Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Sərhəddə hasar razılaşmasının şansı ’50-50-yədir’ – Qərb mediası


ABŞ-Meksika sərhədi, arxiv fotosu
ABŞ-Meksika sərhədi, arxiv fotosu

ABŞ-Meksika sərhədinin hasarlanması üzrə kompromisin əldə olunması şansı “yarıbayarıdan da azdır”. Bunu Prezident Donald Trump deyir.

“Şəxsən mən bu şansın 50-50-dən də az olduğunu düşünürəm, amma danışıqları aparanlar içində xeyli sayda yaxşı adamlar da var”, – prezident “The Wall Street Journal”a müsahibəsində deyib.

Trump cümə günü axşam hökumətin fevralın 15-dək maliyyələşdirilməsi üzrə sənəd imzalayıb, bununla da ABŞ tarixində ən uzun sayılan şatdaun 35-cü gündə bitib. Layihədə hasara Trump-ın tələb etdiyi vəsait nəzərdə tutulmayıb. Amma prezident israrla bildirir ki, növbəti üç həftə ərzində Nümayəndələr Palatasında demokratların lideri Nancy Pelosi və Senatda çoxluğun lideri Chuck Schumer ilə danışıqlarda həmin pulun ayrılmasına nail olacaq.

Trump şənbə günü tvitində yazıb ki, demokrat konqresmenlərlə sərhəd təhlükəsizliyi üzrə müzakirələr “dərhal başlanacaq”, amma o, razılaşmanın asanlıqla əldə olmayacağı barədə xəbərdarlıq edib.

Donald Trump
Donald Trump

Prezident bazar günü də tvitlərində mövzunu davam etdirib, böyük hərflərlə “HASAR ÇƏKİN VƏ CİNAYƏTLƏR AZALACAQ!” yazıb.

Ağ evin işlər idarəsinin rəisi vəzifəsini icra edən Mick Mulvaney isə bazar günü deyib ki, Trump bu və ya digər yolla hasara maliyyəni təmin edəcək. O, Ağ evin tikintini maliyyələşdirmək məqsədilə fövqəladə durum elan edəcəyi ideyasına baxacağını da təsdiqləyib.

Prezident ölkəni müdafiə etməlidir və bunu Konqreslə də, Konqressiz də edəcək”, – Mulvaney deyib.

Trump-ın adamı xüsusi prokurorla əməkdaşlıq edəcəkmi

Prezident Donald Trump-ın keçmiş müşaviri, Konqresə yalan danışmaqda suçlanan Roger Stone günahsız olduğunu deyir. O, Prezident Trump-ın, xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqı çərçivəsində ittiham irəli sürülmüş altıncı müşaviridir və sabah – yanvarın 29-da məhkəmə qarşısına çıxarılmalıdır.

Roger Stone
Roger Stone

Stone Floridadakı evindən CBS News-a müsahibəsində Mueller-in təhqiqatçıları ilə əməkdaşlıq ehtimalını açıq saxlayıb.

“Heç nədən asılı olmayaraq, həqiqəti deyəcəyəm. Həqiqəti deməmək niyyətim yoxdur. Heç vaxt yalan danışmamışam. Nümayəndələr Palatasının kəşfiyyat komitəsində daha az həqiqət söyləməyim iddiaları sübut olunmayacaq”, – o deyib.

Cümə günü yayılmış ittihamnamədə bildirilir ki, Stone “Trump-ın seçki kampaniyasının aparıcı rəsmilərinə” WikiLeaks saytının “yayacağı” informasiyadan bəhs edib. Rusiyanın dəstəklədiyin hakerlər tərəfindən demokrat Partiyasının kompüterlərindən oğurlanmış informasiya seçkidən qabaq yayılmışdı.

Onillər boyunca Trump-la dost olmuş Stone isə ovaxtkı namizəd Trump-la WikiLeaks barədə heç nə danışmadığını deyir.

Trump şənbə günü tvitində keçmiş müşavirinə ittihamları “tamamilə uydurma” adlandırıb.

Almaniya kömürdən necə əl çəkəcək

Almaniya iqlim dəyişikliyi yaradan əsas karbon emissiyaları mənbəyi olan kömürdən istifadəni dayandırmaq istəyir. “The Associated Press” agentliyi bu hədəfə az ziyansız çatmağın problemli olduğunu yazır.

Almaniyada ətraf mühit fəallarının qurduğu etiraz çadırları təmizlənir
Almaniyada ətraf mühit fəallarının qurduğu etiraz çadırları təmizlənir

Yəni söhbət təkcə sonuncu mədənlərin, elektrik zavodlarının bağlanmasından getmir. Əsas məsələ bunu etirazlarsız, ölkə iqtisadiyyatına ziyan vurmadan gerçəkləşdirməyin yolunu tapmaqdır.

Hazırda hökumətin təyin etdiyi ekspertlər komissiyası tövsiyələr hazırlamaqdadır. Bir neçə ay çəkən müzakirələrə baxmayaraq, komissiya əsas məsələləri hələ də razılaşdırmayıb.

Almaniya 2015-ci il Paris iqlim sazişinə sadiqdir. Bu razılaşmaya görə, qlobal istiləşmə 2 dərəcə selsidən aşağı həddə saxlanmalıdır. Bu hədəfə çatmaqdan ötrü Almaniya atmosferə buraxılan istixana qazlarını azaltmalıdır. Almaniyanın kömür zavodları Avropanın istənilən ölkəsindən daha çox karbon qazı buraxır və proqnozlar ölkənin 2020-ci ilədək karbon qazının həcmini azaltmaq hədəfinə çatmayacağını göstərir.

Ölkədə qara kömür mədənlərinin sonuncusu ötən il bağlanıb, amma xaricdən mədən yanacağı idxal olunur.

Almaniyanın kömür sənayesinə birbaşa bağlı 20 min, dolayısı isə 40 min iş yeri var. Bu, bərpaolunan enerji mənbələri daxil olmaqla digər sahələrə nisbətdə kiçik rəqəmlər olsa da, kömür sənayesinə bağlı işlər iqtisadi baxımdan tənəzzül yaşayan regionlardadır.

Hələ də kömür çıxarılan dörd vilayətdən ikisində – Brandenburq və Saksonidə bu il seçkilər keçiriləcək. Seçkidən öncə güclü təbliğat aparan Almaniya üçün Alternativ partiyası kömür olduğu müddətdə mədənlərin açıq saxlanmasını təbliğ edir. Bundan başqa, ölkənin ətraf mühit hərəkatı da alternativ səs sayılır.

XS
SM
MD
LG