Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Putini Belqradda təntənəli qarşıladılar (VIDEO)


Bəzi serblər Putini Belqradda belə qarşılayıblar
Bəzi serblər Putini Belqradda belə qarşılayıblar

Rusiya prezidenti Vladimir Putinin Serbiyaya dövlət səfəri təntənəli qarşılanma mərasimi ilə başlanıb.

Səfərdən məqsəd Avropa İttifaqına qoşulmaq istəyən bu Qərbi Balkan ölkəsi ilə Moskvanın münasibətlərini möhkəmlətməkdir.

Yanvarın 17-də Putini Belqradın Nikola Tesla hava limanında Serbiya prezidentiAleksandar Vucic qarşılayıb, paytaxt boyunca Rusiya və Serbiyanın dövlət bayraqları və plakatlar asılıb.

Plakatlardan birində "Xoş gəlmisiniz hörmətli prezident Putin, əziz dost!” yazılıb.

Serbiyaya rəsmi dövlət səfərində olan Rusiya prezidenti Vladimir Putin Kosovonu ordu yaradılması da daxil, təxribatçı tədbirlərə əl atmaqda ittiham edib.

Yanvarın 17-də Serbiya prezidenti Aleksandar Vucic-lə danışıqlardan sonra Belqradda keçirilən birgə mətbuat konfransında Putin deyib ki, Kosovonun atdığı addımlar Serbiyada gərginliyi yüksəldib və bütün regionu sabitsizləşdirə bilər.

NATO 1999-cu ildə etnik albanların qətliamının və qovulmasının qarşısının alınması üçün Serbiya qüvvələrinə hava zərbələri endirdikdən sonra Berlqrad Kosovo əyaləti üzərində nəzarətini itirib.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edəndən bəri Belqradla Priştina arasında münasibətlər gərgin olaraq qalır. ABŞ başda olmaqla 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya və Serbiya isə bunu etməkdən imtina ediblər.

Putin deyib ki, Kosovonun ordu yaratmaq qərarı qanunsuzdur.

Serbiyada Putin tərəfdarlarının bir qrupu
Serbiyada Putin tərəfdarlarının bir qrupu

Kosovo parlamenti dekabrın 14-də 2500 nəfərlik Kosovo Təhlükəsizlik Qüvvəsini 5000 əsgəri qüvvəsi olan nizami orduya çevirmək qərarı qəbul edib.

Belqrad və Kosovonun 120 minlik etnik serb əhalisi Kosovoda ordu yaradılmasının əleyhinə çıxırlar. Onalrın fikrincə Kosovoda ordu yaradılması BMT qətnamələrinə ziddir və serb əhalisinə qarşı istifadə edilə bilər. Priştina bu iddiaları rədd edir.

Putin bildirib ki, BMT qətnamələri Kosovoda BMT kontingentindən başqa hər hansı silahlı birləşmələrin yaradılmasını qadağan edir.

Birləşmiş Ştatlar Kosovonun ordu yaratmaq təşəbbüsünü dəstəkləsə də, NATO qərarın bir qədər “vaxtsız” olduğunu bəyan edib.

Putin bu qənaətdə olduğunu bildirib ki, Serbiya və Kosovo arasında Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar arzu olunan nəticələri verməyib.

Vucic də Belqrad və Priştina arasında daha yaxşı münasibətlərə ümid etdiyini bildirib, lakin deyib ki, bunun tezliklə baş verəcəyinə inanmır.

Putin Serbiyanı Moskvanın orbitinə çəkir

Rusiya lideri bildirib ki, o Serbiya və Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasına dair sazişin bu il imzalanacağına ümid edir.

Putin deyib ki, Moskva çoxşaxəli TürkAxını boru kəmərinin Serbiyadan keçməsi üçün infrastruktur yaradılmasına 1, 4 milyard dollar investisiya yatırmağa hazırdır.

TürkAxını Rusiya qazını Qara dənizin dibindən keçməklə Türkiyəyə nəql edir və tikintisi ləğv olunmuş Cənub Axını layihəsini əvəzləyib.

Rusiyanın dövlət Gazprom şirkəti bildirib ki, o Serbiyaya və Avropa İttifaqı üzvü olan Bolqarıstan, Yunanısdtan, İtaliya və Macarıstana TürkAxını ilə nəql olunan qazın potensial bazarı kimi baxır.

Birləşmiş Ştatlar isə xəbərdarlıq edir ki, Rusiya bu qaz kəmərindən özünün regionun enerji təhlükəsizliyi üzərində nəzarətini bərqərar etmək üçün istifadə etməyə çalışır.

