Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Trump avropalılara xəbərdarlıq edir


AB-in təklif etdiyi xüsusi ödəniş mexanizmi
AB-in təklif etdiyi xüsusi ödəniş mexanizmi

Trump administrasiyası Avropanın İranla biznesi asanlaşdırmaqdan ötrü alternativ ödəniş kanalı yaratması cəhdlərini yaxından izləyir. Avropa bununla Birləşmiş Ştatların İslam respublikasına qarşı tətbiq etdiyi sanskiyaların pozulmamasının yolunu tapmağa çalışır.

“The Associated Press” agentliyi Ağ evin avropalılara xəbərdarlıq etdiyini yazır. Onlara bildirilib ki, ABŞ-ın İrana sanksiyalarına “kələk gəlmək” fikrinə düşsələr, ağır cərimələrə məruz qalacaqlar.

Amma Avropa Birliyi planın gerşəkləşdirilməsinə doğru irəliləməkdədir. Plan gerçəkləşərsə, trans-Atlantik münasibətləri daha da gərginləşdirə bilər.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü deyib ki, alternativ sistemə hazırlıqlar “irəliləyən mərhələdədir”.

Administrasiyanın aparıcı rəsmisi ötən cümə günü agentliyə söyləyib ki, Birləşmiş Ştatlar sanksiyalarını qüvvədə saxlayacaq, onları pozan fərdlər və qurumlardan hesab soracaq. Rəsmi adının çəkilməməsi şərtilə danışıb.

BMT-də İranla bağlı toplantı
BMT-də İranla bağlı toplantı

“AĞILLI SEÇİM EDƏCƏKLƏR”

“İranla yoxsa Birləşmiş Ştatlarla iş görmək arasında seçim edilməlidir. Ümid edirəm, avropalı müttəfiqlər ağıllı seçim edəcəklər”, – respublikaçı senator Tom Cotton AP-yə deyib.

2015-ci ildə ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və Britaniya İranla nüvə sazişini imzalayıb. Saziş Tehranın nüvə silahları proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Prezident Trump isə bu sənədi “dəhşətli, birtərəfli” adlandırıb, ötən mayda ondan çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

İran nüvə sazişinə əməl etdiyini, nüvə silahları hazırlamağa çalışmadığını deyir. Hazırda sənədə imza atmış digər beş ölkə onu qüvvədə saxlamağa çalışır.

Birləşmiş Ştatlar alternativ ödəniş sistemindən narahatdır. Bunu administrasiyanın anonimlik şərtilə danışan müşaviri deyib. ABŞ-ın uzunmüddətli narahatlığı ondan ibarətdir ki, alternativ ödəniş sistemi uğur qazana, SWIFT adlı beynəlxalq bank transfer sistemilə rəqabət apara bilər.

İkincisi, müşavirin deməsinə görə, ABŞ narahatdır ki, digər ölkələr sanksiyalardan yayınmaqdan ötrü Avropanın bu sistemi vasitəsilə tranzaksiyalar apara bilərlər.

Üçüncüsü, avropalıların alternativ pul transferi sisteminin yalnız humanitar məqsədlərlə istifadə olunacağını deməsinə baxmayaraq, ABŞ onun qeyri-humanitar tranzaksiyalarda da istifadə oluna biləcəyindən şübhələnir.

Administrasiya İrana qarşı sanksiyalar kampaniyasını güclü təbliğ edir, İranın təhdidlərilə mübarizə məqsədilə gələn ay Polşayla birgə konfrans keçirməyə hazırlaşır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG