Keçid linkləri

2025, 26 Yanvar, bazar, Bakı vaxtı 00:51

Dövlət Departamenti rəsmisi istefa verir – Qərb mediası


Wess Mitchell
Wess Mitchell

ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə aparıcı diplomatı Wess Mitchell vəzifəsindən istefa verir. Bunu “POLITICO”ya məsələdən agah şəxs təsdiqləyib.

Mitchell-in Dövlət Departamentindəki işinə Rusiya da daxildir. Qeyd edək ki, hazırda xüsusi prokuror Robert Mueller Prezident Donald Trump-ın seçki kampaniyasının 2016-cı il kampaniyası zamanı Moskvayla mümkün əlbirliyini araşdırır.

Mitchell-in rəsmi vəzifəsi Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisidir. O, Avropa üzrə məsul şəxs sayılırdı. Həm də Trump-ın Avropa Birliyi və NATO-ya Amerikanın dəstəyini zaman-zaman sorğuladığı bir dönəmdə.

“The Washington Post” müsahibəsində Mitchell heç də vəzifəsindən Trump-ın siyasətinə etiraz olaraq getmədiyini deyir. O, şəxsi və peşəkar səbəbləri əsas gətirib. Qəzet onun Dövlət katibi Mike Pompeo-ya istefa məktubunu da əldə edib və işdən fevralın 15-də gedəcəyini yazıb.

Mike Pompeo
Mike Pompeo

“Övladlarımın mənim vaxtıma daha çox haqqı çatır, nəinki ictimaiyyətin”, – Mitchell qəzetə deyib.

Pompeo da Mitchell-ə uğur arzulayıb.

Trump administrasiyasına qoşulmazdan öncə Mitchell Avropa Siyasi Təhlil Mərkəzində çalışıb. Bu beyin mərkəzi Mərkəzi Avropanı öyrənir.

Mitchell bəzən Vaşinqtonun xarici siyasət isteblişmentində təəccüb yaradan qərarlar verib, məsələn, Avropada daha avtokratik idarəçi sayılan, Macarıstan rəhbəri Viktor Orbán-ı təcrid etməməyə qərar verib. Mitchell-in arqumentinə görə, belə ölkələrin Rusiyayla yaxınlaşmasını önləməkdən ötrü onlarla əlaqələri möhkəmləndirmək lazımdır. Tənqidçilər isə bunun asan olmadığını deyirlər.

Dünyada ən çox nəyə inanırlar

2019-cu ilin Edelman İnam Barometri açıqlanıb. Ötən il adamların inam obyektinin kəskin dəyişdiyi görünür. Dünyada ən çox “işəgötürən”ə inanırlar.

Qlobal miqyasda respondentlərin 75 faizi “işəgötürən”ə, 57 faizi QHT-lərə, 56 faiz biznesə, 48 faiz hökumətə, 47 faiz mediaya inandığını söyləyib.

Hindistanda etirazlar
Hindistanda etirazlar

İnformasiyalı ictimaiyyətlə (65 faiz) kütlə (49 faiz) arasındakı inam uçurumu 16 vahiddir. Bunun bir səbəbi inkişaf etmiş bazarlarda bilgili ictimaiyyətin inamının kəskin yüksəlməsidir.

İnamda uyğunsuzluq genderlə də izah olunur. Bir sıra inkişaf etmiş ölkələrdə genderə bağlı inam uçurumu hətta ikirəqəmlidir, Almaniyada 12, ABŞ-da 11 vahiddir. Bu ən çox qadınların biznesə inamının zəifliyi ilə izah olunur.

“Kütləvi əhaliylə informasiyalı ictimaiyyətin gələcəyə fərqli inam səviyyələri cəmiyyətin strukturunda çürümənin getdiyini göstərir. Heç də hamı küçələrə çıxmır. Amma bu data onu göstərir ki, Fransada Gilet Jaunes etirazları, Hindistanda qadınların yürüşü, bəzi texnologiya şirkətlərində işçilərin işə çıxması daha kütləvi miqyas ala bilər”, – Edelman-ın təmsilçisi Stephen Kehoe deyib.

Bu qorxu dəyişiklik arzusu yaradıb. Faktoloji informasiya mediasından istifadədə görünməmiş artımla sonuclanıb, xəbər və informasiya paylaşımı 22 faizdən 72 faizə qalxıb. Hazırda ənənəvi mediaya (65 faiz) və axtarışa (65 faiz) inam tarixən ən yüksək səviyyəyə çatıb. Sosial mediaya inam isə (43 faiz) aşağı səviyyədədir. Özəlliklə inkişaf etmiş regionlarda ənənəvi və sosial mediaya inam arasında uçurum böyükdür: ABŞ/Kanadada 31, Avropada 26 vahidlik fərq var.

Zimbabve lideri zorakılığı “qəbuledilməz” adlandırır

Zimbabve prezidenti Emmerson Mnangagwa təhlükəsizlik qüvvələrinin “qəbuledilməz” zorakılığının araşdırılacağını deyib. Bu ölkədə iqtisadi çətinliklərdən dolayı iğtişaşlar bir neçə gün davam edib. Bir həkim 12 nəfərin öldürüldüyünü, 300-dən çox adamın yaralandığını deyib.

Azərbaycan Prezidenti İlham Əliyev zimbabveli həmkarı Emmerson Mnangagwa ilə
Azərbaycan Prezidenti İlham Əliyev zimbabveli həmkarı Emmerson Mnangagwa ilə

Prezident isə siyasi partiyalarla mülki cəmiyyət liderləri arasında dialoqa çağırıb. O, Davosdə Dünya İqtisadi Forumunda iştirakını da təxirə salıb. Bu arada ölkədə həbslər davam edib.

Avqustda seçkidən sonrakı zorakılıqlarda altı nəfər öldürülmüşdü. Zimbabve ordusu o vaxtdan bəri ilk dəfə olaraq küçələrə çıxıb. Bu dəfə adamlar evlərinədək təqib olunduqlarını, bərk döyüldüklərini deyirlər. 600-dən çox həbs olunan var.

İnsan Haqları uğrunda Zimbabve Həkim Assosiasiyasından Norman Matara jurnalistlərə deyib ki, “ordu zorakılıqların təşkilində öndə gedir”, hakim ZANU-PF partiyasının gənclərdən ibarət bandaları və polis onları dəstəkləyir. Matara 12 ölü və 300 yaralının əsl qurban sayının kiçicik bir qismi olduğunu sözlərinə əlavə edib. Onun sözlərinə görə, bəzi həkimlər ölü sayını açıqlamaqla “hökumətə zərbə vurmaqda” suçlanıb və indi də qurbanlara kömək etməyə qorxurlar.

Mnangagwa deyib ki, itaətsizliyə dözümlü yanaşılmayacaq və “gərəkərsə, başlar gedəcək”.

O, yanacağın kəskin bahalanmasını da müdafiə edib. Hazırda dünyada ən baha benzin Zimbabvedədir və iğtişaşlara da bu səbəb olub. Hakimiyyət bahalanmanın yanacaqdoldurma məntəqələrində uzun növbələr yaradan tələbatı azaltmaq məqsədi güddüyünü deyir.

XS
SM
MD
LG