Belqradın Qərblə Moskva arasında balanslı siyasəti

Putin birgünlük səfəri ərzində Serbiyanın ən böyük pravoslav məbədi – müqəddəs Sava Kilsəsini ziyarət edib. Belqradın ən mötəbər xarici qonaqları adətən bu məbədə baş çəkirlər.

Rusiya və Serbiyanı slavyandillilik və pravoslavlıq yaxınlaşdırır. Buna baxmayaraq Serbiya özünün Avropa İttifaqına inteqrasiya istəyini Moskva ilə bağların saxlanması ilə balanslaşdırmağa çalışır.

Bunun üçün Serbiya Avropadan bir qədər fərqli mövqe tutmağa məcbur olub. Belqrad Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, bunun müqabilində Moskva Kosovonun müstəqilliyini tanımayıb.

Moskva habelə Belqradla güclü hərbi bağlar qurmağa can atır. Rusiya Serbiyaya silah satmaqla yanaşı, bu ölkə ilə birgə hərbi manevrlər keçirir.

Buna baxmayaraq Serbiya əhalisinin böyük bir hissəsi ölkələrinin gələcəyini Rusiya ilə yox, Avropa ilə görür.

***

Yanvarın 17-də Rusiya Prezidenti Vladimir Putin Serbiyaya səfərə gedir. O, 2013-cü ildən bəri serbiyalı həmkarı Aleksandar Vucic-lə artıq 14-cü görüşünü keçirəcək.

Serbiya və Rusiya arasında uzun müddətli iqtisadi, mədəni və dini münasibətlər kök salıb. Belqrad Moskvaya tarixi əlaqələrini Avropa Birliyi kimi Qərb təşkilatlarına qoşulmaq arzusuyla balanslaşdırmalı olur.

Serbiya Qərbin Moskvaya qarşı iqtisadi sanksiyalarını rədd edib. Rusiya isə Serbiyanın keçmiş vilayəti olan Kosovonun müstəqil dövlət kimi tanınmamasında Belqradı dəstəkləyir.

Rusiya Belqradla güclü hərbi əlaqələr yaradıb, onu ağır texnikayla təchiz edir, Serbiya qüvvələri ilə birgə manevrlər keçirir.

Ancaq serblərin çoxu AB-nin onlar üçün Rusiyadan daha yaxşı gələcək model olmasına inanır. Bunu London İqtisadiyyat Məktəbinin professoru James Ker-Lindsay deyir.

Kosovonun Şimali Mitrovitsa bölgəsində Rusiya bayrağı, 17 yanvar, 2019-cu il
Kosovonun Şimali Mitrovitsa bölgəsində Rusiya bayrağı, 17 yanvar, 2019-cu il


PUTİNİN İRADI

Səfəri ərəfəsində Putin Birləşmiş Ştatları və digər Qərb ölkələrini tənqid edib, deyib ki, onların siyasətinin “məqsədi regionda dominantlığı təmin etməkdir və bu, sabitsizlik yaradan böyük faktordur”.

Serbiya qəzetlərinin yanvarın 16-da dərc etdiyi müsahibədə Putin deyib ki, Monteneqronun “müvafiq referendum” keçirmədən 2017-ci ildə NATO-ya üzv olması bu Balkan ölkəsndə “siyasi sabitsizliyə” aparıb.

Amma Monteneqronun NATO-ya qoşulması Moskvaya təzyiqi artırıb, onu Belqradla münasibətlərin sıxlaşdırmağa vadar edib. Elə Makedoniyanın Yunanıstanla mübahisəsini bitirməsi yönündə irəliləməsi də buna təsirini göstərib. Makedoniyanın ad məsələsinin həlli Skopyenin AB və NATO üzvlüyünə yolunu aça bilər.

Rusiya “daim Balkanlara konstruktiv əməkdaşlıq məkanı kimi baxıb və strateji tərəfdaş olan Serbiyanın yeri özəldir”, – Putin deyib.

Putin ötən həftə Vucic-i Aleksandr Nevsky Ordeni ilə təltif edib. Bu mükafat dövlət qulluğunda azı 20 il çalışanlara verilir, əcnəbilərə nadir hallarda təqdim olunur.

Mükafatın Vucic-ə səfər zamanı təqdim olunacağı gözlənir.

Bu arada Putin serblər arasında populyarlığı yüksəkdir. Faktor Plus-un keçirdiyi sorğu respondentlərin 57 faizinin Rusiya liderini ən etibarlı xarici siyasətçi saydığını üzə çıxarıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG