Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 08:25

Azərbaycan və Ermənistan liderləri ilə görüş nəzərdə tutulur


Paris danışıqları

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.

Bu fikir ATƏT-in Minsk qrupu həmsədrlərinin Paris görüşlərinin nəticələri ilə bağlı yaydıqları bəyanatda yer alır.

Bəyanatda vurğulanır ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Sxofer (ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazir vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Sənədə görə, həmsədrlər nazirlərlə əvvəlcə ayrıca, sonra isə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Bəyanatda deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

Bəyanatda habelə vurğulanır ki, danışıqlar prosesinə güclü müsbət dinamika verməkdən ötrü Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsi də nəzərdən keçirilib.

Son olaraq, həmsədrlər bəyanatda yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırdıqlarını da ifadə ediblər.

Xatırlatma

Yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş Parisdə baş tutub. Bu görüş 2019-cu ildə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində tərəflərin ilk təmasıdır.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-cı ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

XS
SM
MD
LG