Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Putin Birləşmiş Ştatların Balkanlarda ‘sabitsizlik yaratdığını’ deyir


Vladimir Putinin şəkli olan divar saatı, Serbiya
Vladimir Putinin şəkli olan divar saatı, Serbiya

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ştatların Balkanların “regionda dominant rolunu qorumaqla” sabitsizlik yaratdığını iddia edib. Putin bunu Serbiya qəzetlərinə müsahibələrində dilə gətirib.

Serbiyanın “Vecernje Novosti” və “Politika” qəzetləri yanvarın 15-də Putinlə müsahibələr dərc edib. Rusiya prezidenti bu həftənin sonunda Serbiyaya səfər etməlidir. Onun dediklərini Kremlin vebsaytı da dərc edib. ​

MONTENEQRO NATO ÜZVLÜYÜNƏ “SÜRÜKLƏNİB”

Putinin dedikləri Moskvanın Serbiyayla tarixən sıx əlaqələri olduğunu bir daha ortaya qoyur, eləcə də Moskvanın Qərbin nüfuzundan narahatlığını sərgiləyir. Bu arada Vaşinqton və onun Avropadakı müttəfiqlərindən bəziləri məhz Rusiyanın regionda sabitsizlik yaratdığını deyir, özəlliklə Monteneqro, Bosniya-Herseqovina, Makedoniyanın adını çəkir.

Putin müsahibələrində NATO-nun 1999-cu ildə Kosovo müharibəsi zamanı Serbiyanı bombalamasını, Kosovonun 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik elan etməsini yada salır.

Kosovonun müstəqilliyini Serbiya və Rusiya pisləyib, Qərb ölkələri isə qəbul edib.

Vladimir Putin (sağda) və Aleksandar Vucic, arxiv fotosu
Vladimir Putin (sağda) və Aleksandar Vucic, arxiv fotosu

“Balkanlardakı durumu gəlincə, Birləşmiş Ştatların və bir sıra digər Qərb ölkələrinin siyasəti onların dominant rolunu təsdiqləməyə çalışır və bu da əsas sabitsizlik yaradan faktordur”, – Putin deyib.

O, Monteneqronun “NATO üzvlüyünə sürükləndiyini” vurğulayıb.

“Sonucda bu ölkə siyasi sabitsizlik dönəmi yaşayır”, – Putin deyib.

QƏRB SERBİYA SƏFƏRİNİ YAXINDAN İZLƏYİR

Monteneqro Birləşmiş Ştatlar və digər ölkələrlə birlikdə Rusiyanı 2016-cı ildə ölkədə dövlət çevrilişi cəhdini dəstəkləməkdə suçlayıb. Monteneqro parlamenti 2017-ci ilin aprelində alyansa qoşulmağa yekdilliklə səs verib.

“Dəfələrlə demişik ki, NATO-nun genişlənmə siyasətini Soyuq Müharibənin qalığı, yanlış və dağıdıcı hərbi və siyasi strategiya sayırıq”, – Putin vurğulayıb.

Putinin Serbiyaya səfərini Qərb yaxından izləyir, Moskvanın keçmiş Yuqoslaviyaya dair niyyətlərinə dair ipucu axtarır.

Moskvanın Makedoniyada da ictimai rəyə təsir göstərməyə çalışdığı iddia olunur. Bu ölkə Yunanıstanla tarixi razılaşma əldə edib, NATO və Avropa Birliyi üzvlüyünə yolu açıla bilər.

Təhlilçilər Putinin birgünlük səfərinin pik nöqtəsinin Belqraddakı Müqəddəs Sava pravoslav məbədinə səfər olacağını deyirlər.

Tədbir iştirakçılarının məlumatına görə, Putin serbiyalı həmkarı Aleksandar Vucic ilə birlikdə Müqəddəs Sava-da “qardaşlıq əlaqələrinin simvolu olaraq” minlərlə adam qarşısında çıxış edəcək.

Putinin səfəri yanvarın 17-də başlanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG