərəsələrə verilən 50000 manat indiki məzənnə ilə 20 dollardan da az edir.

Həmin fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbi qulluqçulardan artıq 3100 nəfərinin 4200 vərəsəsi birdəfəlik ödənişi alıb.

Dövlət başçısı bir müddət əvvəl demişdi ki, 10 minə yaxın vərəsəyə belə müavinətin verilməsi nəzərdə tutulur.

Multimedia

XS
SM
MD
LG