Azərbaycanda son vaxtlar bəzi kadr dəyişiklikləri, ritorikanın yumşalması, müsbət bəyanatlar Bakının Ermənistanın yeni hakimiyyəti ilə təmas qurmaq istəyini göstərir. Bunu “Eurasianet” portalında Joshua Kucera yazır.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin dekabrda yazdığı bir tviti misal çəkir: “2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yeni təkan verəcək”. Bundan başqa Bakıda xarici siyasət aparatında bəzi dəyişikliklərin də Bakının dialoqa hazır olmasının əlamətləri kimi yozur. Dekabrın sonunda gənc diplomat Tural Gəncəliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri seçilib.
Ondan öncə isə Hikmət Hacıyev Prezident Administrasiyasında xarici siyasət məsələləri şöbəsinin müdiri təyin olunub. Hacıyev Xarici İşlər Nazirliyinin sözçüsü kimi çalışarkən Ermənistana qarşı sərt bəyanatları ilə tanınsa da, Bakıda ermənilərlə daha çox ünsiyyət qura biləcək şəxs sayılır. Müəllif Gəncəliyev və Hacıyevdən şərh ala bilməyib.
“Görünür, bütün bunlar Ermənistanda yeni rejimə, keçmiş prezident Serzh Sarkisian-ın devrilməsinə bir reaksiyadır. Sarkisian qarabağlı idi, müharibə veteranıydı və Bakıda onu Qarabağda ermənilərin sərt mövqeyinin təcəssümü sayırdılar… Hakimiyyətə Nikol Pashinian-ın gəlməsi isə, Bakının mövqeyincə, münaqişənin həlli üzrə danışıqlarda dalandan çıxmaq fürsəti yaradır”, – müəllif yazır.
“Azərbaycanlılar Pashinian və komandasına azacıq üz göstərirlər ki, durumun dəyişib-dəyişməyəcəyini yoxlasınlar. Bütün bunlar kiçicik addımlar, geri oxuna bilır, amma uzun illərin kontekstində tamamilə müsbətdir”, – bunu isə Karnegi Avropa fondundan Qafqaz üzrə ekspert Tom de Waal deyib.
Müəllifin fikrincə, Gəncəliyevin təyinatı Pashinian-ın Dağlıq Qarabağ ermənilərini danışıqlara cəlb etmək cəhdlərilə bağlıdır. Bakı bu cəhdləri rədd edir, Qarabağ hakimiyyətini qanunsuz, Yerevanın oyuncağı sayır. “Azərbaycan bunun əvəzində Gəncəliyevin qrupunu Qarabağın de-fakto erməni hakimiyyətinə həmkar kimi irəli sürür”, – məqalədə deyilir.
Bu təyinat “sülh prosesini illər boyu zəhərləmiş təcavüz ritorikası, təhdidlər çıxaraq əsl dialoqa başlamağa yönəlik bir cəhd də ola bilər. Bu addıma çox ümid bəsləmək üçün də tezdir, amma qarşılıqlı əməkdaşlıq və dialoqa doğru istənilən addım alqışlanmalıdır”, – yerevanlı təhlilçi Richard Giragosian deyir.
Yaşlılar saxta xəbərləri daha çox paylaşırlar
Yaşı 65-dən yuxarı və mühafizəkar Facebook istifadəçiləri bu platformada saxta xəbərləri gənclərdən və daha liberallardan artıq yayırlar. Bunu yeni araşdırma üzə çıxarıb.
Princeton Universiteti və Nyu York Universitetinin tədqiqatçıları 1200-dək adamın Facebook postunu təhlil edib. Onlar ABŞ-da 2016-cı ilin prezident seçkisindən sonra yaydıqları informasiyanın tədqiqinə razılaşıblar.
Respondentlərin Facebook-da paylaşdığı linklər saxta informasiyaları ilə tanınan vebsaytlarla tutuşdurulub. Araşdırma respondentlərin 8,5 faizindən də azının həmin vebsaytlardan link paylaşdığını ortaya qoyub. Di gəl, linkləri paylaşanlar daha yaşlılar, özlərini siyasi spektrdə mühafizəkar sayanlardır.
Siyasi mənsubiyyətindən asılı olmayaraq, yaşı 65-dən yuxarı olanlar 18-25 yaşlılara nisbətən “saxta xəbər domenlərindən yeddi dəfə artıq məqalə” paylaşıblar.
“Saxta xəbərlərin paylaşılmasına başqa demoqrafik xüsusiyyət bunca davamlı təsir göstərməyib”, – müəlliflər yazırlar.
“Görünür, 60 yaşlarından və ondan yaşlı amerikalılar internetdə qarşılarına çıxan xəbərlərin etibarlılığını müəyyənləşdirməkdən ötrü rəqəmsal media savadına malik deyillər”, – hesabatda vurğulanır.
Müəlliflər yaddaşın zəifləməsini da mümkün səbəb kimi görürlər.
Beş ilə ağcaqanadların çoxalması önlənə bilər
İldə yüzminlərlə adamın ölümünə səbəb olan malyariya və digər xəstəlikləri önləmək məqsədilə “ağcaqanadların çoxalmasına qarşı” dərmanın hazırlanmasında böyük bir addım atılıb. Bunu Birləşmiş Ştatların alimləri bu həftə bildirib.
Arizona Universitetinin tədqiqatçıları dişi ağcaqanadlara məxsus protein aşkarlayıblar. Alimlər bu proteinin bloklayanda dişi ağqanadların yumurtaları qüsurlu olur və embrionlar içəridə ölür.
Alimlər deyirlər ki, bu proteinə qarşı dərmanın hazırlanması məhz ağcaqanadların azalmasını təmin edə bilər, zəhmətkeş və faydalı arılara ziyan vurmaz.
“Bu çox vacib kəşfdir. Həqiqətən həyəcanlıyıq”, – universitetin kimya və biokimya departamentinin rəhbəri Roger Miesfeld “Reuters”ə deyib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadları dünyada ən çox ölümə səbəb olan həşəratlardan sayır, malyariyaya qarşı qlobal tədbirlərin son illər səngiməsi xəbərdarlığını edir.
2016-cı ildə 216 milyon nəfər malyariyaya yoluxub, onlardan 445 mini ölüb. Ölənlər əsasən Saharaaltı Afrikada körpələr, uşaqlardır.
ÜST ağcaqanadların yaydığı digər xəstəliklərin də son on illər ərzində 30 dəfə artdığını bildirir.