“Ötən il Ermənistan rəhbərliyi dəyişdi. Bu səbəbdən bizim Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlərin işinə töhfəmiz tanışlıq görüşləri ilə məhdudlaşdı”. Bunu Rusiyanın Xarici işlər naziri Sergei Lavrov yanvarın 16-da keçirdiyi illik mətbuat konfransında deyib.
“İnanıram ki, Bakının münaqişənin həllinin tapılmasına hazır olmasıyla bağlı bəyanatları bütün mümkün dəstəyə layiqdir. Ermənistanlı dostlarımızın eyni ruhda cavab verəcəyinə ümid edirik”, – o, sözlərinə əlavə edib.
Ötən ilin mayında Ermənistandakı küçə etirazları nəticəsində ölkəni 10 il prezident kimi idarə etmiş Serzh Sarkisian baş nazirlikdən getməli olub, müxalifət lideri Nikol Pashinian hakimiyyətə gəlib.
***Buna da bax: Nazir: 'Azərbaycanlı və erməni icmaları arasında təmaslar vacibdir'
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-cı ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ötən ilin sonunda deyib ki, «2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacağına» ümid edir.
***Buna da bax: Azərbaycan Ermənistanla təmas yaratmaq istəyir? – Qərb mediası
Prezident İlham Əliyev isə Yeni il təbrikində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyində qaldığını, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu bəyan edib: «Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır».