Sosial siyasət, bəzi dövlət qurumların verdiyi vədlərin özünü doğrultmaması, Azərbaycan Dövlət Televiziyasının gələcək taleyi ilə bağlı təkliflər və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Bəyanat verilməsinə baxmayaraq...»
Moderator.az saytında ««Azərenerji» işinin öhdəsindən gələ bilmədi: Ölkədə enerji böhranı yaşanır» sərlövhəli yazı oxumaq olar.
Müəllif xatırladır ki, dövlət qurumları yanvarın 17-18-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumatlar yaydılar, bir çox müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklərini bəyan etdilər və belə bəyanat verənlərdən biri də «Azərenerji» ASC idi.
Yazıda bildirilib ki, bəyanat verilməsinə baxmayaraq, «Azərenerji» ASC əhalinin fasiləsiz enerji ilə təmin olunması vəzifəsinin öhdəsindən gələ bilməyib: «Gün ərzində (yanvarın 17-də) sosial şəbəkələrdə yayılan məlumatlara əsasən deyə bilərik ki, Bakının müxtəlif ərazilərində və bölgələrdə elektrik enerjisinin təchizatında böhran yaşanıb. Bir müddət əvvəl isə (yazı 19:50-də səhifəyə qoyulub) redaksiyamıza daxil olan məlumata görə, Biləcəri qəsəbəsinin də böyük bir hissəsi işıqsız qalıb, amma ərazidə qəza xidməti gözə dəymir. Az əvvəl isə Novxanıda da enerji təchizatının dayanması barədə məlumat aldıq».
Yazıda qeyd edilir ki, üstəlik, Binəqədi qəsəbəsinin də bir hissəsi qaranlığa qərq olub: «Ümumi mənzərəyə əsasən demək olar ki, «Azərenerji» və «Azərişıq» ASC-lər əslində hava şəraiti ilə bağlı heç bir əlavə hazırlıq tədbiri görməyib».
Yazılanlarıa bağlı «Azərenerji» və «Azərişıq» ASC, hələlik, əlavə açıqlama verməyib.
Az.TV-nin gələcək taleyi
«Yeni Müsavat» qəzetində «AzTV ya ləğv oluna bilər, ya da…» sərlövhəli yazı yer alır.
Yazıda vurğulanıb ki, Azərbaycan dövlət televiziyası olan Az.TV-də Arif Alışanovun sədr vəzifəsindən çıxarılmasından sonra qeyri-müəyyənlik yaranıb. Jurnalist, teletənqidçi Qulu Məhərrəmli «Yeni Müsavat»a bildirib ki, demokratik ab-havada Azərbaycan Dövlət Televiziyasının ləğvi və ictimai yayıma verilməsi çox normal təklifdir: «Əslində Azərbaycan Avropa Şurasına üz olduqda belə bir öhdəlik götürmüşdü, lakin yerinə yetirilmədi. Azərbaycandakı mövcud reallıq, şərtlər və sistem bu təklifin gerçəkləşdirilməsinə imkan verməz. O, səbəbdən Az.TV-nin ləğv olunaraq maddi-texniki bazasının İTV-yə (İctimai televiziya) veriləcəyini güman etmirəm. Ən azı yaxın vaxtlarda belə dəyişiklik gözlənilmir».
Q.Məhərrəmliyə görə, nəinki AzTV ləğvi edilməyib, üstəlik, yaradılan İctimai Televiziya da dövlətin əlində ikinci təbliğat olub: «Nəzəri baxımdan reallaşması mümkündür. Amma belə bir gözləntim yoxdur».
Q.Məhərrəmli deyib ki, AzTV-də kadr dəyişikliyi olsa da, telekanalda yeni verilişlərin, proqramların hazırlanacağı, kursun dəyişəcəyi gözləntisi də yoxdur.
Deputat Fərəc Quliyev də tənqidi fikirlər səsləndirib: «Çox qeyri-operativ işləyirdilər. O baxımdan hesab edirəm ki, onun AzTV sədri vəzifəsindən gedişi doğru qərardır. Biz təklif vermişdik ki, cəmiyyətə açıq telekanal olmalıdır. Eyni zamanda, parlament televiziyası yaradılmasını təklif etmişdim».
Deputat hesab edir ki, bununla belə, dövlət telekanalının olması çox vacibdir: «Xərclər nöqteyi-nəzərindən AzTV dövlətin üzərində yük ola bilər, amma onu saxlamaq lazımdır. İlk növbədə AzTV-dəki xətt, yanaşma dəyişməlidir… AzTV-də hədsiz dərəcədə tənqidə dözümsüzlük var. Bu inkişafı tormozlayır».
Bu tənqidi fikirlərə Az.TV-nin keçmiş sədri Arif Alışanovun mövqeyini öyrənmək mümkün olmayıb.
«Azərbaycan vətəndaşının sosial rifahını təmin etmək»
«Azərbaycan» qəzetində «Əsas məqsəd Azərbaycan vətəndaşının sosial rifahını təmin etməkdir» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, 2018-ci ilin sosial-iqtisadi nəticələri bu il yanvarın 11-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da yüksək qiymətləndirilib, bu siyasətin 2019-cu ildə də davam etdiriləcəyi vurğulanıb: «Ölkə rəhbəri vurğulamışdır ki, həyata keçirilən iqtisadi və sosial siyasətin məqsədi Azərbaycan vətəndaşının rifahına xidmət etməkdir. Bu siyasət cəmiyyətin bütün təbəqələrini əhatə etsə də, sözügedən istiqamətdə tədbirlər müəyyənləşdirilərkən sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlara üstünlük verilir».
Yazıda həmin iclasda görülən işlərlə bağlı dövlət başçısının çıxışından sitat də gətirilir: «Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı, 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər...».
Müəllif yazıb ki, dövlətin ən çox vəsait xərclədiyi sosial təbəqələrdən biri də qaçqın və məcburi köçkünlərdir: «İndiyədək 300 min qaçqın və məcbur köçkün ailəsinin evlə təmin olunması adi fakt deyil. Təkcə ötən il 5 min 800 köçkün ailəsinə mənzil verilib. Cari ildə də bu proses davam edəcək. İlkin hesablamalara görə, bu il 5 min köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Lakin bu, son hədd deyil. Ola bilsin ki, ehtiyacı olan daha çox məcburi köçkün mənzillərlə təmin edilsin».
Müəllif sona doğru da yazıb ki, iqtisadiyyatın inkişafı, xüsusilə qeyri-neft sektoru sahəsində qazanılan uğurlar əhalinin məşğulluq probleminin həllində xüsusi rol oynayır.