Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:07

Rəsulzadənin doğulduğu evdə yeni barelyef...


Novxanıda M.Ə.Rəsulzadənin heykəli

Novxanı bələdiyyəsi M.Ə.Rəsulzadənin yeni barelyefi ilə bağlı iradlara münasibət bildirib.

«Turan» agentliyinin xəbərinə görə, bələdiyyədən deyiblər ki, səhvlər ən qısa vaxtda aradan qaldırılacaq: «Yəni 1918-20-ci illərdə mövcud olmuş dövlətin adı düz yazılacaq. Həm də onun adının, Məmmədəmin kimi yox, daha doğru- Məhəmməd Əmin kimi yazılması təmin ediləcək».

+++

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulduğu evinin divarına yeni lövhə vurulub.

Bu barədə Novxanı bələdiyyəsindən bildiriblər.

Yeni barelyef üzərində onun şəkli olan və «Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur» cümləsi yazılmış mərmər lövhədən ibarətdir.

Sosial şəbəkələrdə həmin lövhədə AXC-nin və M.Ə.Rəsulzadənin mənsub olduğu partiyanın (Müsavat Partiyası) adının düzgün yazılmaması ilə bağlı tənqidi fikirlər də yayılır. Amma, hələlik, bu iradlara kəndin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

2019-cu il yanvarın 15-nə keçən gecə M.Ə.Rəsulzadənin əvvəlki barelyefi evin divarından qoparılıb. Həmin barelyefin oğurlandığı və bunda şübhəli sayılan şəxslərin saxlandığı bildirilir. Keçmiş barelyef binanın divarına 1992-ci ildə vurulub. Hazırda həmin binanın uşaq bağçası kimi fəaliyyət göstərdiyi deyilir.

Ötən illərdə bəzi ictimai simalar dəfələrlə rəsmi qurumlar qarşısında Rəsulzadənin doğulub boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

Xatırlatma

M.Ə.Rəsulzadə 1918-1920-ci illərdə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biridir.

2018-ci ildə ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elən edilsə də, bəzi ekspertlər və müxalifət hesab edir ki, Rəsulzadəyə ögey münasibət var. Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Ə.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər. Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymətə imkan vermir. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

M.Ə.Rəsulzadə Azərbaycanın işğalından sonra mühacirətə üz tutub. O, 1955-ci ildə Türkiyədə dünyadan köçüb.

1991-ci ildə Azərbaycanın təkrar müstəqillik qazanması ilə ölkənin bir sıra yerlərində ona heykəl və büstlər qoyulmuşdu.

Multimedia

XS
SM
MD
LG